Məhkəmə qərarları › İş №2(103)-8198/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8198/2021

29.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8198/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə və X1 İdarəsinə qarşı “sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadından X1 İdarəsinin rəisi qismində Z. Rüstəmov tərəfindən verilmiş şikayət ərizəsi üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (məhkəmə) 05 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçıların iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizələri təmin olunmuş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək Samur-Abşeron kanalının PK442+58 ərazisindən suvarma suyunun nasos stansiyası vasitəsilə iddiaçılar tərəfindən ötürülməsinə maneçilik törədilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. X1 İdarəsinin rəisi olduğu göstərilən Z. Rüstəmovun həmin qərardadın ləğvinə dair məhkəməyə ünvanladığı ərizəni qərardaddan verilən ikayət kimi qiymətləndirən məhkəmə, 16 iyul 2021-ci il tarixli qərardadla onu təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında Z. Rüstəmovun X1 İdarəsinin rəisi olmasını təsdiq edən sənəd mövcud olmamaqla məhkəmə onu cavabdehin səlahiyyətli təmsilçisi kimi qəbul etməklə səhvə yol vermişdir. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə görə apellyasiya şikayətində həmçinin şikayət verən şəxsin tələbi göstərilməlidir. Həmin Məcəllənin 398-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüquqları vardır. Beləliklə, prosessual qanunvericiliyə görə qərardaddan şikayət vermiş şəxsin tələbləri aşağıdakılardan birinə dair məhkəməyə ünvanlanmış xahişi özündə əks etdirməlidir – qərardadı tamamilə və ya qismən ləğv etməklə yeni qərardadın çıxarılması, yaxud qərardadın dəyişdirilməsi. Z. Rüstəmovun “şikayət ərizəsi” adlandırdığı ərizəsindən görünür ki, o, 05.07.2021-ci il tarixli qərardadın qanunsuzluğunu ümumiyyətlə əsaslandırmamış, birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin tələblərinə cavab verməyən həmin ərizəni şikayət kimi qiymətləndirərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 364-cü maddəsində təsbit edilmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və qanunun mənasına görə, məhz müəyyən olunmuş tələblərə cavab verən şikayət həmin Məcəllənin 269.3-cü maddəsində göstərilən əsaslar olduqda apellyasiya instansiyası məhkəməsinə göndərilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Z. Rüstəmovun ərizəsi qərardadlardan verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1953/2021 saylı iş üzrə 05 iyul 2021-ci il tarixli qərardadından X1 İdarəsinin rəisi qismində Z. Rüstəmov tərəfindən verilmiş və həmin məhkəmə tərəfindən qərardaddan şikayət kimi qiymətləndirilən ərizə üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar