Məhkəmə qərarları › İş №2(103)-8179/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8179/2021

29.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8179/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlunun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaklara istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi qismində X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaklara istifadə və sahiblik hüququnun tanınması” tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən iddiaçının nümayəndəsi qismində X1 21.05.2021-ci il tarixdə verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı ilə şikayəti imzalamış nümayəndənin etibarnaməsinin müddətinin 21.02.2021-ci tarixdə bitmiş olması əsas göstərilməklə qeyri-mümkün hesab edilərək mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. İş materiallarından aydın olur ki, sözügedən apellyasiya şikayətini imzalamış X2 09.06.2021-ci il tarixdə İddiaçı yeni etibarnamə almış və onu birinci instansiya məhkəməsinə təqdim etmiş, məhkəmə isə həmin etibarnaməni iş materiallarına əlavə edərək işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya növbəti dəfə qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, “imza” iradənin düzünə ifadə vasitəsidir və məhkəmə icraatına aid olan müxtəlif sənədlərin, o cümlədən apellyasiya şikayətinin imzalanması ilə imza sahibi həmin sənədlərdə əks olunmuş tələbin (xahişin) onun və ya təmsil etdiyi şəxsin iradəsi olduğunu ifadə edir. Mülki qanunvericilikdən fərqli olaraq, mülki prosessual qanunvericilik iradə ifadəsinin geriyə təsirini tanımır və bu səbəblə də şəxsin bir başqasına onu təmsil etməsi məqsədilə etibarnamə verməsi, etibar olunanın həmin etibarnamənin verilməsindən əvvəl etibar edən adından imzaladığı sənədlərin məhz sonuncunun iradə ifadəsinin təzahürü olduğu mənasına gəlmir. Buna qənaət gətirmək yalnız o halda mümkün ola bilər ki, etibarnamənin verilməsindən əvvəl etibar edilənin imzaladığı sənəd barəsində etibar edənin ən azından dolayı iradə ifadəsi bəyan edilmiş olsun, yaxud o özü də həmin sənədi imzalasın. Yuxarıda qeyd olunduğu kimi, X2 21.05.2021-ci il tarixdə apellyasiya şikayətini imzalayarkən buna səlahiyyəti olmamış, həmin səlahiyyət ona 09 iyun 2021-ci il tarixdə verilmişdir; bu isə o deməkdir ki, müvafiq apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaqla onun apellyasiya icraatı mümkün deyildir. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul edilərək apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya eyni zamanda iddiaçının nümayəndəsinə izah edir ki, o, 21 may 2021-ci il tarixdə verdiyi apellyasiya şikayətinin təmsil etdiyi şəxsin iradə ifadəsinin təzahürü olduğunu təsdiq edən sənədləri əlavə etməklə, yaxud yenidən apellyasiya şikayəti verməklə apellyasiya icraatının başlanmasına nail ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1052/2021 saylı iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi qismində X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar