Məhkəmə qərarları › İş №2(103)-8194/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8194/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8194/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2430/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli (müddətin ötürülməsinə görə apellyasiya şikayətinin geri qaytarılması) və 06 sentyabr 2022-ci il tarixli (prosessual müddətin bərpasından imtina edilməsi barədə) qərardadlarından iddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. “İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldiməsi tələbinə dair iddia ərizəsi ilə məkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 993,52 manat, faiz borcu üzrə 528,55 manat, cəmi 1522,07 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 35,22 manat və müvəqqəti təminat tədbirinə dair ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **- SK-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21214" markalı minik (buraxılış ili 2013, Ban XTA212140D2120134, rəngi-ag) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2430/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

3. Həmin qətnamədən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin 08 avqust 2022-ci il tarixli, 2(001)-2430/2022 saylı qərardadına əsasən müddətin ötürülməsinə görə geri qaytarılmışdır.

4. Bundan sonra iddiaçının nümayəndəsi həm prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, həm də apellyasiya şikayətinin geri qaytarılması barədə məhkəmənin 08 avqust 2022-ci il tarixli, 2(001)-2430/2022 saylı qərardadından şikayət vermişdir.

5. Məhkəmənin 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpasından imtina edilmiş, lakin apellyasiya şikayətinin geri qaytarılması barədə məhkəmənin 08 avqust 2022-ci il tarixli qərardadından verilən şikayətə baxılmamışdır.

6. Daha sonra iddiaçının nümayəndəsi məhkəmənin müddətin bərpasından imtina edilməsi barədə 06 sentyabr 2022-ci il tarixli qərardadından şikayət vermiş, lakin həmin şikayət də məhkəmənin 28 sentyabr 2022-ci il tarixli qərardadına əsasən geri qaytarılmış və nəhayət geri qaytarılma barədə həmin qərardaddan verilən şikayət məhkəmənin 10 oktyabr 2022-ci il tarixli qərardadına əsasən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(001)- 2430/2022 nömrəli qərardadı ləğv edilmiş və 08 avqust 2022-ci il tarixli, o cümlədən 06 sentyabr 2022-ci il tarixli qərardadlardan verilən şikayətlərə baxılması üçün iş məhkəməyə geri qaytarılmışdır.

8. Bundan sonra, rayon məhkəməsinin eyni saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə 08 avqust 2022-ci il tarixli, o cümlədən 06 sentyabr 2022-ci il tarixli qərardadlardan verilmiş şikayətlər təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

11. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardadlar dəyişdirilmədən saxlanılmalıdır.

12. İddiaçı tərəfindən həm apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan verilən şikayətin, həm müddətin bərpasına dair ərizənin, həm də müddətin bərpasından imtina edilməsi barədə qərardaddan verilən şikayətin dəlilləri eynilik təşkil edir. Şikayətin məzmunu apellyasiya şikayəti verilməsi müddətinin axımının nə vaxtdan başlanmalı olması ilə əlaqədardır.

13. Rayon məhkəməsi həmin qərardadlarda mövqeyini Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 135.5 və 135.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Həmin normalara görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır və bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

14. Eyni zamanda elektron kabinetə yerləşdirilən hər bir məhkəmə sənədi barədə tərəfə avtomatik olaraq məlumatın ötürülməsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təmin edilir.

15. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.3-cü bəndində göstərilmişdir ki, Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır.

16. Bu səbəbdən də rayon məhkəməsi haqlı olaraq apellyasiya şikayəti verilməsi üçün müddətin axımının tərəfin müvafiq məhkəmə aktını elektron kabinetdən nə vaxt çıxarış etməsindən asılı olmayaraq, elektron kabinetinə yerləşdiyi gündən başlanmalı olması qənaətinə gəlmişdir.

17. Bundan əlavə iddaçının müddətin bərpa edilməsi barədə vəsatəti və müddətin bərpasından imtina edilməsi barədə qərardaddan verdiyi şikayətin dəlilləri də ondan ibarət olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi elektron kabinetə 24 iyun 2022-ci il tarixdə yerləşdirilsə də, iddiaçı qətnaməni elektron qaydada əldə etməmiş, qətnamə onlar tərəfindən xx.xx.2022-ci il tarixdə elektron sistemdən çıxarış edilmişdir.

18. Rayon məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının bildirdikləri texniki cəhətdən mümkün deyildir və iddiaçının vəsatətinin və digər şikayətinin dəlilləri özünün göstərdiyi faktlarla ziddiyyət təşkil edir. Çünki iddiaçı özü də qəbul edir ki, qətnamə elektron sistemdən çıxarış edilmişdir və həmin qətnamədən 24 iyun 2022-ci il tarixdə məlumatının olması qətnamənin daha əvvəldən elektron kabinetə yerləşdirilmiş olmasını istisna etmir.

19. Kollegiya hesab edir ki, rayon məhkəməsi müddətin üzrsüz səbəbə görə ötürülməsi qənaətinə gəlməkdə halı olmuşdur.

20. Beləliklə, Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmənin apellyasiya şikayətinin geri qaytarılması barədə 08 avqust 2022-ci il tarixli və müddətin bərpa edilməsindən imtina edilməsi barədə 06 sentyabr 2022-ci il tarixli qərardadları qanuni və əsaslı, şikayətlərin dəlilləri isə əsassız olduğundan təmin edilə bilməz.

21. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

22. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

“İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-2430/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli (müddətin ötürülməsinə görə apellyasiya şikayətinin geri qaytarılması) və 2(001)-2430/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli (prosessual müddətin bərpasından imtina edilməsi barədə) qərardadları onun şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar