Məhkəmə qərarları › İş №2(103)-8182/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8182/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8182/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1488/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 12740 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014cü il tarixli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli müqaviləyə edilən əlavəyə əsasən müqavilənin bitmə tarixi xx.xx.2018-ci il təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixədək Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1474,03 ABŞ dolları əsas borc, 2890,21 ABŞ dolları faiz borcu, 92,68 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 212,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4669,72 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 1474,03 ABŞ dolları əsas borc, 2890,21 ABŞ dolları faiz borcu, 92,68 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 212,8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4669,72 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1488/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 6-MZ1-0-573-14 saylı kredit müqaviləsi üzrə 1474,03 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə 2890,21 ABŞ dolları faiz borcu, 22,96 ABŞ dolları cərimə borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik 5% dərəcəsi alınmaqla 212,8 ABŞ dolları faiz borcu, cəmi 4600 (dörd min altı yüz) ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutulması, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək qətnaməni qismən ləğv edərək İddiaçı X1 Cəmiyyətinin iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qismən əsassızdır. Qətnamədən göründüyü kimi, məhkəmə iddia tələbinin zamin Cavabdeh2 tutulmasına dair hissəsini rədd edərkən, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad edərək, qətnamədə göstərir ki, “...Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun eyni zamanda cavabdeh olan zamindən də müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsini düzgün tövsif etməyərək, qətnamədə səhv nəticəyə gəlmişdir. Cavabdeh2 ilə bank arasında xx xxxx 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilə ilə Zaminin Bank qarşısında olan hüquq və vəzifələri, həmçinin də zaminlik üzrə münasibətlərə xitam verilməsi halları müəyyən edilmişdir. Belə olan halda, müqavilə ilə nəzərdə tutulan halların zaminə münasibətdə mövcud olmamasına baxmayaraq, həmçinin xx xxxx 2014-cü il tarixli Zaminlik müqaviləsində qeyd edilən şərtlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əksinə birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəhclə iddianı zaminə münasibətdə təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyatı olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Bu səbəbdən, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mülki Məcəllənin müxtəlif maddələrinə istinad edərək, zaminə münasibətdə iddia tələbinin əsassız olduğunu qeyd edərək və formal mülahizələrlə həmin hissədə iddianı rədd etməklə Mülki Məcəllənin normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq qeyd edir: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Dəbbə pulunun silərkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Göründüyü kimi, məhkəmə cavabdehin cərimə borcunu tənasübsüz surətdə azaltmaqla haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni cavabdehlər ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissə ilə bağlı apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1488/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan «xxxx» İKB ASC-nin “Mərkəzi” filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 6-MZ-1-0-573-14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28% ödəmək şərti ilə 12470 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “Kreditor” qismində «xxxx» KB ASC-nin “Mərkəzi” filialı ilə “Borc alan” Cavabdeh1 və “Zamin” qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin bankla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 6-MZ-1-0-573-14 saylı kredit müqaviləsinə 1 saylı və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavələrdən görünür ki, kredit müqaviləsinin 1.6-cı bəndində və zaminlik müqaviləsinin 1.3.3-cü bəndində göstərilmiş “24 ay” sözləri “43 ay 6 gün” sözləri ilə əvəz edilmiş və kreditin müddəti “43 ay 6 gün” hesab edilmiş, kredit müqaviləsinin 1.8-ci bəndində və zaminlik müqaviləsinin 1.3.6-cı bəndində göstərilmiş “xx.xx.2016” sözləri “xx.xx.2017” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx.xx.2017” hesab edilmiş, kredit müqaviləsinin 1.11-ci bəndində və zaminlik müqaviləsinin 1.3.8-ci bəndində göstərilmiş “28%” sözləri “26%” sözləri il əvəz edilmiş və kreditin illik faiz dərəcəsi 26% hesab edilmişdir. İş materiallarında olan 6-MZ-1-0-573-14 saylı kredit müqaviləsinə 1 saylı və zaminlik müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavələrdən görünür ki, kredit müqaviləsinin 1.6-cı bəndində və zaminlik müqaviləsinin 1.3.3-cü bəndində göstərilmiş “24 ay” sözləri “53 ay 19 gün” sözləri ilə əvəz edilmiş və kreditin müddəti “53 ay 19 gün” hesab edilmiş, kredit müqaviləsinin 1.8-ci bəndində və zaminlik müqaviləsinin 1.3.6-cı bəndində göstərilmiş “xx.xx.2017” sözləri “xx.xx.2018” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx.xx.2018” hesab edilmiş, kredit müqaviləsinin 1.11-ci bəndində və zaminlik müqaviləsinin 1.3.8-ci bəndində göstərilmiş “26%” sözləri “26%” sözləri il əvəz edilmiş və kreditin illik faiz dərəcəsi 26% hesab edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli 6-MZ-1- 0-573- 14 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 1474,03 ABŞ dolları əsas, kreditin bitmə tarixinə hesablanmış 2890,21 ABŞ dolları faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 92,68 ABŞ dolları cərimə borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunvericiliyin göstərilən normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 5.1-ci bəndinə əsasən zaminlik müqaviləsi kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta kimi qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının 1-ci hissəsinin 2-ci bəndinə əsasən hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından göründüyü kimi tərəflər arasında müqavilə bağlanılarkən müqavilənin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfləri kənar yardım olmadan müqavilə üzrə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilsinlər. Məhkəmə qeyd edir ki, kredit müqaviləsində zaminliyin qüvvədə olma müddətinin kreditorun kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etdiyi vaxtadək göstərilməsi, müddəti təyin edilməyən müqavilə kimi hesab edilməlidir. Yəni zaminlik müqaviləsində kredit müqaviləsi üzrə borcalanın bütün öhdəlikləri tam yerinə yetirilənədək qüvvədə qalması kimi müəyyən edilməsi, müqavilənin müddəti kimi şərh edilə bilməz. Belə olan halda qanunvericilik kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtının çatdığı gündən kreditorun zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən, xx.xx.2018-ci il tarixdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq kreditor zaminə qarşı iddia irəli sürmədiyi üçün (kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə verilmişdir), hazırda zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi zaminə münasibətdə təmin edilməməlidir. Bundan əlavə iddiaçı apelyasiya şikayətində cərimə borcunun düzgün hesablanmadığını bildirir. Kollegiya qeyd edir ki, dəbbə pulu tərəflərin azad iradəsi əsasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi əsasında borclunun kreditora ödənilməli olan pul məbləği olmaqla öhdəliklərinin icrasının təmin edilməsinin üsullarından biridir. Belə ki, yaranmış öhdəliyin icrasının təmin edilməsi, həmin öhdəliklərin icrasının təmin edilməsi forması kimi çıxış edir. Bu da borclunun kreditor qarşısında götürmüş olduğu öhdəlikdən yayınmaması üçün əhəmiyyətlidir. Amma müəyyən edilmiş dəbbə pulu götürülmüş öhdəliyə münasib olmaqla öhdəliyin gələcəkdə də icrasına əhəmiyyəli dərəcədə maneə yaratmamalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, dəbbə pulu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı olsa da, borclunun hüquq və mənafelərinə zidd olaraq tənasübsüz surətdə yüksək həddə müəyyənləşdirilə bilməz. Hazırki mülki iş materiallarından müəyyən olunur ki, mövcud iddia tələbi qeyd edilən tələblərə cavab vermir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi dünyada baş vermiş iqtisadi böhranı, ölkəmizdə baş vermiş manatın devalvasiyasını, həmçinin cavabdehin maliyyə vəziyyətini nəzərə almış və haqlı olaraq iddianı cərimə borcu hissəsində qismən təmin edilərək 1474.03 ABŞ dolları məbləğində əsas borca münasibətdə 22,96 ABŞ dolları məbləğində cərimə borcunun tutulması məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1488/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC -nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1488/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə «xxxx» ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar