Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8161/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Nubaxoviç, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Gülmirə Eliş qızının iştirakı ilə, İddiaçı Nubaxoviçin cavabdeh Əliyeva Gülmirə Eliş qızına qarşı “əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” ilkin, Əliyeva Gülmirə Eliş qızının cavabdeh İddiaçı Nubaxoviçə qarşı “əsassız varlanma və qeydiyyat vəsiqəsinin əslinin qaytarılması tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(011)-5464/2019 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Nubaxoviç cavabdeh Əliyeva Gülmirə Eliş qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 15485 ABŞ dolları əldən çıxmış faydanın, "Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi xidmətinə" ödənilmiş 200 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əliyeva X5 Dmitriy Nubaxoviçə qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsassız varlanmaya istinad edərək 5079,33 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 4A saylı evin 39 saylı mənzilin qeydiyyat vəsiqəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cu il tarixdə cavabdeh ona mənzilini 10000 ABŞ dollarına satmışdır. Müqavilədən bir müddət öncə sənədlərə baxdıqda onun özündən və azyaşlı oğlundan əlavə, atasının da mənzildə qeydiyyatda olduğunu görmüş, cavabdeh atasının rayonda yaşamasını qeyd etmiş və bu mənzillə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Anlaşmaya əsasən, alqı-satqı günü, atası X9 oglu qeydiyyatdan çıxacaq və mənzilin satışına razılıq verəcək, G.Əliyevaya pulunun "xxxxxxxxx" ASC-də valyuta hesabının depozitində olduğunu, mənzilin alışı ilə bağlı bir problem yaranarsa böyük məbləğdə pul itirəcəyini bildirmiş, onu əmin etmişdir ki, mənzilin alqı-satqısı ilə bağlı heç bir problem olmayacaq və bankdan pulu alsın, xx.xx.2003-cü il tarixdə Bakı şəhəri 38 saylı notariat ofisində G.Əliyeva növbəti dəfə atasının yaxın zamanda qeydiyyatdan çıxacagına söz versə də, alqı-satqı baş tutmamışdır. Müqavilə, mənzillə bağlı bütün sənədlərin (çıxarış, forma 1, forma 2, boşanma sənədi) cavabdeh tərəfindən ümumi etibarnamə ilə onun adına qeydiyyatı ilə yekunlaşmışdır. Əlavə olaraq, mənzilin alışı ilə bağlı ödədiyi məbləği qanuniləşdirmək üçün, aralarında borc müqaviləsi baglanmışdır. Bütün sənədlər rəsmi olaraq tərtib edilmiş və Bakı şəhəri 38 saylı notatiat ofisində qeydiyyatdan keçirilmişdir. Bundan sonra cavabdehə 10000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Bir müddət keçdikdən sonra, G.Əliyeva satdığı mənzili və ona ödədiyi 10000 ABŞ dollarını qaytarmayacağını bildirmiş və bundan sonra, aralarında uzun məhkəmə prosesləri başlamışdır. Apelyasiya Məhkəməsi Cavabdeh onun xeyrinə 10000 ABŞ dolları ekvivalentində 49.000.000 manat pulun tutulması barədə xx.xx.2004-ci il tarixli 1MK-4085/2004 saylı qətnamə qəbul etmiş, Ali Məhkəmənin xx.xx.2004 il tarixli qərarı ilə G.Əliyeva tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Apelyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Qətnamə əsasında Bakı şəhəri Xətai məhkəməsinə icra vərəqi göndərilmişdir. 2004 ilin may ayından, Xətai rayon məhkəmə icraçıları, aparılan icra hərəkətləri nəticəsində G.Əliyevadan pulu geri ala bilməmiş, o, dəfələrlə Xətai məhkəməsinə çağırılsa da, nəticəsiz qalmışdır. Bundan sonra, müxtəlif dövlət orqanlarına ünvanladığı şikayətlər nəticəsində cavabdehin barəsində AR CM-nin 306.1 maddəsi ilə cinayət işi açılmış, ibtidai istintaq zamanı, G.Əliyeva yaxın zamanda ona olan borcun odəniləcəyi, Apelyasiya Məhkəməsinin qətnaməsinin icra etmək üçün mənzili satacağını bildirmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh pulunu qaytarmamışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Abbasova (Əliyeva) X2 Respublikası CM-nin 306.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2(iki) il müddətinə islah işləri çəzasına məhkum edilmişdir. 2011 ilin əvvəlində İcra şöbəsinin əməkdaşları bilərək ki, G.Əliyeva artıq 11 ildir ki, məhkəmə qərarının icrasından yayınır, Xətai rayonu məhkəməsinə cavabdehin mənzilinin hərracda satılmasıyla bağlı təqdimat göndərmişdir. Qiymət artımlarını nəzərə almaqla, mənzilin dəyəri 55000 manat olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2012 il tarixli qərarı ilə G.Əliyevanın mənzilinin hərracdan satılması qərara alınmış, xx.xx.2013-ci il tarixdə hərrac təşkilatı tərəfindən mənzilin qiymətlənməsi başa çatmış və satışa çıxarılmışdır. Cavabdehin təqsirindən, "Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi xidməti”nə 200 manat ödəniş etmişdir. Əliyeva mənzilsiz qala biləcəyini anlayaraq, dərhal iş yerindən arayışla icra şöbəsinə borcun əmək haqqına yönəldilməsi barədə müraciət etmiş, xx.xx.2015-ci il tarixdə Xətai rayon İcra şöbəsi tərəfindən cavabdehin işlədiyi "Zığ" Gəmitəmir - tikinti zavoduna əmək haqqından onun xeyrinə 10.000 ABŞ dolları məbləğində pulun tutulması barədə məktub göndərilmişdir. G.Əliyevaya 10000 ABŞ dolları ödədiyi vaxtdan artıq 16 il keçməsinə baxmayaraq G.Əliyeva həmin borcu ona hissə-hissə ödəmiş, məbləğ artıq dəyərini itirmiş, daşınmaz əmlak artıq bahalanmış, və o, hazırda bu pula heç bir saray belə əldə edə bilməz.“xxxxxxxxx"la aralarında depozit illik 12% olduğundan, 10000 ABŞ dollarına görə ona 1 ildə 1200 ABŞ dolları ödənilməli idi. 2003 ilin dekabr ayından - 2015 ilin iyun ayına qədər cavabdehdən ödənişin bir qismini almışdır, bu da 11 il 7 aya = 139 ay x 100 ABŞ dollar (1% ayda) = 13.900 ABŞ dollar edir. Qismən pulunun qaytarılması 2015 il uyul ayından 2019-cu ilin mart ayına qədər 3 il 9 ay. Bu müddətdə "xxxxxxxxx"ın orta hesablamalarına görə 1585 ABŞ dollar itirmişdir. Cavabdeh G.Əliyevanın səhvi ucbatından itirilmiş məbləğ 2003 ilin dekabr ayından 2019 ilin mart ayına qədər 16 il müddət ərzində 13.00 ABŞ dolları + 1585 ABŞ dolları = 15485 ABŞ dolları edir. Əliyeva Gülmirə Eliş qızı qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 1MK4085/04 nömrəli xx.xx.2004-cü il tarixli icra vərəqəsinə əsasən ondan tələbkar İddiaçı Nubaxoviçin xeyrinə 49000000 AZM borc və 217800 AZM ödənilmiş dövlət rüsumu tutulması qərara alınmışdır. İcra sənədinin icrasım təmin etmək məqsədi ilə onun əmək haqqından tutulma aparılması üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna təklif göndərilmiş, Zavodun xx.xx.2019-cu il tarixli məktubuna əsasən onun əmək haqqından tutulmalar aparılaraq icra sənədi tam icra edilmiş və həmin məktub Xətai rayon icra və probasiya şöbəsinə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. Xətai rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 1MK-4085/04 nömrəli xx.xx.2004-cü il tarixli icra sənədinin icrasına xitam verilmişdir. İcra sənədinin icrası zamanı onun əmək haqqından cəmi 14479,33 manat tutulmuşdur. Məhkəmə qətnaməsində tutulmalı məbləğ köhnə valyuta ilə nəzərdə tutulmuş və manatın denominasiyası nəzərə alınaraq 49000000 AZN yeni valyuta ilə 9800 manata bərabərdir. Cavabdeh İddiaçı Nubaxoviç ona məxsus Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 4 A saylı evin 39 saylı mənzilin qeydiyyat vəsiqəsini özündə saxlamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(011)-5464/2019 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərlə əsaslandıraraq, qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13697/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Nubaxoviç tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5464/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin qismən, ilkin iddiaya aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə və ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Əliyeva Gülmirə Eliş qızından 10400 ABŞ dollarının (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) alınaraq İddiaçı Nubaxoviçə verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh Əliyeva Gülmirə Eliş qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, qətnamənin qarşılıqlı iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh Əliyeva Gülmirə Eliş qızından iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (30+15) 45 manat dövlət rüsumunun alınaraq İddiaçı Nubaxoviçə verilməsi, cavabdehin apelyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. X3 Eliş qızı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(102)-4024/2020 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi - ilk iddianın təmin olunan hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, mənzilin alınması üçün G.Əliyevaya 10000 ABŞ dolları ödəmiş, həmin vaxt cavabdehə pulunun depozitdə olduğunu, mənzilin alışı ilə bağlı bir problem yaranarsa böyük məbləğdə pul itirəcəyini bildirmişdir. Cavabdeh bilmişdir ki, o, həmin pulu bankdakı depozit hesabından çıxarıb verib. 2012-ci ilin aprel ayından başlayaraq cavabdehdən onun xeyrinə ödənişlər edilməyə başlamış, 2015-ci ildə isə o, müraciət etmişdir ki, həmin ödənişlər onun bank hesabına ödənilsin. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçının apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Həmçinin göstərdi ki, iddiaçı ilə arasında ev alqı-satqısı ilə bağlı məsələ olmamışdır. Onun qonşusu ilə iddiaçının arasında pul haqq-hesabı olmuş, onun iddiaçının depozitdə pulu olması, həmin pulun bankdan çıxarılması barədə hər hansı məlumatı olmamışdır, iddiaçı ona hər hansı pul verməmişdir, həmin pul onun qonşusuna verilmişdir, həmin pul verilərkən 10000 ABŞ dolları yox, 4000 ABŞ dolları verilmiş, 6000 ABŞ dollarının verilməsindən də məlumatı olmamış, onun yanında verilməmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: «Apelyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilk iddianın təmin olunan hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir.Məhkəmə borc məbləğinin banka qoyulmuş depozit məbləğinin çıxarılması nəticəsində verilməsi və həmin məbləğə hesablanan faiz məbləğini aylıq əldən çıxmış fayda məbləği olaraq müəyyən etmişdir. Apelyasiya məhkəməsi iddiaçının banka depozitə qoyduğu, sonra isə bankdan çıxararaq iddiaçıya verdiyi 10.000 ABŞ dollarına görə həmin vaxt hər ay 100 ABŞ dolları əldə etməsini işin mübahisəsiz halı kimi qəbul etmişdir. Halbuki bununla bağlı iş üzrə cavabdeh tərəfin heç bir münasibətini öyrənməmişdir. Məhkəmə kollegiyası da iddiaçının banka 6 ay müddətinə aylıq 100 ABŞ faiz ödənilməklə depozitə 10000 ABŞ dollarının qoyduğunu mübahisəsiz olaraq qəbul edir, lakin məhz həmin məbləğin ilk iddiaçı tərəfindən çıxarılaraq cavabdehə verilməsini təsdiq edən hər hansı sübut apelyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Belə olan halda işdə olan sübutların tam araşdırılmasını təmin etmədən məhkəmənin öz mülahizəsinə görə hər hansı faktı mübahisəsiz olaraq qəbul etməsi yolverilən hesab edilə bilməz.Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı gəlmiş olduğu nəticəyə yalnız işin hallarının tam araşdırılmasından sonra qiymət verilə bilərdi. Lakin hazırkı halda məhkəmənin iddia müddətinin tətbiqi ilə bağlı gəlmiş olduğu nəticəsi subyektiv mülahizələrlə əsaslandırılmışdır.” Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının qismən – ilkin iddia tələbinə aid hissədə yoxlanılması təşkil edir. İş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 1MK-4085/04 nömrəli, xx.xx.2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Əliyeva Gülmirə Eliş qızından tələbkar İddiaçı Nubaxoviçin xeyrinə 10000 ABŞ dolları ekvivalentində 49000000 AZM borcun və 217800 AZM ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünün surətindən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 306.1 maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə) ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna ünvanlanmış məktubun surətindən görünür ki, Əliyeva Gülmirə Eliş qızından tələbkar İddiaçı Nubaxoviçin xeyrinə 10.000 ABŞ dolları məbləğində pulun tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin 1MK-4085/04 nömrəli, xx.xx.2004-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün həmin zavoda göndərilmiş, xx.xx.2012-ci il tarixdən başlayaraq borclu Əliyeva Gülmirə Eliş qızının əmək haqqından 10000 ABŞ dolları borc İddiaçı xeyrinə tam ödənilib qurtaranadək 50%-dən tutulub onun ünvanına köçürülməsinə və hər rübdə borcun ödənilməsi barədə məlumat verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, zavodun işçisi Əliyeva Gülmirə Eliş qızının əmək haqqından 10000 ABŞ dolları və 19.80 manat dövlət rüsumu İddiaçı Nubaxoviçin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC də açdırdığı hesaba tam ödənilmişdır. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 1MK-4085/2014 nömrəli, xx.xx.2004-cü il tarixli icra sənədi üzrə icraata tələb tam icra edildiyi üçün xitam verilmiş və bu barədə tələbkara məlumat verilmişdir. İddiaçı ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2003-cü il tarixli depozit müqaviləsindən görünür ki, əmanətçi “xxxxxxxxx" ASC-yə 10000 ABŞ dolları məbləğində pul formasında vəsait verir, qəbul edilmiş əmanət üçün 6 aya illik 12% dərəcəsi tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki: “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” İddiaçı hazırda cavabdehin öhdəliklərini icra etməməsi nəticəsində itirilmiş gəliri (əldən çıxmış faydanı) tələb edir. İddia edir ki, depozitə qoyduğu 10.000 ABŞ dolları məbləğində pulu çıxarıb cavabdehə vermişdir, həmin müqaviləyə əsasən də mütəmadi olaraq hər ay 100 ABŞ dolları aldığından əldən çıxmış fayda məbləği aylıq 100 ABŞ dolları hesablanmaqla tutulmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının ilkin iddia tələbi qismən əsaslıdır. İddiaçının depozitə 10000 ABŞ dolları qoyduğu mübahisəsiz olsa da, məhz həmin pulun ilk iddiaçı tərəfindən çıxarılaraq cavabdehə verilməsi iş materiallarından müəyyən edilmir, iddiaçı bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir, apelyasiya baxışı zamanı cavabdeh iddiaçının qeyd etdiyi bu halı təkzib edərək, bildirmişdir ki, iddiaçının depozitdə pulu olması barədə ümumiyyətlə məlumatı olmamışdır. Deməli, işin bu halı mübahisəsiz deyil. Göründüyü kimi, iddiaçı məhz depozitdə olan pulu çıxarıb cavabdehə verdiyini mübahisəsiz qaydada sübuta yetirə bilmədiyindən, həmin müqaviləyə əsaslanaraq mütəmadi olaraq hər ay 100 ABŞ dolları aldığından əldən çıxmış faydanın da ona uyğun hesablanaraq tutulması yolverilməzdir, iddiaçının tələbi bu hissədə əsassızdır. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsindən bəhs edən MM-nin 443-cü maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və zərər bu MM-nin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Eləcə də borclunun icranı gecikdirməsindən bəhs edən MM-nin 445-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, verilmiş icra vərəqəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə ödənişlər 2012-ci ilin aprel ayından tutulmağa başlanmışdır, iddiaçı özü də apelyasiya baxışı zamanı bu halı təsdiq etmişdir. MPM-nin həmin vaxt qüvvədə olan 233.2-ci maddəsinə əsasən apelyasiya instansiyasının qətnaməsi qəbul edildiyi andan dərhal qüvvəyə minirdi. Belə olan halda, qətnamənin çıxdığı xx.xx.2004-cü il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə ödənişlərin tutulmağa başlanıldığı tarixə, yəni 2012-ci ilin aprel ayına kimi cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Kollegiya ilkin iddia tələbi bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2004-ci il tarixdən (qətnamənin çıxdığı) 2012-ci ilin aprel ayına kimi (ödənişlərin tutulmağa başlanıldığı) olan dövr, yəni 8 il 8 ay (104 ay) üçün illik 5% hesablanmaqla (10000x5%/12x104 ay) 4.333,33 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia müddəti barədə ərizəyə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından görünən odur ki, iddiaçı 2004-cü il tarixli qətnamə ilə cavabdehin ona ödəməli olduğu pulun ödənilməsi məqsədilə aktiv hərəkətlər etmiş, bunun nəticəsində cavabdeh qətnaməni icra etmədiyinə görə xx.xx.2006-cı il tarixdə inzibati məsuliyyətə, daha sonra xx.xx.2008-ci il tarixdə isə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bundan sonra 2012-ci ilin aprel ayından başlayaraq 2018-ci ilin dekabr ayı da daxil olmaqla cavabdeh tərəfindən ardıcıl ödəmələr edilmişdir. Belə olan halda isə, məlum olur ki, cavabdeh 2018-ci ilin dekabr ayınadək iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlamış, iddiaçı da məhz buna görə hazırda pulunun qanunsuz olaraq saxladığı üçün cavabdehdən əldən çıxmış faydanı tələb edir. Demək ki, cavabdeh iddiaçının pul vəsaitini qaytaranadək, iddiaçının əldən çəxmış fayda ilə bağlı hazırkı tələbi qüvvədə olmuşdur. İddiaçı hazırkı tələblə xx.xx.2019-cu ildə məhkəməyə müraciət etdiyindən, iddia müddətini ötürməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı Nubaxoviçin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5464/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddiaya aid hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh Əliyeva Gülmirə Eliş qızından 4.333,33 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) alınaraq İddiaçı Nubaxoviçə verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-8161/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8161/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver