Məhkəmə qərarları › İş №2(103)-817/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-817/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-817/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əşyaların əvəzinin, dəymiş ziyanın və əldən çıxmış faydanın ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “əmlakların qaytarılması və pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 15 nömrəli evin 10 nömrəli mənzilindən Cavabdeh tərəfindən qanunsuz olaraq götürülmüş daşınar əmlakların, eləcə də onun tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olan cəmi 74 550 manatın, mənzili kirayəyə verməkdən məhrum edilməsi ilə əlaqədar olaraq əldən çıxmış faydaya görə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər olan dövr üzrə 28 600 manatın və xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr üzrə 27 520 ABŞ dollarının, həmçinin mənəvi zərərin əvəzi olaraq 50 000 manatın, ödədiyi dövlət rüsumunun əvəzi qismində 30 manatın Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 15 nömrəli evin 10 nömrəli mənzilini xx.xx.2011-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X1 almış, mənzildə olan daşınar əmlakların dəyərini S. Mehdiyevaya tam ödəmiş, ailəsi ilə birlikdə mənzilə köçdüyü zaman yeni ev əşyaları da gətirmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixində mənzil Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən ondan məcburi qaydada alınaraq Cavabdeh sahibliyinə və istifadəsinə verilmiş, icra günü mənzildən çıxanda orada 2 yataq otağına, qonaq otağına, mətbəxə, hamam otaqlarına və balkona aid mebel dəstləri və avadanlıqları mövcud olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarı ilə mənzilə aid əqdlərin ləğv və etibarsız sayılması və həmin mənzilin Cavabdeh sahibliyinə və istifadəsinə qaytarılması hissəsində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qət edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən “Qlobal İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti, X6, X4 və X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilsin, qətnamə iddia tələbinin təmin edilən və mübahisəli mənzilə aid əqdlərin ləğv edilməsi və etibarsız sayılması hissəsi və həmin mənzilin Cavabdeh sahibliyinə və istifadəsinə qaytarılması hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbləri təmin edilməsin. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, mənzilə dair daşınmaz əmlakın reyestri jurnalında Cavabdeh adına olan mülkiyyət hüququ barədə qeyd ləğv edilməli, mənzilə münasibətdə onun (İddiaçı) mülkiyyət hüququ barədə qeyd bərpa edilməli, mənzil Cavabdeh sahibliyindən və istifadəsindən geri alınaraq İddiaçı sahibliyinə və istifadəsinə qaytarılmalı, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin icrasında geriyə dönüş edilməlidir. Nəsimi rayon icra məmurları tərəfindən xx.xx.2017-ci il tarixdə mənzil Cavabdeh sahibliyindən və istifadəsindən tamamilə boş vəziyyətdə onun sahibliyinə və istifadəsinə qaytarılmış, bu zaman məlum olmuşdur ki, mənzildə olan mebellər cavabdeh tərəfindən mənimsənilmiş, təmir yararsız hala salınmış, adi istifadə əşyaları yerindən çıxarılmışdır. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək mənzildən götürülmüş 1 ədəd kondisionerin, iki yerlik çarpayının, işçi stolun və 1 ədəd çilçırağın ona qaytarılması və 86 400 ABŞ dolları məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, mənzil ona təhvil verilərkən tərəfindən alınıb mənzildə quraşdırılmış əşyalar - qonaq otağındakı 1 ədəd kondinsioner, uşaq otağındakı iki yerlik çarpayı, kompüteraltı masa və 1 ədəd çilçıraq – İddiaçı tərəfindən ona qaytarılmamış, mənzil 2011-ci ilin oktyabr ayından İddiaçı mülkiyyətinə keçdikdən sonra həmin dövrə qədər ona ödənilən aylıq 1800 ABŞ dolları kirayə haqqını İddiaçı almış, 2015-ci ilin sentyabrına qədər 4 il ərzində İddiaçı ona məxsus mənzilin kirayəsindən 86 400 ABŞ dolları (48 ay x 1800) gəlir əldə etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, mənzildən Cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də Cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74 550 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissəsdə, habelə qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə, yəni “mübahisəli mənzildən cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74 550 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv olunması və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə İddiaçı iddiasının təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddia tələbinin təmin edilən “mübahisəli mənzildən cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74 550 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilmiş, ilkin iddia tələbi həmin hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh və onun vəkili apelyasiya şikayətini müdafiə edərək izahatlarında göstərmişlər ki, İddiaçı yalnız mövcudluğu sübut olunan əşyanı tələb edə bilər və prosessual qanunvericiliyin tələbləri baxımından cavabdeh kimi cəlb edilmiş şəxs həqiqətən də iddiaçıya məxsus əşyanı özündə saxlamışdır. Bu cür yanaşma MPM-in 50.4., 54-cü maddələrinin tələblərindən irəli gəlir. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə iddia təmin oluna bilməz. Növbəti və nəhayət sonuncu mərhələdə iddiaçı cavabdehin özündə saxladığı əşyanın qanunsuz olaraq saxlamasını sübut etməlidir. Bu halın təsdiqi əhəmiyyət kəsb edir, ona görə ki, Mülki Məcəllənin tələblərinə əsasən yalnız qanunsuz sahiblikdə əşyanın geri tələb edilməsi mümkündür. İddiaçının ayrı-ayrılıqda verdiyi iddia tələblərinin bir-birini təkzib etməsi, həmin tələblərin əsaslarının uydurma olmasına dəlalət edir. İddiaçı ilkin ərizəsində göstərir ki, müqavilə ilə 157 min manata aldığı 3 otaqlı mənzildə 120 min manatlıq təmir işləri görmüş, "ayrıla bilməyən yaxşılaşdırma” cavabdehə keçmişdir. İddia ərizəsinə əlavədə isə mənzili "daşınar əmlakları” ilə birlikdə aldığını, dəyərini tam olaraq (54 min manat) ödədiyini və "daşınar əmlakların” mənzildə qaldığını göstərir. Birincisi, mənzilin əşyaları ilə birlikdə satılmasına dair mənzilin alqı-satqı müqaviləsində müddəa yoxdur. İkincisi, mübahisəli mənzilin Cavabdeh qaytarılmasına dair məhkəmə qətnaməsi icra məmurları tərəfindən icra edilmiş və bu haqda müvafiq təhvil-təslim aktı tərtib edilib imzalanmışdır ki, orada sakinlərin əşyalarını götürüb mənzilin tələbkara təhvil verilməsi qeyd olunur. İcra sənədi əsasında mənzil ona təhvil verilərkən icra məmurları, onun, iddiaçının və hal şahidlərinin iştirakı ilə təhvil-təslim aktı tərtib edilmiş, iddiaçı həmin aktı imzalamış, aktda iddiaçı tərəfindən ev əşyalarının götürüldüyü göstərilmişdir. İddiaçı nə aktı imza etməkdən imtna etməmiş, nə də ona məxsus hər hansı əşyaların mənzildə qalması ilə bağlı xüsusi qeyd göstərməmişdir. Bundan başqa, iş materiallarındakı Nəsimi rayon icra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş digər aktdan görünür ki, onun tələbkar olduğu mülki iş üzrə, 2015-ci ilin 3 sentyabrında eyni gündə, eyni binada başqa bir mənzil də ona təhvil verilmiş, hər iki mənzildə icra hərəkətləri eyni icra məmuru tərəfindən aparılmışdır. Analoji təhvil aktında borclunun mebellərinin mənzildə qalması və tələbkara saxlanca verilməsinə dair xüsusi qeyd var. 2017-ci ildə də qeyd edilən hər iki mənzil eyni gündə icra məmurlarının, o cümlədən əvvəlki icra hərəkətlərini aparmış icra məmuru Ramiz Quliyevin şəxsi iştirakı və şahidliyi ilə alındığı vəziyyətdə tələbkarlara qaytarılmışdır. İddia tələbinin mənzilə dəymiş zərər hissəsində hüquqi qiymət verilərkən Mülki Məcəllənin 1096-cı maddəsinin tətbiqinin əsaslarının mümkün olub-olmaması araşdırılmalı və MPM-in 77 və 88-ci maddələrinin tələbləri üzrə mübahisəyə hüquqi qiymət verilməlidir. Mənzil tikinti şirkəti tərəfindən 2007-ci ildə ona təhvil verilmiş, 2010-cu ildə həmin mənzil 3-cü şəxsin mülkiyyətinə keçmiş, o isə 2011-ci ildə mənzili İddiaçı satmışdır. 2015-ci ilin sentyabr ayına kimi mənzil iddiaçının mülkiyyətində olmuş, 2015-ci ildə yenidən onun mülkiyyətinə keçmiş, nəhayət 2017-ci ildə yenidən iddiaçının mülkiyyətinə qaytarılmışdır. Mənzil ilk dəfə onun mülkiyyətində olarkən onun vəsaiti hesabına təmir edilmiş və sonrakı müddətdə mənzilin iddiaçı və ya digər mülkiyyətçi tərəfindən təmir edilməsinə dair işin materiallarında hər hası sübut yoxdur və mənzil istisnasız olaraq 11 ildir ki, istismar edilir. Fizika qanunlarına görə bu müddət ərzində mənzilin (təmirin) təbii aşınmaya məruz qalması qaçılmazdır və burada hər hansı subyektiv səbəb axtarmaq məntiqsizdir. Məhkəmə ekspert rəyinə münasibətə prosessual qanunvericiliyin tələblərini də pozmuş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyi nəzərə almamış, müstəqil qiymətləndirici tərəndən verilmiş qiymətləndirmə aktı əsasında qətnamə çıxarmışdır. Hətta mənzilin onun istifadəsində olarkən aşınmaya məruz qalması və müxtəlif hissələrinin zədələnməsi belə Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən hüquqi məsuliyyətini istisna edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən ilkin iddiaçı apellyasiya şikayəti verməmiş, qarşılıqlı iddiaçı isə apellyasiya şikayətində yalnız ilkin iddianın qismən təmin olunması ilə bağlı hissəni mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin ilkin iddia tələbinin qismən təmin olunmaması, eləcə də qarşılıqlı iddia tələbinin rədd olunması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Həmçinin nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi sonuncu dəfə yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 15 nömrəli evin 10 nömrəli mənzilini xx.xx.2011-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən X1 almışdır. İddiaçı mənzili satın aldıqdan sonra mənzilə əmlakını gətirərək tam yaşayış şəraiti yaratmaqla istifadə etməyə başlamışdır. Bundan sonra iş üzrə Cavabdeh mənzilin satılması zamanı qanun pozuntularına yol verildiyini əsas tutaraq əqdin etibarsız hesab olunması və mənzilin onun sahibliyinə qaytarılması tələbini irəli sürmüş, onun iddiaları Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, həmin qətnamə kassasiya instansiyasında dəyişdirilmədən saxlandıqdan sonra yuxarıda qeyd olunan qətnamə icra olunaraq mənzil Cavabdeh təhvil verilmişdir. Bundan sonra iddiaçı hazırkı tələbi irəli sürərək ona vurulmuş zərəri tələb etməyə başlamış və bu ərəfədə əqdin etibarsız hesab olunması barədə iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu qərar qəbul edərək əqdin etibarsızlığı barədə işə yenidən baxılmasına qərar vermiş, işə yenidən baxan məhkəmələr Cavabdeh iddiasının əsassız olması qənaətinə gəlmişlər. Bundan sonra qətnamənin geriyə dönüşü edilərək mənzil iddiaçıya təhvil verilərkən mənzildə daşınar əmlaklar olmamış, mənzilin təmiri yararsız olmuşdur. Ona görə iddiaçı həmin tələbini davam etdirərək ona vurulmuş zərəri, əldən çıxmış faydanı tələb edir. İşə baxan 1-ci instansiya məhkəməsi mübahisəli mənzildən cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74 550 manatın tutulmasını qət etmişdir. Qətnamədən cavabdeh şikayət vermiş və həmin hissə ilə bağlı yuxarıda qeyd olunan məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya Məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən çıxış edərək iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməklə Apelyasiya Məhkəməsinin mövqeyini dəyərləndirməyi məqsədəmüvafiq hesab edir. İddiaçı mübahisəli mənzili icra icraatı qaydasında bir dəfə cavabdehə təhvil verib və bir dəfə təhvil alıb. İddiaçının mənzili 1-ci dəfə cavabdehə təhvil verməsi Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi üzrə icra sənədinin icrası qaydasında həyata keçirilmişdir. Mənzilə köçürmə və çıxarma ilə bağlı icra sənədinin hansı qaydada icra olunması və rəsmiləşdirilməsi qanunla müəyyən edilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 72-ci maddəsinə əsasən icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. Çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Deməli, borclunun mənzildən çıxarılması barədə sübut icra məmurunun tərtib etdi aktdır. Belə bir sübut mülki iş materiallarında ola-ola, bir neçə ildən sonra həmin icra məmurlarını dəvət edərək icranın hansı qaydada həyata keçirilməsi ilə bağlı dindirilmələri, onlardan həmin aktda qeyd olunanlardan fərqli izahatlar alınması və bu hallar aydınlaşdırılmadan aktda qeyd olunanlardan fərqi izahatlara istinad etməklə qərar qəbul edilməsi yolverilməzdir və istinad olunan sübutun mötəbərliyini heçə endirir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki işin 217-ci səhifəsində (1-ci cild) icranı 1-ci dəfə həyata keçirən icra məmurunun tərtib etdiyi akt var. xx.xx.2015-ci il tarixli aktda qeyd edilir ki, həmin akt icra məmurlarının, tərəflərin özlərinin iştirakı ilə tərtib edilmiş və akt 10 nəfər tərəfindən imzalanmışdır. Akt Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin icrası ilə bağlıdır. Akta əsasən icra məmurları və dligər iştirakçılar Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 15 nömrəli evin 10 nömrəli mənzilini hazırkı iş üzrə Cavabdeh təhvil verirlər. İcra zamanı mənzilin xarici ölkə vətəndaşlarının icarəsində olması müəyyən edilmiş, həmin şəxslər və nümayəndələri icra yerinə dəvət edilmiş, kirayədə yaşayan xarici vətəndaşlar özlərinə məxsus ancaq qiymətli əşyaları və pulu götürərək mənzili tərk etmiş, mənzilin açarı dəyişdirilmiş, mənzil tələbkara (Cavabdeh) təhvil verilmişdir. İcra zamanı borclu mənzildə olan əşyaların ona məxsus olduğunu mənzillə birlikdə alınmasını qeyd etsə də, icra məmuru tərəfindən həmin məsələyə heç bir reaksiya verilməmiş, mənzildə olan əmlaklar siyahıya alınmamışdır. Göründüyü kimi iş üzrə mötəbər sübutla təsdiq olunur ki, 1-ci icra zamanı mənzil tam yararlı vəziyyətdə, xarici şəxslərə icarəyə verilmiş şəraitdə Cavabdeh təhvil verilmiş və mənzildən heç bir əşya çıxarılmamışdır. İş materiallarında mənzilin 1-ci icrası zamanı hansı vəziyyətdə olmasına dair (mülki iş, 1-ci cild. 179-187-ci səhifələri, 2-ci cild 66- 74-cü səhifə) kifayət qədər fotoşəkillər var. Buna baxmayaraq Apellyasiya Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı mənzilin Cavabdeh təhvil verilərkən mənzildə ona məxsus əşyaların qalması barədə hər hansı sübut təqdim etməmişdir. Mənzilin İddiaçı təhvil verilməsi zamanı mənzilin artıq boş olması işin təsdiq olunan halıdır. Eyni zamanda işdə olan sübutlarla təsdiq olunur ki, mənzil İddiaçı təhvil verilməmişdən əvvəl mənzildə olan əşyalar daşınmış və məhz həmin vaxt mənzil yararsız hala salınmışdır. Mənzildən əşyalar daşındıqdan sonra mənzil icra icraatı qaydasında İddiaçı təhvil verilmişdir. İddiaçı mənzildə olan əşyalarının Cavabdeh tərəfindən daşınması ilə əlaqədar sübutlar təqdim etmişdir. İddiaçı əşyaların daşınması anının fotoşəkillərini çəkmişdir (1-ci cild, səhifə 188-193.). Daşımanı “xxxx” MMC həyata keçirmişdir. Birinci apelyasiya baxışı zamanı “xxxx” MMC-yə göndərilmiş sorğuya cavab olaraq daxil olmuş xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2017- ci il tarixində “xxxx” MMC-nin əməkdaşları tərəfindən cavabdehin (Cavabdeh) sifarişi ilə mübahisəli mənzildə mövcud olan yataq, qonaq və hamam otaqlarına, mətbəxə, həmçinin balkona aid mebel əşyaları və avadanlıqları, habelə mənzildə istifadə edilən bütün dəstlər qablaşdırılaraq müvafiq olaraq başqa ünvana daşınmışdır. Sifarişin üstündən uzun müddət keçdiyindən heç bir yazılı məlumat qalmamışdır. İddiaçı əşyalarının Cavabdeh tərəfindən mənzildən çıxarılması, dağıdılması oğurlanması ilə bağlı hüquq mühafizə orqanlarına müraciətlər etmiş və müvafiq araşdırmalar aparılmışdır. Mülki işin (1-ci cild) 218-ci vərəqində təhqiqat materiallarının istintaq aidiyyət üzrə göndərilməsi barədə qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, mənzil icra məmurları tərəfindən ona təhvil verilərkən boş olmuş, özü mənzilə zəruri avadanlıqları almış, xx.xx.2017-ci il tarixdə evdən götürülən avadanlıqlar ona məxsus olan əmlaklar olmuşdur. Hansıki, yuxarıda qeyd olan sübutlarla (icra məmurunun aktı) təsdiq olunur ki, mənzil Cavabdeh boş vəziyyətdə deyil, yaşayış üçün tam yararlı vəziyyəftdə, mebellərlə birlikdə təhvil verilmiş, həmin vaxt mənzildə xarici vətəndaşlar kirayədə yaşamış və onlar icra yerinə dəvət olunaraq qiymətli əşyalarını götürərək mənzili tərk etmişlər. Mənzilin həmin vaxtı çəkilmiş fotoşəkilləri bir neçə dəfə məhkəməyə təqdim edilib. İşin qeyd olunan faktiki hallarından çıxış edən Apellyasiya Məhkəməsi sübutemtə vəzifəsini tərəflər arasında bölüşdürməli idi. İddiaçı mənzili satın alıb ondan istifadə edirdisə, icarəyə vermişdirsə həmin mənzildə olan əmlakların ona məxsus olması preyudisiyası var (əmlakın ona məxsusluğu). Mənzil təhvil verilərkən mənzildən əşyalar götürülməmiş və yararlı vəziyətdə Cavabdeh təhvil verilmişdirsə və sonradan Cavabdeh mənzili boş vəziyyətdə qaytarmışdırsa,həmin əmlakların ona məxsus olmasını sübutemtə yükü iddiaçının deyil, cavabdehin üzərinə düşür. Çünki 1-ci dəfə icra olunan icra sənədi mənzilin əmlakları ilə birlikdə təhvil verilməsi barədə deyildi, əqdin etibarsızlığı və mənzilin təhvil verilməsi barədə idi. İddiaçı mənzili əmlakı ilə birlikdə təhvil vermişdi. Bundan başqa, əşyaların sökülərək daşınması zamanı mənzilin təmirinin yararsız hala salınması ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi qənaət də ziddiyyətlidir. İddiaçı sifarişi əsasında “Ekspert” LTD müəssisəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qiymətləndirmə aktında evin cari təmirinə 20.000 manat tələb olunduğu qeyd edilir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2017-ci il tarixli ekspert rəyində evin cari təmiri üçün 11826 manat tələb olunduğu qeyd edilir. Hər iki ekspert rəyində mənzilin təmirinin sıradan çıxması və yararsız hala salınması təsdiq olunur. Lakin məhkəmənin iddianı həmin hissədə rədd etməsi yuxarıda qeyd olunan faktiki hallarla birlikdə dəyərləndirildikdə zidddiyyətli olmaqla yanaşı əsassız görünür. Çünki yuxarıda şərh olunan faktiki hallar (mənzili tam yararlı vəziyyətdə təhvil alaraq sonradan əşyaların sökülərək daşınması və boş vəziyyətdə təhvil verilməsi) mənzilin məhz cavabdeh tərəfindən həmin vəziyyətə salınmasını təsdiq edir. Mənzilin iddiaçı tərəfindən yararsız hala gətirilməsinə dəlalət edən heç bir sübut yoxdur və belə qənaət özü məntiqsizdir. 1-ci dəfə məhkəmə çəkişmələrini uduzduqdan sonra mənzili təmirli vəziyyətdə təhvil verən iddiaçının sonradan mənzili təhvil alanda onu yararsız hala salmasının məntiqi izahı yoxdur”. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki və hüquqi) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi ilkin iddiaçının iddia tələbinin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi, mənzildə olan daşınar əmlakların, eləcə də mənzilin təmir-bərpa işlərinin bazar qiymətini müəyyən etdiyi zaman işin bütün hallarına lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından, birinci instansiya məhkəməsinin ilkin iddia tələbi üzrə müvafiq nəticəyə gələrkən ilkin iddiaçının təqdim etdiyi “Ekspert” LTD müəssisəsinin xx.xx.2017-ci il tarixli rəyini əsas götürdüyü, lakin həmin rəydə göstərilənlərdən kəskin fərqli nəticəni əks etdirən və bilavasitə məhkəmənin təyinatı əsasında Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ekspert rəyini ümumiyyətlə nəzərə almadığı aydın olur; halbuki sözügedən rəylərin müqayisəli tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, rəylərdə, ilkin iddiaçının iddia tələbinin predmetini təşkil edən müəyyən əşyaların (kombi, mətbəx mebeli, “duş kabin”, unitaz, dolablı əl-üzyuyan və s.) qiymətlərinə və onların quraşdırılmasına, eləcə də mənzilin təmirinə tələb olunan xərcin məbləğlərinə dair əhəmiyyətli fərqlilik vardır. Həmçinin qeyd olunmalıdır ki, ilkin iddiaçının iddia tələblərini sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi fotoşəkillərdə, onun istinad etdiyi və birinci instansiya məhkəməsinin əsas götürdüyü “Ekspert” LTD müəssisəsinin xx.xx.2017-ci il tarixli rəyində sadalanan bəzi əşyaların mövcudluğu müəyyən edilməməklə yanaşı, rəydə mənzilin təmirinə çəkiləcək xərcin hansı meyar(lar) əsasında 20 000 manat təşkil etdiyi nəticəsinə gəlindiyi də ümumiyyətlə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı apellyasiya baxışı zamanı təyin olunmuş təkrar qiymətləndirmə və tikintitexniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, “Ekspert” LTD müəssisəsinin xx.xx.2017-ci il tarixli rəyində, habelə ilkin iddiaçının iddia ərizəsində (iddia ərizəsinə əlavədə) sadalanan əşyalardan fotoşəkillərdə əks edilənlərin xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixinə qədər normal istifadə (aşınma) olunmaları nəzərə alınmaqla xx.xx.2017-ci il tarixinə olan qiymətləri 39 000 (otuz doqquz min) manat, həmin əşyaların yenidən öz yerlərinə (mənzilə) quraşdırılmasına (montaj işlərinə) çəkilməli xərc 1520 (min beş yüz iyirmi) manat, mənzildə aparıcaq təmir işlərinə çəkiləcək xərc isə 12 267,8 (on iki min iki yüz altmış yeddi manat 80 qəpik) təşkil edə bilər. Kollegiya, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyini işin hallarında daha uyğun və daha mötəbər hesab edir; belə ki, birinci instansiya məhkəməsindəki icraat zamanı alınmış rəylərdən fərqli olaraq, “X9” MMC-nin rəyi kifayət qədər əsaslandırılmış, əmlakların normal aşınma dərəcəsinin onların qiymətinə təsiri nəzərə alınmış, ilkin iddiaçının iddia tələbinin müvafiq hissələri üzrə ayrıca qiymətləndirmə həyata keçirilmişdir. Həmin rəyin reallığı əks etdirmədiyi barədə irəli sürülən mülahizələrlə bağlı kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); kollegiya da bu hüququndan istifadə etməklə müvafiq rəyi əldə etmiş, ağlabatan mühakimə əsasında həmin rəyin daha mötəbər olması nəticəsinə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməli, mənzildən götürülmüş daşınar əmlakın, eləcə də yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq cəmi 52 862,8 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunmalıdır ki, ilkin iddiaçı, ona daha yüksək məbləğdə ziyan dəydiyini irəli sürsə də, bunu təsdiq edəcək mötəbər sübutlar təqdim etməmişdir – hansı ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verərkən Cavabdeh ödəmiş olduğu dövlət rüsumunun məbləği onun özünə aid olunmalı, apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri isə ondan alınıb müvafiq hesablara köçürülməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2515/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “mənzildən Cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də Cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74 550 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 15 nömrəli evin 10 nömrəli mənzilindən Cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq cəmi 52 862,8 (əlli iki min səkkiz yüz altmış iki manat 80 qəpik) Cavabdeh İddiaçı xeyrinə tutulsun. Apellyasiya şikayəti verərkən Cavabdeh ödəmiş olduğu dövlət rüsumunun məbləği onun özünə aid olunsun; apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat isə ondan alınaraq “X9” MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ30GUNA********************,Bank:“xxxx”ASC,VÖEN: **********,Müxbir hesab: AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar