Məhkəmə qərarları › İş №2(103)-8183/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8183/2020

27.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8183/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə cavabdehin və tərcüməçi X1 qızının iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Birlik, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə vurulmuş zərərin əvəzinin – 2.384,50 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 88 saylı ev (özbaşına tikili) iddiaçı Birlik tərəfindən təbii qazla təmin olunur. Bununla bağlı olaraq Birlik ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə T/17227 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” bağlanmış və ünvana G-4 markalı, 1202AQ**********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin “Tərəflərin vəzifələri və hüquqları” adlı 2-ci bəndinin və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən cavabdehin evində quraşdırılmış qaz sayğacına bir neçə dəfə baxış keçirilərkən qaz xəttinə sayğacdan qabaq özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuş və bu halı təsdiq edən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3n pozulması haqqında” aktlar tərtib edilmiş, vurulmuş zərər hesablanmışdır. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 365,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 93 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 85,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 549 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, cəmi 2.454 manat məbləğində ziyanın Birliyə dəyməsi müəyyən edilmişdir. Vurulmuş zərərin ödənilməsi Birlik tərəfindən cavabdehə təklif olunmuş, lakin cavabdeh ziyanın ödənilməsi ilə bağlı cüzi ödəniş etmiş, qalan 2.384,50 manat məbləğində ziyanı, Birlik tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq ödəməmişdir. Bu səbəbdən Birlik hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, təbii qazdan qeyri-qanuni istifadə ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi 1.208,25 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza xərcinin ödənilməsi məqsədi ilə cavabdehdən dövlət nəfinə 50 manat məbləğində pulun tutulmasını qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə iddiaçı Birlik işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı Birlik iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisəlndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh də iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, cavabdehə məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 88 saylı ev (özbaşına tikili) iddiaçı Birlik tərəfindən təbii qazla təmin olunur. Bununla bağlı olaraq Birlik ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə T/17227 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” bağlanmış və ünvana G-4 markalı, 1202AQ**********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Müqavilənin şərtlərinə görə, Birlik bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (cavabdehi) keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Birlik tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.3.4-cü bəndinə görə, istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə görə, istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürür. Müqavilənin 2.3.2-ci bəndinə görə, istehlakçı bu müqavilənin və “X3”nın tələblərinə əməl etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə görə, bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktlardan görünür ki, cavabdehə məxsus ünvana aid qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, cavabdeh, qaz xəttinin qaz sayğacından qabağkı hissəsinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə edir. Aktlardan görünür ki, iş üzrə cavabdeh aktları imzalamaqdan imtina etmişdir. Birliyin Bakı Regional X4 tərəfindən verilmiş qərarların surətindən görünür ki, yuxarıda qeyd edilən aktlar əsasında hesablanmış ziyan aşağıdakı məbləğdədir: -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 365,40 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 93 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 85,80 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat; -xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 549 manat; -xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; -xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; -xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; -xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; -xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat. İddiaçı Birlik bildirir ki, cavabdeh ziyanın ödənilməsi ilə bağlı müəyyən ödəniş etmiş, ödənilməmiş qalan ziyan 2.384,50 manat məbləğindədir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X3nın təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 №-li qərarının 1.3.-cü bəndinə görə, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. “Qaydaların” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. “Qaydaların” 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə görə, qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qeyd olunan maddi hüquq normalarının mənasından və Birlik ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi fərdi istehlakçı olan cavabdeh iddiaçı Birlik tərəfindən verilən təbii qazdan istifadənin əvəzini ödəmək vəzifəsini daşıyır. Cavabdeh apellyasiya şikayətində və Məhkəməyə verdiyi izahında sayğaca heç bir müdaxilə etmədiyini bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2020-ci il tarixli 31431 saylı rəyindən görünür ki, cavabdehə məxsus yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməsə də, paylayıcı qaz xəttinin üzərində 5 sm. uzunluğunda sonluğu bağlı vəziyyətdə olan borucuq aşkar edilmişdir ki, həmin borucuq vasitəsilə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı Birlik öz mövqeyini yuxarıda göstərilənlərə əsasən kifayət qədər sübuta yetirir, lakin ikinci növbədə sübutetmə yükünü daşıyan cavabdeh, aşkar edilmiş kənar xətt vasitəsi ilə təbii qazdan onun tərəfindən istifadə edilməməsini sübuta yetirə bilmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh yuxarıda qeyd edilən aktları və onların əsasında qəbul edilmiş qərarları mübahisələndirməmiş, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Məhkəmə qeyd edilənləri, ekspert rəyini və işin materiallarını nəzərə alaraq hesab edir ki, cavabdehin qaz sayğacından kənar qaz sayğacına müdaxilə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etmişdir və işə baxmış Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Çünki MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehin təbii qazdan qanunsuz olaraq istifadə etməsi sübuta yetdiyindən Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı Birliyə vurduğu zərərin əvəzini ödəməyə borcludur. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı Birlik bildirir ki, cavabdeh ziyanın ödənilməsi ilə bağlı müəyyən ödəniş etmiş, ödənilməmiş qalan ziyan 2.384,50 manat məbləğindədir. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan məbləğ qismən əsaslıdır və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Birlik qeyd edilən məbləği müəyyən edərkən digər aktlar ilə yanaşı xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında” aktlara və bu aktlar əsasında qəbul edilmiş qərarlara istinad etsə də, qeyd edilən bu 3 aktı və qərarı məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı Birlik tərəfindən təqdim edilmiş digər aktlarda və onların əsasında qəbul edilmiş qərarlarda əks olunan və cavabdeh tərəfindən qeyri-qanuni istifadə edilmiş təbii qazın həcminin real olmadığı nəzərə almış Rayon Məhkəməsi həmçinin müəyyən etmişdir ki, cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri 2.384,50 manat deyil, 1.208,25 manat təşkil edir. Məhkəmə qeyd edir ki, həqiqətən də iş materiallarından görünür ki, iddiaçı Birliyin istinad etdiyi həmin 3 akt və onların əsasında Birlik tərəfindən qəbul edilmiş qərarlar Birlik tərəfindən məhkəmələrə təqdim edilməmiş, təqdim edilmiş aktlarda və onların əsasında qəbul edilmiş qərarlarda isə əks olunan və cavabdeh tərəfindən qeyri-qanuni istifadə edilmiş təbii qazın həcmi real deyil. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri 2.384,50 manat deyil, 1.208,25 manat təşkil edir. Bu məbləğin daha aşağı olmasını təsdiq edə biləcək dəlillər isə cavabdeh tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Odur ki, MPM-nin 14.2 və 77.2-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin cavabdeh tərəfindən iddiaçı Birliyə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı nəticəsi düzgündür. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdeh M.Musayeva münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar