Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-817/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2013-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2013-cü il tarixli qətnaməsi ilə (hakim N.Bağırov, iş № 2(009)-794/2013) iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, faizlərin və cərimənin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdeh1 05.11.2021-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Mülki iş öyrənilərkən məlum olmuşdur ki, sözügedən qərnamə Cavabdeh1 təqdim edilməsi üçün poçt vasitəsilə onun ünvanına göndərilmiş, lakin geri qaytarılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmiş, daha sonra Cavabdeh1 cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar olaraq icra məmuru icra sənədini icra hərəkətlərinin davam etdirilməsi üçün onun cəza çəkdiyi 10 saylı CÇM-nə təqdim etmişdir. Cavabdeh1 17.03.2019-cu il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunduğu üçün müəssisə icra sənədini Səbail rayon məhkəməsinə qaytarmış və sonradan qətnamə yenidən icraya yönəldilmişdir. Bundan təxminən 2 il keçdikdən sonra Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi Cavabdeh1 apellyasiya şikayəti vermə müddətini ötürüb-ötürməməsi məsələsini müzakirə etmədən şikayəti birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmiş və apellyasiya məhkəməsi də öz növbəsində apellyasiyanın mümkünlüyü üçün prosessual əsasların mövcudluğunu kifayət qədər araşdırmadan onu mümkün saymışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olmaqla icraata qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti daxil olduqdan sonra Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinin tələbinə müvafiq olaraq apellyasiyanın mümkünlüyünü, şikayətə apellyasiya qaydasında baxmaq üçün prosessual əsasların olmasını yenidən yoxlayaraq həmin maddədə nəzərdə tutulan prosessual hərəkətləri həyata keçirməlidir. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildikdə geri qaytarılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və Cavabdeh1 qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürüb-ötürməməsi məsələsinin müzakirə olunması və prosessual qaydada qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının apellyasiyanın mümkünlüyü barədə 15 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2013-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və apellyasiya şikayəti vermə müddətinin ötürülüb-ötürülməməsi məsələsinin müzakirə olunması və qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-817/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-817/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver