Məhkəmə qərarları › İş №2(103)-815/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-815/2020

07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-815/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Dinara Əliyevanın iştirakı ilə, İddiaçı İKB ASC-nin (hazırkı adı – “xxxxxxxxx” ASC) cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcu və ipotekaya yönəltmə tələbinə dаir Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1404/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1 X3 (hazırkı adı – “xxxxxxxxx” ASC, bundan sonra – Bank) cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 15481,42 ABŞ dolları əsas borc, 8971,25 ABŞ dolları faiz borcu, 2889,28 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 324,65 ABŞ dolları olmaqla, cəmi 27666,6 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 36 nömrəli evin 3a nömrəli mənzilinə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına Banka olan borcun ödənilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, 15481,42 ABŞ dolları əsas, 7700,87 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış 324,65 ABŞ dolları faiz borcunun və 300 ABŞ dolları dəbbə pulu, cəmi 23806,94 ABŞ dolları borcun Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 88000 manat müəyyən edilməsi və açıq hərraca çıxarılması, satışdan əldə edilən vəsait hesabına borcun Banka ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 verilməsi, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddiaçı tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi əsaslandırılmayıb, təkrar ekspertiza keçirilməsi barədə vəsatətləri təmin olunmayıb. Məhkəmə əsassız olaraq əsas, faiz və cərimə borcunu azaldıb. Ona görə də qətnamə qismən – iddianın təmin olunmayan hissəsində ləğv olunmalı və iddianın tam təmin edilməlidir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin faiz və ipoteka predmetinin ilkin satış qiyməti ilə razı deyil və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilməlidir. Kredit müqaviləsi üzrə pul dollarla verilmiş, baş vermiş devalvasiya nəticəsində şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu səbəbdən öhdəliklərini yerinə yetirə bilmədiyi üçün kredit müqaviləsi ləğv olunmalı idi. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirməyib. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi təmsil etdiyi şəxsin şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissəsinin, faiz borcunun və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı və Cavabdeh1 apellyasiya şikayətlərində qətnaməni yalnız həmin hissələrdə mübahisələndirmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, Bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 19-G1-1-0-500-15 saylı kredit müqaviləsinə əsasən, Bank borcalana 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 20000 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli və saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı olaraq ipoteka predmeti ipoteka ilə yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2019-cu il tarixə Banka tələb edilən məbləğdə borcu hesablanmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tаriхli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixinə Cavabdeh1 Banka əsas borcu 17703,98 ABŞ dolları, faiz borcu 7700,87 ABŞ dolları, 5% dərəcəsi ilə hesablanmış faiz borcu isə 368,83 ABŞ dolları təşkil edir. “X4” MMC-nin xx xxxxxxxx 2019-il tarixli hesabatına əsasən, ipoteka predmeti olan mənzilin bazar dəyəri 88000 manat müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 445.7, 448.1, 449.1, 449.2, 449.3 və 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 34.1.1, 39.2, 39.3, 41.2 və 59.3-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən irəli gələn, iddia tələbi həcmində əsas və 5% dərəcəsi ilə hesablanmış zərər (əlavə faiz), ekspert rəyinə əsasən müəyyən edilmiş faiz borcu və azaldılmış cərimə borcu Bankın xeyrinə tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas təşkil etmir. İddiaçının apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. İddiaçı ekspert rəyini hansı səbəbdən əsassız hesab etdiyi barədə hər hansı ağlabatan dəlillə istinad etməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinadla haqlı olaraq tənasübsüz surətdə yüksək 2889,28 ABŞ dolları cəriməni 300 ABŞ dollarına azaltmışdır. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Yuxarıda qeyd olunduğu kimi faiz borcu ekspert rəyi əsasında, həmçinin ipoteka predmetinin oilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilmişdir. Cavabdeh ipoteka predmetinin daha yüksək olduğu barədə hər hansı sübut (alternativ rəy) təqdim etməmişdir. Şikayətin digər dəlili ilə bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair x xxxxxxxx 2018-ci il tarixli qərarına müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndərilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1404/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində, faiz borcunun və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar