Məhkəmə qərarları › İş №2(103)-816/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-816/2024

01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-816/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, əmlakı kirayəyə götürən şəxsin məsuliyyəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və məhkəmə xərclərinin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil xx.xx.2013-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçı ilə Türkiyə Respublikasının vətəndaşı Cavabdeh arasında həmin mənzilin sonuncuya ayda 350 manat müqabilində kirayəyə verilməsinə dair şifahi razılaşma olmuş, Cavabdeh 2020-ci ilin ortalarında ailəsi ilə birlikdə sözügedən mənzildə yaşamağa başlamışdır.

3. xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində mənzilə və mənzildə olan əşyalara ziyan dəymişdir.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilən 04 noyabr 2022-ci il tarixli qərarla, mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar İddiaçı əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.

5. X13 Xidmətinin 2-ci Ərazi X13 İdarəsinin xx.xx.2022-ci il tarixli aktında göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus 6 nömrəli mənzildə yanğına səbəb mənzilin elektrik təsərrüfatında baş vermiş qısaqapanma olmuşdur.

6. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3991 saylı rəyində göstərilmişdir ki, yanğın nəticəsində tədqiqat olunan mənzil üzrə dəymiş maddi zərər 5040 manat təşkil edir.

7. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6480 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş məlumata əsasən əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji malların qiymətinə müvafiq olaraq 9 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri hesablama yolu ilə zədələnməmişdən əvvəl normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1900 manat müəyyən edilir.

8. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3989 saylı rəyində göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən 6 nömrəli mənzildə baş vermiş yanğının mənbəyi, mənzilin mətbəx otağının tavan hissəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək mənzilin digər hissələrinə yayılmışdır. Yanğın mənbə zonasındakı gərginlik altında olan elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş vermişdir. “Yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ N02- 2002) 1.2 bəndinə əsasən mənzilin elektrik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların keçirilməsi, eləcə də elektrik qurğuları qısaqapanmalardan və yanğın törədə bilən digər qeyri-normal vəziyyətlərdən müdafiə olunması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Fərdi qarajlar, mehmanxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”-nın (YTQ N02-2002) 2.3.3.1, 2.3.3.2. 2.3.5 bəndlərinin tələbləri mənzilin sahibi tərəfindən pozulmuşdur.

9. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh Hasan oğlu göstərmişdir ki, “2007-ci ildən Azərbaycan Respublikasına gələrək iş fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2020-ci ilin may ayında ailəsi ilə birlikdə müvəqqəti yaşamaq üçün Bakı şəhərində mənzil axtarmış və təzə tanış olduğu adını unutduğu şəxs ona bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən 6 saylı, 1 otaqlı mənzili qardaşı İddiaçı 350 manata icarəyə verir. Mənzil iş yerinə yaxın olduğu üçün həmin şəxslə onun qardaşına məxsus mənzilə gedərək baxış keçirmiş, şifahi olaraq müqavilə bağlamadan razılığa gələrək və kirayə pulunu ona təqdim edib, mənzilin açarlarını təhvil almışdır. Bir neçə gün sonra ailə üzvlərini də həmin mənzilə gətirərək orada yaşamağa başlamışlar. 20 gündən sonra ailə üzvlərini Türkiyə Respublikasına müvəqqəti yaşamaq üçün göndərmişdir. 2020-ci ilin sentyabr ayında bacanağı, Qax rayon sakini X2 ondan xahiş etmişdir ki, kollecdə təhsil alan oğlu Vüsal Mustafayev onunla qalsın, o isə etiraz etməyərək razılıq vermişdir. 2022-ci ilin mart ayında ailə üzvlərinin gəlməsi ilə əlaqədar ünvan 5 ünvanda yerləşən 68 saylı mənzil 2 otaq olduğu üçün həmin mənzilə köçmüşdür. Lakin digər mənzilə köçməyi ilə əlaqədar nə İddiaçı, nə də qardaşına məlumat verməmişdir. İlhama məxsus mənzildən köçdükdən sonra bacanağının tanışlarının tələbə olan uşaqları həmin evə köçərək Vüsalla birlikdə yaşamağa başlamışlar. Mənzildə 3 nəfər tələbə uşaq qaldığından valideyinləri kirayə pulunu (350 manat) ona, o isə əlbə-əl İlhama vermişdir. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində iş yerində olan zaman İlhama məxsus, tələbələrin yaşadığı mənzildə yanğın baş verdiyini öyrənərək dərhal hadisə yerinə getmiş, mənzildə yanğın baş verdiyini və yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. Hadisə zamanı mənzildə heç kim olmadığından xəsarət alan olmamış, mənzilin mətbəxi tamamilə, hamam, dəhliz və otağın tavan hissəsi isə qismən yanğının təsirinə məruz qalmışdır. Mənzildə İlhama məxsus məişət əşayaları, uşaqlara məxsus isə pal-paltar yanğının və suyun təsirinə məruz qalmışdır. Yanğın zamanı özünə heç bir maddi ziyan dəyməmiş, heç kimə qarşı şikayəti, tələbi və ya iddiası yoxdur”.

10. Həmin araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, “...xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikası vətəndaşı Cavabdeh ilə aralarında şifahi razılaşaraq mənzili ona icarəyə vermiş və Mehmet orada arvadı ilə yaşamışdır. 2021-ci ilin noyabr ayında Mehmet qardaşı X4 mobil telefonuna zəng vurub mənzilin onlara əl vermədiyini bildirərək, yeni mənzilə köçəcəyini bildirmişdir. Bir müddət sonra Mehmetin mobil telefonu ilə əlaqə yaradaraq mənzildən çıxıb-çıxmamasını dəqiqləşdirdikdə, Mehmet artıq bu fikirdən daşındığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində ərazi üzrə MİS-in rəisi mobil telefonuna zəng vuraraq ona məxsus mənzildə yanğın baş verdiyini bildirmişdir. Dərhal Mehmetin mobil telefonuna zəng vuraraq hadisə ilə bağlı maraqlandıqda, mənzildə baş vermiş yanğın hadisəsini təstiqləmiş və mənzili 2021-ci ilin noyabr ayından tərk edərək digər yerdə yaşadığını və həmin mənzili öz tələbə olan qohumlarına icarə verdiyini bildirmişdir. Onun bu hərəkətinə iradını bildirərək hadisə yerinə getmiş, çatanda mənzildə yanğın baş verdiyini və yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. Hadisə zamanı xəsarət alan olmamış, mənzilin mətbəxi tamamilə, hamam, dəhliz və otağın tavan hissəsi isə qismən yanğının təsirinə məruz qalmışdır. Mənzildə özünə məxsus məişət əşayaları da yanğının və suyun təsirinə məruz qalaraq, ümumilikdə 15 000 manat maddi ziyan dəymişdir. Baş vermiş yanğın və dəymiş maddi ziyanla bağlı mənzilini şifahi razılaşma əsasında icarəyə verdiyi Mehmetdən şikayətçidir və dəymiş ziyanın onun tərəfindən ödənilməsini tələb edir. Mənzil sığorta olunmamışdır”.

11. Yanğın hadisəsinin araşdırılması zamanı izahatı alınmış X12 göstərmişdir ki, “2021-ci ildə oğlu Rəvan Qarayev ona bildirmişdir ki, rayon sakini Vüsal Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 2, mənzil 6-da xalasının əri Türkiyə vətəndaşı Memet adlı şəxslə qalır, həmin şəxs digər mənzilə köçəcəkdir deyə onun və qardaşının orada 215 manata qalmalarını təklif etmişdir. Oğluna gedib həmin bir otaqlı mənzilə baxış keçirməsini, yararlı olacağı təqdirdə həmin pulu verməyinə razı olacağını bildirmişdir. Oğlu Rəvan qardaşı Akiflə mənzilə baxış keçirərək yaşayışa yararlı olduğunu bildirmişlər. Vüsal vatsap vasitəsi ilə Memetin adına olan bank kartının şəklini göndərmiş, həmin kartın hesabına əvəllcədən olaraq hər ay 215 manat vəsait köçürmüşdür. Bir neçə aydan sonra Vüsal təhsilim xaricdə davam etdirmək üçün mənzildən çıxmışdır. xx.xx.2022-ci il tarixdə rayonda olan zaman oğlu Akif mobil telefonuna zəng vuraraq kirayədə qaldıqları mənzildə yanğın baş verdiyini bildirmişdir. Dərhal rayondan çıxaraq Bakı şəhərinə, hadisə yerinə gəlmiş, Memetdən kirayəyə götürdüyü mənzildə yanğın baş verdiyini və yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. Hadisə zamanı xəsarət alan olmamış, mənzildə baş vermiş yanğına səbəb soyuducunun mühərrik hissəsində əmələ gəlmiş nasazlıq olmuşdur Hadisə zamanı oğlanlarına təxminən 400 manat məbləğində maddi ziyan dəymişdir, baş vermiş hadisə və dəymiş ziyanla bağlı şikayət və tələbləri yoxdur.

12. Hadisə ilə bağlı izahatı alınmış X10 göstərmişdir ki, “2021-ci ilin avqust ayında uşaqlıq dostu, rayon sakini X5 ona bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 2, mənzil 6-da xalasının əri Türkiyə vətəndaşı Memet adlı şəxslə qalır, həmin şəxs digər mənzilə köçəcəyindən qardaşı Akiflə birlikdə 215 manata qalmalarını təklif etmişdir. Sentyabr ayının 18-i gedib həmin bir otaqlı mənzilə baxış keçirmiş və atasına mənzildə yaşamağın yararlı olduğunu bildirmişdir. Vüsal atası ilə maliyyə məsələlərini özü həll etdiyindən onların bu barədə heç bir məlumatları olmamışdır. Bir neçə aydan sonra Vüsal təhsilini xaricdə davam etdirmək üçün mənzildən çıxmış və orada özləri qalmış, atası isə kirayə pulunu Memetə ödəməyə başlamışdır. 2022-ci ilin aprel ayında dostu Yusifli İbrahim ona müraciət etmişdir ki, mənzildə şərait varsa onlarla qalsın. Ona razılığını bildirmiş və o həmin mənzildə yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində qardaşı Akif dərsə getmək üçün mənzili tərk etmiş, bir müddətdən sonra isə gəzmək üçün evi özü də tərk etmiş, mənzildə isə İbarahim qalmışdır. Saat 17 radələrində İbrahim onun idmanla məşğul olduğu yerə gələn zaman Memet mobil telefonuna zəng vuraraq yaşadıqları mənzildə yanğın baş verdiyini bildirmişdir. Dərhal İbrahimlə birlikdə hadisə yerinə gedərək mənzilin mətbəx otağında yanğın baş verdiyini və yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşlər. Hadisə zamanı xəsarət alan olmamış, mənzildə baş vermiş yanğına səbəb soyuducunun mühərrik hissəsində əmələ gəlmiş nasazlıq olmuşdur. Hadisə zamanı qardaşı ilə ona təxminən 400 manat maddi ziyan dəymişdir, baş vermiş hadisə və dəymiş ziyanla bağlı şikayət və tələbləri yoxdur”.

13. Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə ünvan 6 ünvanına müvəqqəti qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

14. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 15 000 (on beş min) manat məbləğində maddi ziyanın və tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 7 ünvanında yerləşən 6 saylı mənzil xx.xx.2013-cü il tarixdən şəxsi mülkiyyətindədir. Cavabdehlə xx.xx.2020-ci il tarixindən etibarən əldə etdikləri şifahi razılaşmaya əsasən sözügedən mənzili cavabdehə 350 (üç yüz əlli) manata kirayəyə vermiş, 2021-ci ilin noyabr ayında cavabdeh mənzildən çıxmaq istədiyini bildirsə də, daha sonra onunla əlaqə saxladığı zaman fikrini dəyişdirdiyini və kirayədə qalmağa davam edəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə 17:00 radələrində ünvan 7 ünvanında yerləşən 6 saylı mənzildə yanğın baş vermiş, bu barədə ona MKİS-in rəisi məlumat vermişdir. Bundan sonra cavabdehə zəng etdiyində isə, cavabdeh 2021-ci ilin noyabr ayında evi tərk etdiyini və tələbələrə kirayə verdiyini bildirmişdir. Yanğın nəticəsində mənzilin mətbəx otağı içərisindəki əşyalarla birlikdə yanğının təsirinə, mənzilin digər otaqları isə qismən tüstünün təsirinə məruz qalmışdır. Baş vermiş yanğın nəticəsində ona ümumilikdə 15 000 (on beş min) manat zərər dəymişdir. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş təhqiqatçısı, baş leytenant X6 tərəfindən çıxarılmış 04 noyabr 2022-ci il tarixli qərarda da göstərilmişdir ki, cavabdeh şifahi əqd əsasında aralarında olan razılaşmanı pozaraq mənzili onun icazəsi və xəbəri olmadan X8, X7, X3 215 (iki yüz on beş) manata kirayəyə vermişdir. Şəxsin iradəsi olduğundan əqd bağlanılmış hesab edilir və buna görə də evi üçüncü şəxslərə kirayə verərərkən onun razılığı alınmalı idi. Lakin cavabdeh özü də etiraf etmişdir ki, bu barədə kirayə verənin məlumatı olmamışdır. Bağlanılmış şifahi əqdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əmlak kirayə müqaviləsinin bəndləri tətbiq olunduğu zaman cavabdeh ona dəymiş zərəri ödəməlidirlər.

16. İştirak etdiyi məhkəmə iclasında izahat verən cavabdeh bildirmişdir ki, o, evdə olmağı zaman soyuducuda qısaqapanma baş vermiş, bunun nəticəsində yanğın olmuşdur. İddiaçının heç bir təqsiri yoxdur. Mənzili İlhamın qardaşı Zaurdan almış, ayda 350 manat kirayə pulu ödəmiş, mənzili başqalarına kirayəyə verməmişdir. Mənzili Bakıya oxumağa gələn qohumlarına müvəqqəti qalmaq üçün vermiş, qohumları pulu ona ödəmiş, o da İlhama vermişdir. Mənzil ona təhvil veriləndə mənzildə köhnə mətbəx mebeli, soyuducu və balaca bir televizor olmuşdur. İddiaçıya təklif etmişdir ki, danışsınlar, aralarında razılığa gəlsinlər. Mənzili kirayə pulu az olduğu üçün tutmuşdu, mənzilin işığı, elektriki, evin vəziyyətinin necə olması barədə yoxlanışları ev sahibi etməlidir. Buna görə də iddia tələbi rədd olunmalıdır.

17. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti 11 avqust 2023-cü il tarixli rəyində göstərmişdir ki, yanğın nəticəsində ünvan 7 ünvanında yerləşən 6 saylı mənzilə tikinti üzrə dəymiş maddi ziyan 8944.00 manat təşkil edir.

18. Məhkəmənin 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

19.1. İddiaçı ona məxsus mənzilə ziyanın birbaşa cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasını sübuta yetirə bilməmiş, iddiaçıya konkret olaraq cavabdeh tərəfindən ziyan vurulması halı müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı mənzili cavabdehə kirayəyə verdiyini iddia etsə də, bununla bağlı kirayə müqaviləsini məhkəməyə təqdim etməmişdir. 19.2. Məhkəmə iclasında eyni zamanda müəyyən edildi ki, cavabdeh ünvan 8 ünvanında yerləşən 6 saylı mənzildə bir müddət yaşamış, daha sonra başqa mənzilə köçmüş, mübahisəli mənzili digər şəxslərə kirayəyə vermiş, yanğın baş verən zaman mənzildə heç kim olmamışdır. 19.3. Göründüyü kimi, iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi ziyan vurulduğunu iddia etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi və məhkəmə baxışı zamanı bu, öz təsdiqi tapmadı. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

20. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 1096.1-ci, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14-cü, 76.1-ci və 76.2-ci maddələrinə istinad etmişdir.

21. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, mənzili kirayəyə götürmüş olması barədə cavabdehin özünün etirafını nəzərə almadığını, cavabdehin mənzili digər şəxslərə kirayəyə verdiyinin sübuta yetirildiyinə əhəmiyyət vermədiyini, işin müəyyən olunmuş hallarını təhrif etdiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

23. İddiaçının əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

29. Maddə 677.3. Kirayəçi kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə hər hansı uyğunsuzluqlar barəsində və ya əşyanı və ya onun istifadəçilərini gözlənilməz təhlükədən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində kirayəyə verənə dərhal bildiriş verməlidir. Bu, əşya barəsində üçüncü şəxslərin hüquqlarının bəyan edildiyi hallarda da qüvvədədir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur; kirayəyə verən kirayəçinin bildiriş verməməsi üzündən hər hansı qüsuru aradan qaldıra bilmədikdə, kirayəçinin bu Məcəllənin 677.1ci maddəsində müəyyənləşdirilmiş hüquqları həyata keçirmək hüququ yoxdur.

30. Maddə 683.1. Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin.

31. Maddə 683.2. Əgər kirayə müqaviləsi bağlandıqdan sonra yaşayış otağı kirayəçisinin həmin otağın bir hissəsini istifadə üçün hər hansı üçüncü şəxsə verməyə əsaslı marağı vardırsa, bunun üçün kirayəyə verəndən icazə almaq hüququna malikdir, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin, yaşayış otağı həddindən artıq yüklənməsin və ya kirayəyə verənin bu cür ikinci əldən kirayəyə adətən yol verdiyi ehtimal edilsin. Əgər kirayəyə verən bu cür ikinci əldən kirayəyə yalnız kirayə haqqının ağlabatan dərəcədə artırılması şərti ilə yol verirsə, icazə verməsini kirayəçinin belə artımla razılaşması ilə şərtləndirə bilər. Kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur.

32. Maddə 683.3. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır.

33. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər.

34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

36. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

37. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

47. İşin hallarından və həm iddiaçının, həm də cavabdehin bilavasitə özlərinin bildirdiklərindən (§ 9-12,15) görünür ki, cavabdeh, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzili iddiaçıdan kirayəyə götürmüş, bir müddət orada yaşadıqdan sonra mənzili öz qohumlarının istifadəsinə vermiş və həmin şəxslərdən aldığı kirayə məbləğini iddiaçıya özü ödəməyə davam etmiş, yanğın hadisəsi sözügedən şəxslərin orada yaşadıqları dövrdə elektrik qısaqapanmasından (yüksək təhlükə mənbəyinin təsirindən) baş vermişdir.

48. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin, “iddiaçı mənzili cavabdehə kirayəyə verdiyini sübuta yetirə bilməmişdir” qənaəti işin hallarına zidd olmaqla yanaşı, qətnamənin düzgün əsaslandırılmaması ilə nəticələnmişdir.

49. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

50. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

51. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmalıdır.

52. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində (§ 34) göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə; və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.

53. Qanunvericilikdə delik məsuliyyətinin yaranması və tətbiq edilməsi üçün ümumi prinsip kimi yuxarıda qeyd edilən 3 şərtin olması tələb edilsə də, bəzi hallarda məhdud delikt məsuliyyəti də yarana bilir. Bu, təqsirsiz delik məsuliyyəti adlanır ki, onun da ən bariz nümunəsi Mülki Məcəllənin 1108-ci maddəsidir (§ 36,37).

54. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur.

55. Beləliklə, yüksək təhlükə mənbəyinin sahibi üçün iki əlamət xarakterikdir – hüquqi əlamət; maddi əlamət.

56. Hüquqi əlamətin mahiyyəti ondan ibarətdir ki, yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbəyə sahiblik etməsi, yəni müvafiq fəaliyyəti həyata keçirməsi üçün hər hansı qanuni titula (qanuni əsasa) əsaslanması tələb olunur. Hər şeydən əvvəl bu cür qanuni titul kimi mülkiyyət hüququ və digər əşya hüququ çıxış edə bilər. Mülkiyyətçinin iradəsi ilə müəyyən obyektə sahiblik mülki-hüquqi müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə keçə bilər ki, bu zaman onlar həmin obyektin qanuni sahibi olurlar. Söhbət icarə, əmlak kirayəsi, saxlama, daşıma və digər müqavilələrdən, nəqliyyat vasitələrinin idarəedilməsi üçün verilmiş etibarnamələrdən gedir. Mülki-hüquqi müqavilə yüksək təhlükə mənbəyinin sahibliyinin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Sahibliyin keçməsi ilə əlaqədar yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət də yeni sahibə keçir.

57. Maddi əlamətin mahiyyəti ondan ibarətdir ki, təhlükəli obyektə faktiki sahiblik edən, öz sahibliyində real olaraq təhlükə mənbəyinə malik olan şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Bu əlamətə görə, zərər vurmaq xassəsinə malik olan obyektə, yəni yüksək təhlükə mənbəyinə faktiki sahiblik edən, bu obyektən istifadə edən şəxs vurulan zərər üçün məsuliyyət daşıyır. Maddi şərt yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

58. Cavabdeh mənzili kirayəyə götürdüyünü və sonradan onu başqa şəxslərin istifadəsinə verdiyini etiraf etdiyindən, iddiaçı müvafiq halları sübut etməkdən azad olunmuş sayılır (§ 41).

59. Mənzilin, cavabdeh tərəfindən istifadəyə verilmiş üçüncü şəxslərin istifadəsində olduğu dövrdə elektrik qısaqapanması nəticəsində mənzildə yanğın baş verdiyi və mənzilə ziyan dəydiyi də işin müəyyən olunan hallarıdır.

60. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, (§ 8), “Yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ N02-2002) 1.2 bəndinə əsasən mənzilin elektrik şəbəkələrinə vaxtıvaxtında profilaktiki baxışların keçirilməsi, eləcə də elektrik qurğularının qısaqapanmalardan və yanğın törədə bilən digər qeyri-normal vəziyyətlərdən müdafiə olunması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Fərdi qarajlar, mehmanxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”-nın (YTQ N02-2002) 2.3.3.1, 2.3.3.2. 2.3.5 bəndlərinin tələbləri mənzilin sahibi tərəfindən pozulmuşdur.

61. İşin müəyyən olunan halları o qənaətə gəlməyə əsas verir ki, yanğın baş verdiyi zaman yüksək təhlükə mənbəyinin (elektrik qurğularının, elektrik xəttlərinin və s.) olduğu mənzil, sahibliyin maddi əlaməti baxımından cavabdehin sahibliyində olmamışdır və buna görə də onu həmin hadisədən məsuliyyət daşıyan şəxs kimi qiymətləndirmək mümkün deyildir.

62. Kollegiya həmçinin hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumlarının məbləğləri onun özünə aid olunmalı, ekspertiza xərci isə ondan tutulub müvafiq hesaba köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1609/2023 saylı iş üzrə 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və məhkəmə xərclərinin əvəzinin ödənilməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar