Məhkəmə qərarları › İş №2(103)-818/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-818/2025

05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-818/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (Maddi zərər, su axıtmaya görə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(009)-683/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 51 saylı evin, 9 saylı mənzilinə ondan üst mərtəbədə yaşayan Cavabdeh məxus mənzildən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. 2.Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, su axıtma nəticəsində Cavabdeh 985 manat məbləğində maddi zərərin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı ailə üzvləri (əri və digər şəxslər) ilə birlikdə həmin evdə yaşamaqla, daim qanunvericilik çərçivəsində sosial-birgə yaşayış qaydalarına riayət etmişdir. Lakin üst qonşusu onun mənzilinə su axıdması nəticəsində xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, üst qonşunun mənzilindən mütəmadi axan su nəticəsində iddiaçının mənzili yararsız hala düşmüşdür. Lakin qonşuluq nöqteyi-nəzərindən bu günə qədər o, cavabdehə qarşı iddia qaldırmamışdır. Baxmayaraq ki, cavabdehə vurulmuş ziyanla bağlı dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalmışdır. Səbail rayonu 58 MKİS-nin bələdçisi Cəfərov Yusifin, Səbail rayonu 9-cu polis bölməsinin sahə rəisi polis kapitanı Hüseynov Eminin iştirakı ilə mənzilə daxil olaraq mənzilə üst qonşudan, yəni 21ci mənzildən uzun müddət su axmasının və həmin su axma nəticəsində külli miqdarda iddiaçıya ziyan dəyməsinin aşkar edilməsi barədə ünvanına xx.xx.2023-cü tarixdə akt tərtib olunub. Aktda qeyd olunan maddi ziyanla bağlı məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi əsassız olduğundan, əks olunanlar həqiqətə uyğun olmadığından rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı ziyan vurulması barədəki ərizəsini Səbail rayonu 58 saylı MKİS-nin mühəndisi, sahə bələdçisı Yusif Səfərovun və Səbail PPİ-nin 9-cu Polis Bəlməsinin sahə rəisi, polis kapitanı Emin Hüseynovun iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Aktla əsaslandırmışdır. Bundan sonra cavabdeh ərizəsində qanunvericilik aktlarının müxtəlif maddələrini sadalayaraq ərizəsinin 2-ci səhifəsinin 6-cı abzasında göstərmişdir ki, “Bütün bu sadaladıqlarımızla, bir daha sübuta yetirilir ki, cavabdehin bu kimi qanunazidd əməlləri, səhlənkarlığı, onun mənzilindən iddiaçının mənzilinə axıdılan su nəticəsində sonuncuya ümumilikdə 985 (doqquz yüz səksən beş) manat dəyərində maddi ziya dəymişdir. İddiaçının ərizəsi tamamilə əsassızdır. Belə ki, iddiaçı suyun mənzilinin hansı hissəsinə axması, su axması nəticəsində hansı əmlaklarının hansı hissəsinə, hansı məbləğdə ziyan dəyməsini göstərməmişdir. İddiaçinin əsas kimi gətirdiyi və Səbail rayon 58 saylı MKİS-nin mühəndisi Nəsimi Məsmalıyevin, sahə bələdçisi Yusif Cəfərovun yə Səbail RPl-nin 9-cu PB-nin sahə rəisi, polis mayoru Emin Hüseynov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli AKT-da isə göstərilir ki, ”2-ci mərtəbədə yerləşən Cavabdeh məxsus 21 saylı mənzildən 9 saylı mənzilə su axır. Axma nəticəsində 9 saylı mənzilin mətbəx və sanuzel hissəsində tavana ziyan dəymişdir”. Aktı tərtib etmiş mühəndis tavanın hansı hissəsinin hansı materialının xarab olduğunu göstərməmişdir. Aktı tərtib edən şəxslər mənzilin kimə aid olmasını araşdırmadan əsassız olaraq onun Cavabdeh mülkiyyətində olduğunu göstərmişlər. Halbuki həmin mənzil Cavabdeh mərhum əri, xx.xx.2021-ci il tarixdə X7 Cümhuriyyətində vəfat etmiş X3 mülkiyyətində qalmaqla ləğv edilmiş "xxxx" ASC-də girovda olmaqla üzərində özgəninkiləşdırilməsınə dair qadağa vardır və cavabdeh həmin mənzillə bağlı hüquqmüəyyənedici sənədləri ala bilmədiyindən, vərəsə kimi də qeydə alınmamışdır. Bundan başqa, İddiaçı məxsus mənzil Bakı şəhəri, Mehdi Hüseyn küçəsi ilə N.Nərinanov küçələrinin birləşməsindən təxminən 60-80 metr N.Nərimanovun heykəlinə tərəfdə olmaqla yamacda yerləşən binanın yamaca tərəf olan hissəsində torpağın üst qatından 2 metrdən də çox aşağıda yerləşir. Ön tərəfdən isə R.İmanovun mənzilinin alt hissəsində olmaqla yerin üst səviyyəsindədir. İddiaçının mənzili havalanmır, rütubətlidir, daim onun mənzili nəmişlikdir, məhz bu səbəbdən də, iddiaçı ailəsi ilə birlikdə uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Bundan başqa, iddiaçının əri Məhərrəmov Rafiq suyun axması ilə bağlı cavabdehin ərinə məxsus olan mənzilin hamam otağını suyun oradan axa biləcəyi ehtimalı ilə özünün usta olduğunu bildirib, təmir edəcəyini bildirib, Cavabdeh təmir zamanı istifadə edəcəyi tikinti materiallarını almaq bəhanəsi ilə 100 manat pul alıb, həmin mənzilin hamam otağının döşəməsindəki metlaqları və divarını sökmüş, suyun həmin hissədəki borulardan axmadığını görüb işi atıb getmiş və həmin vaxt aldığı tikinti materiallarını da özü ilə aparmışdır. Faktiki olaraq Cavabdeh mərhum ərinin hüququ varisi kimi də tanınmamışdır. Bu barədə Bakı şəhəri 28 saylı Notariat ofisindən alınmış xx.xx.2023-cü il tarixli 525 saylı arayışın surətini də təqdim edir. Ona görə də, iddia əsl olmayan cavabdehə qarşı yönəldildiyindən, iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. 6.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 oktyabr 2024-cü il tarixli, 2(009)-683/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Mədinə Bağırova) iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 985 (doqquz yüz səksən beş) manat maddi ziyan tutulması, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. 7.İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 51 saylı evin, 9 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. 8.İş materiallarında olan 58 saylı MKİS-nin mühəndisi Məsmalıyev Nəsimi, sahə bələdçisı Yusif Səfərov və Səbail PPİ-nin 9-cu Polis Bəlməsinin sahə rəisi, polis kapitanı Emin Hüseynov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 51, mənzil 9 İddiaçı məxsusdur. Sözü gedən ünvanın üzərində 2-ci mərtəbədə yerləşən Cavabdeh məxsus 21 saylı mənzildən 9 saylı mənzilə su axır. Axma nəticəsində 9 saylı mənzilin mətbəx və sanuzel hissəsində tavana ziyan dəymişdir. 9.İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. 10.İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin -16-16/2-10/2673 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan 9 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən 51 saylı evin, 9 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 2-ci mərtəbəsində yerləşən 21 saylı mənzildən su axıdılığı və nəticədə 9 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 21 saylı mənzilin qapısı bağlı olduğundan, 9 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 9 saylı mənzilə su sızması 21 saylı mənzilin su-kanalizasiya xətlərinin gözlə görünməyən hissələrində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən 51 saylı evin, 9 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətinə uyğun dəyəri təqribən 1543,0 manat məbləğində müəyyən olunmuşdur. 11.Məhkəmə müəyyən etmişdir ki, iddiaçının üst qonşunun mənzilindən mütəmadi axan su nəticəsində iddiaçının mənzili yararsız hala düşmüşdür. Lakin qonşuluq nöqteyi nəzərindən bugünə qədər o, cavabdehə qarşı iddia qaldırmamışdır. Baxmayaraq ki, cavabdehə vurulmuş ziyanla bağlı dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalmışdır. Səbail rayonu 58 MKİS-nin bələdçisi Cəfərov Yusifin, Səbail rayonu 9-cu polis bölməsinin sahə rəisi polis kapitanı Hüseynov Eminin iştirakı ilə mənzilə daxil olaraq mənzilə üst qonşudan, yəni 21-ci mənzildən uzun müddət su axmasının və həmin su axma nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. 12.İş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2673 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən 51 saylı evin 9 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətinə uyğun dəyəri təqribən 1543,0 manat məbləğində müəyyən olunur. 13.Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspert rəyi ilə və iddiaçının tələb etdiyi məbləğlə razılaşaraq bu qənaətə gəlmişdir ki, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən 51 saylı evin 9 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün Cavabdeh 985 manat pul tutularaq İddiaçı ödənilməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsindən imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya iddia ərzəsinə etirazda göstərilənlərə oxşar qaydada əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı məhkəmədə də suyun mənzilinin sanitar qovşağına və dəhlizmətbəxinə axdığını təsdiq etdi. Lakin, bu zaman sanitar qovşağının və dəhliz-mətbəxin guya tavanının su axması nəticəsində qopub töküldüyünü, bildirsə də, ümumi sözlərdən istifadə etməklə iddiasını sübut etməkdən boyun qaçırdı və məhkəmə də bunu nəzərə almadı. Məhkəmə iddiaçıdan fərqli olaraq qətnaməsində ziyanın bütün məznilə dəyməsini göstərir, bunun sübutut kimi istinad etdiyi, Səbail rayonu, 58 nörməli MKİS-nin mühəndisi Məsmalıyev Nəsimi, bələdçisi Cəfərov Yusif və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə rəisi, poli kapitanı Emin Hüseynovun iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli Akt-da o həmin şəxslərin iddiaçının Səbail rayonu, M.Hüseyn küçəsi, ev 51, mənzil 9 ünvanında yerləşən mənzilə daxil olaraq orada üst qonşudan, yəni 21-ci mənzildən su axması nəticəsində iddiaçının məznilinin yalnız mətbəx və sanuzel hissəsində tavanına ziyan dəyməsini görmələrini göstərmişdir. Məhkəmə həmin şəxsləri məhkəməyə dəvət edib dinləməmiş, gördükləri ziyan barədə dəqiq məlumat əldə etməkdən yayınmışdır. Bundan başqa məhkəməyə təqdim etdikləri etiraza əlavə edilmiş fotoşəkildə iddiaçıya məxsus mənzilin yamacda yerləşən binanın birinci mərtəbəsində yerləşməklə, yan və arxa tərəfdən yer səthindən 2-3 metr dərinlikdə olmasının, həmin hissələrdə havalandırma şəraitinin olmamasının, torpağın alt hissəsində olduğundan daim nəmişli olmasının nəzərə alınmadığı və bu səbəbdən də iddiaçının uzun müddətdir ki, həmin mənzildə yaşamadığı görünsə də, məhkəmə bunu nəzərə almamışdır. Həmçinin iddia ərizəsində suyun axması nəticəsində yalnız mənzilin sanuel və mətbəxinin tavanına ziyan dəyməsi göstərilsə də, məhkəmənin “məhkəmə-tikinti ekspertizası” təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardadında ekspertin qarşısında əsassız olaraq iddiaçının bütün mənzilinə dəymiş ziyanın hesablanması barədə məsələ qoyulmuşdur. Ekspertin rəyində görüləcək işlərin hesablandığı cədvəldə də “Sanuzel və dəhliz-mətbəxin tavanına hər birinə 3 kv.m olmaqla, cəmi 6 kv.m “lambirin” materialı (Lambir 3 kv.m-10 manat olmaqla 30 manat, 3 kvm 15 manatdan 45 manat) vurulmalı olmasını göstərmişdir.Ekspert nədənsə sanuzel və mətbəxin döşəməsinə vurulmuş taxtanın xarab olub sıradan çıxması barədə heç bir qeyd etməmişdir ki, bu da taxta döşəmənin salamat olmasını, “daim axan suyun” təsirinə məruz qalmadığını göstərir. Axınt suyu taxta döşəməyə də ziyan yetirməli idi və taxta döşəmədə çürümə izləri də olmalı idi. Əgər döşəməyə ziyan yetirilməmişdirsə, onda tavan və divara dəymiş ziyan şişirdildiyi kimi 985 manat ola bilməzdi. Bunda başqa iddiaçı göstərmişdir ki, dəfələrdə cavabdehə suyun axmasının qarşısının alınması üçün müraciət etmişdir. iddiaçının göstərdiyi bu hal öz təsdiqini tapmır. Belə ki, iddiaçı həmin mənzildə yaşamırdı. Bundan başqa Akt tərtib edən şəxslər 21 saylı mənzilin kimə aid olmasını araşdırmadan əsassız olaraq onun X2 mülkiyyətində olduğunu göstərmişlər. Halbuki, həmin mənzil X2 mərhum əri xx.xx.2021-ci il tarixdə X7 Cümhuriyyətində vəfat etmiş, X3 mülkiyyətində qalmaqla ləğv edilmiş "xxxx" ASC-də girovdadır və üzrədinə özgəninkiləşdirilməsinə dair qadağa vardır və cavabdeh həmin mənzillə bağlı hüquqmüəyyənedici sənədləri ala bilmədiyindən vərəsə kimi də qeydə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 19.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddiada göstərilənlərə uyun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, ekspert rəyində zərər onun tələbindən artıq məbləğdə müəyyən olunsa da, o, namaz qılan olduğu üçün çəkdiyi xərc olaraq 985 manatı tələb etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 20.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 22.Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 23.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 24.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 27.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 28.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinin qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(009)-683/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 32.Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçının üst qonşunun mənzilindən mütəmadi axan su nəticəsində iddiaçının mənzili yararsız hala düşmüşdür. Lakin qonşuluq nöqteyi nəzərindən bugünə qədər o, cavabdehə qarşı iddia qaldırmamışdır. Baxmayaraq ki, cavabdehə vurulmuş ziyanla bağlı dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalmışdır. Səbail rayonu, 58 MKİS-nin bələdçisi Cəfərov Yusifin, Səbail rayonu 9-cu polis bölməsinin sahə rəisi polis kapitanı Hüseynov Eminin iştirakı ilə mənzilə daxil olaraq mənzilə üst qonşudan, yəni 21-ci mənzildən uzun müddət su axmasının və həmin su axma nəticəsində iddiaçıya maddi ziyan dəyməsini göstərmişdir. 33.Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, rəy alınmışdır. 34.İddiaçının mənzilinə su axıdılması işdə olan akt və ekspert rəyi ilə öz təsdiqini tapır. 35.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 36.Apellyatorun ekspert rəyi ilə razılaşmadığı hallar, heç bir mötəbər sübutla təsdiq olunmamaqla, ekspert rəyini şübhə altına ala bilməz. 37.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 38.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 39.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 41.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 42.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 43.Kollegiya həmçinin qeyd edir ki, mübahisələndirilən hissədə məbləğ 985 manat olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(009)-683/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar