Məhkəmə qərarları › İş №2(103)-8153/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8153/2020

16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8153/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2635/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx xxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə ayda 170 manat sabit pul məbləğində alimentinonun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə, xx xxx 2015-ci il təvəllüdlü X4 və 07 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı iqtisadi çətinliklər dövründə cavabdehin hər ay ödədiyi 140 manat aliment yetərli deyildir. Bu səbəbdən uşaqlara sərf olunan xərclər artdığı üçün alimentin artırılmasına ehtiyac vardır. Özü heç bir yerdə işləmir və pula böyük ehtiyacı var. Cavabdeh isə uşaqların normal saxlanmasına və onların əlavə xərclərinə heç bir köməklik göstərmir. Azyaşlı Ayla hazırda xəstədir və onun müalicəsi üçün pul lazımdır. Cavabdeh həm rəsmi əmək haqqı alır, həm də əlavə işlər görməklə gəlir əldə edir. Həmçinin, cavabdehin anası pensiya, qaçqın olmalarına görə müavinət alır və özü də işləyir. Bundan başqa, o, məhkəmə qaydasında cavabdehin evinə köçürülsə də, münasibətləri gərgin olduğundan orada yaşamaq qeyrimümkündür. Ona görə də kirayədə yaşamağa məcbur olacaqdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2635/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-3863/2019 №-li qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx xxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və iddiasının tam təmin olunmasını xahiş edən iddiaçı şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərini pozmuş, uşaqlar üçün yaşayış minumumunun 170 manat müəyyənləşdirildiyini, həmçinin cavabdehin maddi imkanlarının yüksək olduğunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh isə apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə də iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-3863/2019 №-li qətnaməsinə əsasən X6 ilə Cavabdeh arasında xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 999 №-li akt qeydli nikahın pozulması, xx xxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxx 2016-cı il təvəllüdlü X5 anası X2 himayəsində saxlanılması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(008)-3863/2019 №- li qərardadı nəzərə alınmaqla, xx xxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh iddiaçı X2 xeyrinə, xx xxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay 140 (yüz qırx) manat, həmçinin xx xxxxxx 2016-cı il təvəllüdlü X5 üç yaşına çatanadək saxlanması üçün hər ay 40 (qırx) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(103)-14115/2019 №- li qətnaməsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-3863/2019 №-li qətnaməsi xx xxxxxx 2016-cı il təvəllüdlü X5 üç yaşına çatanadək saxlanması üçün hər ay 40 (qırx) manatın Cavabdeh tutularaq X3 ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “xxxxxxxx” MMMC-də fəhlə işləyir və aylıq əmək haqqı 403 manat təşkil edir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Sabunçu Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən hər uşağa 140 manat aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2020-ci il üçün artırılaraq 170 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin məbləğinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Uşağın iddiaçının himayəsində olmasını, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının məhz iddiaçı tərəfindən çəkildiyini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətli deyildir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə ləğv edilərək, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavadehdən hər ay hər uşağa görə sabit pul məbləğində 170 (yüz altmış) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində alimentin alınaraq iddiaçıya verilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2635/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinin müəyyən edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul ediliməklə iddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 3863/2019 №-li qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx xxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar