Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8191/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “məhv edilmiş əmlakın əvvəlki vəziyyətinin bərpa edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 427,8 kv.m torpaq sahəsinin üzərindəki 111,3 kv.m qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilsin və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi kimi 2.000.000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə icraat zamanı iddiaçı “iddianı təmin etmə tədbiri barədə” ərizə vermişdir. Ərizədə tələb olunub ki, həmin torpaq sahəsində aparılan bütün tikinti işləri dayandırılsın, ərazidən istifadə edilməsi, əraziyə daxil olma, həmin ərazidə hər hansı fəaliyyətin göstərilməsi cavabdehə qadağan olunsun. Nərimanov Rayon Məhkəməsinin 13.07.2021ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə qismən təmin edilsin, iş üzrə yekun məhkəmə aktı çıxarılanadək həmin torpaq sahəsinin üzərində yerləşən 111,3 kv.m tikilidən ibarət olan qeyri-yaşayış sahəsinin sökülməsi və qeyd edilən tikilinin yerləşdiyi müvafiq ərazidə aparılan tikinti işləri dayandırılsın, ərizənin qalan hissəsi təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin olunmalıdır. Belə ki, cavabdeh həmin ərazidə çoxmənzilli yaşayış binasının tikintisini həyata keçirir. İddia ərizəsində göstərilən tikili (qeyri-yaşayış sahəsi) cavabdeh tərəfindən artıq sökülüb, bunu iddia ərizəsində iddiaçının özü bildirib. İddia ərizəsində tələb olunan 2.000.000 manat əslində iddiaçının cavabdehdən həmin əmlakın əvəzi kimi almaq istədiyi məbləğdir, iddia ərizəsində o, “zərərin əvəzi” kimi qeyd olunub. Lakin tərəflərin arasında müəyyən məsələlər (pulun məbləği və s.) barədə mübahisə olduğuna görə onlar razılığa gələ bilmirlər. İddianı təmin etmə tədbiri isə faktiki olaraq ona yönəlib ki, cavabdeh iddiaçının tələb etdiyi məbləği ona ödəsin, çünki tikinti işlərinin dayandırılması cavabdehə başqa seçim imkanı vermir. İddianı təmin etmə tədbirindən belə məqsədlər üçün istifadə edilməsi Mülki-Prosessual Məcəllənin 157-ci maddəsinin göstərişinə uyğun deyil. İddiaçı hazırkı işdə əmlakın (özünə məxsus olduğunu iddia etdiyi əmlakın) dəyərinin ödənilməsi üçün iddia irəli sürüb. İddianı təmin etmə tədbirinin məqsədi gələcəkdə qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edəcək halların qarşısını almaqdan ibarətdur. Əgər gələcəkdə bu iddianın təmin olunması barədə qətnamə qəbul edilərsə, hazırkı ərizənin (iddianı təmin etmə tədbiri barədə ərizənin) rədd edilməsi əmlakın dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsini çətinləşdirməyəcək və ya qeyri-mümkün etməyəcək. Beləliklə, qərardad ləğv edilməli və ərizə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbiri barədə” ərizə tam rədd olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8191/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8191/2021
13.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver