Məhkəmə qərarları › İş №2(103)-8170/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8170/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8170/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh Aqil Quliyevin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, cavabdeh X1 “iddianı təmin etmə tədbirinin ləğvi barədə” ərizəsi təmin olunsun, hazırkı iş üzrə iddianı təmin etmə tədbiri kimi Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 768E nömrəli bağ evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa ləğv edilsin. İddiaçının şikayətində tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, hazırkı iş üzrə iddia Səbail RM-nin 29.03.2018-ci il tarixli qətnaməsi ilə rədd olunub və qətnamə qanuni qüvvəyə minib. Mülki-Prosessual Məcəllənin 162.3-cü maddəsinə görə iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Ona görə də Səbail RM düzgün olaraq iddianı təmin etmə tədbirini ləğv edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar