Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8169/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-142/2020 saylı mülki iş üzrə qəbul etdiyi 16 noyabr 2020-cı il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyun 2015-ci il tarixli, 104.LN.1002.100615.00002 saylı kredit müqaviləsi üzrə banka borclu olduğu 11683.43 ABŞ dolları məbləğində əsas borc, 4703.47 ABŞ dolları məbləğində faiz borcu, 2041.80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18428.70 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2015-ci il tarixli, 104.LN.1002.100615.00002 saylı kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən Cavabdeh 16000 ABŞ dolları məbləğində pul ayrılmış və o, 36 ay müddətinə kreditin əsas məbləği və ona illik 18 faiz dərəcəsi olmaqla, hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödənməli idi. İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş, bu günədək borcu ödəməmişdir. Cavabdehin 10.06.2015-ci il tarixli, 104.LN.1002.100615.00002 saylı kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC-yə 11683.43 ABŞ dolları məbləğində əsas borcu, 4703.47 ABŞ dolları məbləğində faiz borcu, 2041.80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18428.70 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(002)- 142/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10 iyun 2015-ci il tarixli, 104.LN.1002.100615.00002 saylı kredit müqaviləsi üzrə 11683.43 ABŞ dolları məbləğində əsas borc, 2542.21 ABŞ dolları məbləğində faiz borcu, 200.00 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 14.425.64 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatinin dəyəri olan 200 manat ekspertiza xərci Cavabdeh aid edilməsi, həmin məbləğin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı Cavabdeh, 5 manatı isə iddiaçıya aid edilməsi, 25 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri verilmişdir. iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq faiz borcunu 2542,21 manat hesablamışdır. Cərimə borcunu isə nəzərə almamışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarn yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməmiş və o nəticədə o məhkəmə iclasında iştirak edə bilməmişdir. O, faiz borcuna ödənişlər etmiş, lakin nəzərə alınmamışdır. Məhkəmə iclasında Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 142/2020 saylı mülki iş üzrə qəbul etdiyi 16 noyabr 2020-cı il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsinin ləğv edilməsinə və iddianın tam təmin edilməsinə yönəldiyini və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsinə yönəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlanılmalıdır. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2015-ci il tarixli, 104.LN.1002.100615.00002 saylı kredit müqaviləsi şərtlərinə görə, bank tərəfindən Cavabdeh 16000 ABŞ dolları məbləğində pul ayrılmışdır və o, 36 ay müddətinə kreditin əsas məbləği və ona illik 18 faiz dərəcəsi olmaqla, hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüşdür. AR Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda tam ödəniş etməmişdir. İşin faktiki hallarına qiymət verərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə yaranan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyasi hesab edir ki, əsas borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Belə ki, iş materiallarında olan 18.01.2019-cu il tarixli, 05/50 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 104.LN.1002.100615.00002 saylı kredit müqaviləsinə əsasən 10.06.2015-ci il tarixindən 10.06.2018-ci il tarixinədək illik 18 faiz olmaqla İddiaçı ASC tərəfindən 16000 ABŞ dolları kredit verilmiş və cavabdehin İddiaçı ASC-yə 11683.43 ABŞ dolları məbləğində əsas borcu, 4703.47 ABŞ dolları məbləğində faiz borcu, 2041.80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18428.70 ABŞ dolları məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq 18.01.2019-cu il tarixli, 05/50 nömrəli maliyyə arayışını əsas götürərək əsas borcun məbləğini müəyyənləşdirmişdir. İddiaçı və cavabdeh tərəf apellyasiya şikayətində faiz borcunun məbləğini mübahisələndirir. Məhkəmə kollegiya hesab edir ki, faiz borcunun tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarına əlavə edilmiş 04 fevral 2020-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29614 nömrəli rəydən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 11.679.61 ABŞ dolları əsas, 4.409.27 ABŞ dolları faiz borcu, ümumilikdə 16.088.88 ABŞ dolları borcu yaranmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş 27 iyul 2020-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/2661 nömrəli rəydən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 14.134.91 ABŞ dolları əsas, 2.542.21 ABŞ dolları faiz borcu borcu yaranmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq 27 iyul 2020-ci il tarixli tarixli, 9/2661 nömrəli ekspert rəyini əsas götürərək 2542.21 ABŞ dolları məbləğində faiz borcu müəyyənləşdirmişdir. Həmçinin kollegiya hesab edir ki, cərimə məbləğinin tutulması barədə tələblərin qismən təmin edilməsi nəticəsi də düzgündür. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini, aparılmış ödənişləri və ödənilməmiş əsas kredit borcunun məbləğini və kreditə görə hesablanan faizləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müqavilə üzrə nəzərdə tutulmuş cərimə məbləğini (2041,80 ABŞ dolları) tənasübsüz sürətdə yüksək kimi qiymətləndirmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 200 ABŞ dolları məbləğində müəyyənləşdirmişdir. Cavabdeh həmçinin apellyasiya şikayətində məhkəmə iclasları barədə ona məlumat verilmədiyini qeyd etsə də, iş materiallarından görünür ki, məhkəmə iclasları barədə Cavabdeh sms xəbərdarlıq, rəsmi qeydiyyatda olduğu ünvana isə məhkəmə bildirişi göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-142/2020 saylı mülki iş üzrə qəbul etdiyi 14 noyabr 2020-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-8169/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8169/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver