Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8168/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2337/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1532.83 ABŞ dolları əsas, 734.82 ABŞ dolları faiz borcu, 1.494,77 ABŞ dolları cərimə borcu, 221.55 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonran hesbalanmış borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmidir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 25% olmaqla, 18 ay müddətinə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2337/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 1.532,83 ABŞ dolları (bir min beş yüz otuz iki dollar səksən üç sent) (manatın ödəniş gününə olan məzənnəsi ilə) əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2337/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(001 )-2337/2020 saylı qətnaməsinə əsasən əsassız olaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia tələbini qismən təmin edərək, qeyd olunan kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünə görə kredit üzrə haqlı tələb etdiyimiz 734,82 ABŞ dolları faiz, 1494,77 ABŞ dolları cərimə və 221,55 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan faiz borcunu təmin etməmişdir. Bu hissədə məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrakinə uyğun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikin (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 56% faizi ödəyir. Cavabdeh1 tərəfindən imza edilən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub basa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb etdiyimiz 734,82 ABŞ dolları faiz, 1494,77 ABŞ dolları cərimə borcunu təmin etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı bildiriilmişdir ki, həmin Fərmanın 10-cu bəndində göstərilir ki, Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli fərmanın 6-cı bəndində qeyd olunub ki, Banklara tövsiyə edilsin ki: 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; Göründüyü kimi, banklar bir av müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan islərin geri çağırılmasını təmin edən tədbirlərin həyata keçirilməsi banklara tövsiyə olunur. Yəni işlərin geri çağırılması yalnız bankların səlahiyyətinə aid edilib, çünki Fərmanın icrası zamanı elə hallar baş verə bilər ki, borclu hal-hazırda Azərbaycan Respubliakısından kənarında ola bilər, yaxud borcun restrukturizasiyasından imtina edə bilər. Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2019-cu il tarixdə borcunun restruktuzsiya edilməsinə dair bildiriş göndərilmişdir. Lakin cavabdeh bununla bağlı Fonda müraciət etməmişdir. xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı ASC-nin Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi imzalanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001 )- 2337/2020 saylı qəbul etdiyi qətnamədə əsassız olaraq Cavabdeh2 qarşı ““kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair” mülki iş üzrə iddiamızın qismən təmin edilməsi, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd olunur ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin 3-cü bəndində zaminliyin verilmə müddəti göstərilməklə müqaviləyə xitam verilməsi halları müəyyən edilmişdir. Həmin müqavilənin 3.2, 3.2.1, 3.2.2, 3.2.3, 4.1 və 4.2 bəndlərinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyə xitam verildikdə, kredit müqaviləsində göstərilən bütün şərtlərə borcalan tərəfindən əməl edildikdə zaminliyə xitam verilməsi, zaminlik müqaviləsinin kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta kimi qüvvədə olması müəyyən edilmişdir. Tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsində zaminliyin verilmə müddətləri təyin edilmişdir. Həmin müddət isə bitməmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Qətnamədə tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə iddia müddətinin tətbiq edilməli olduğu göstərilmişdir, lakin iddia müddətinin tətbiqini əsas alarkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır, lakin məhkəmə iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 3000 ABŞ dolları kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqəviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir və iddia müddəti tətbiq edilən müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür... Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitdə böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəfin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Tərəflərin izahatları: İşə baxılması vaxtı və yeri haqqında tərəflər lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərkollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə 069 nömrəli kredit müqaviləsi, digər Cavabdeh2 ilə isə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020ci il tarixə LPO İddiaçı ASC-yə 1.532,83 ABŞ dolları əsas, 734.82 ABŞ dolları faiz borcu, 1.494,77 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% dərəcəsi üzrə 221.55 ABŞ dolları borc olmaqla, cəmi 3.984,97 ABŞ dolları borcu vardır. İş materillarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC tərəfindən xx.xx.2020-ci il tarixdə borcun tam olaraq 3 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC tərəfindən xx.xx.2019-cu il tarixdə borcun restruktruzasiya edilməsinə dair məlumat göndərilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanın 6.2-ci bəndinə əsasən, Banklara tövsiyə edilsin ki: fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; İddia tələbinin 734.82 ABŞ dolları məbləğində faiz borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə kollegiya qeyd olunan normaların tələblərini əsas götürərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin hissədə iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan, 734.82 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçıya bank tərəfindən xx.xx.2019-cu il tarixli Fərmana əsasən restrukturizasiya məqsədilə ilə bildiriş göndərilməsinə istinad edilsə də, lakin cavabdehin bununla bağlı Fonda müraciət etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edilməmiş və iş materiallarında bununla bağlı sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddia tələbinin cərimə ilə bağlı hissəsinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehdən 5 manat cərimə məbləği tutulmalıdır. Belə ki, İddiaçı ASC iddia tələbində 1494.77 ABŞ dolları cərimə məbləğinin tutulmasını xahiş etsə də, həmin məbləğ tənasübsüz şəkildə artıq olduğundan 5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin yalnız iddianın təmin edilməyən hissəsində deyil tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. Belə ki, zaminlik müqaviləsi ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi zaminliyə xitam verilməsi ilə bağlı doğru nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan zaminlik müqaviləsindən (i.v. 8) görünür ki, zaminlik müqaviləsində müddət nəzərdə tutulmamışdır. Belə olan halda, Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Yəni, müqavilənin icrası müddəti xx xxxx 2017-ci il tarixində başa çatdığından, zaminliyə də həmin tarixdən 1 il sonra – xx xxxx 2018-ci ildə xitam verilməlidir. Qeyd edilənlərə əsasən, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zamin Cavabdeh2 qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirdiyindən, həmin zaminliyə xitam verilməlidir. İddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə kollegiya hesab edir ki, həmin hissədə iddia tələbi və apellyasiya şikayətinin dəlili əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğvi üçün əsas deyildir. Əsas borcun cavabdehdən tutulmasına münasibətdə kollegiya işin hallarına əsasən qeyd edir ki, 1532.83 ABŞ dolları məbləğində əsas borcun cavabdehdən tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan 069 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən (i.v. 5) görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 3000 ABŞ dolları məbləğində kredit götürmüş və **********196 saylı, xx.xx.2020-ci il tarixli maliyyə arayışına (i.v. 4) əsasən xx.xx.2020-ci il tarixinə əsas borcu 1532.83 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, cavabdeh öhdəliyinin icrasını lazımınca və vaxtında icra etməməklə müqavilənin və Mülki Məcəllənin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməli, cavabdehin restrukturizasiya ilə bağlı Fonda müraciət etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməsi səbəbindən 734.82 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2337/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi faiz borcu və cərimə borcu hissəsində ləğv edilsin. 734.82 (yeddi yüz otuz dörd ABŞ dolları, səksən iki sent) məbləğində faiz borcu və 5 manat məbləğində cərimə borcu Cavabdeh1 tutularaq cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8168/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8168/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver