Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8199/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (“xxxxxxxxxxx” ASC-nin üçüncü şəxs qismində cəlb edildiyi) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh MMC-dən 157.842 manat borcun, gecikməyə görə 15.000 manat əlavə faizin və 30 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmiçinin, iddianı təmin etmə tədbiri haqqında ərizə verərək, cavabdehə məxsus “xxxxxxxxxxx” ASC-də olan bank hesablarının üzərinə həbs qoyulmaqla həmin hesablarda olan pul vəsaitlərinin istifadəsinin cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə, ərizə qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh MMC-nin “xxxxxxxxxx” ASC-də olan hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi (172.872 manat) həddində həbs qoyulmuşdur. Cavabdeh MMC, həmin qərardaddan şikayət verərək, onun ləğv, ərizənin rədd olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, mübahisəyə baxılana kimi cəmiyyətin cari bank hesabına həbs qoyulması onun sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olmaqdadır. Belə ki, cari bank hesabına həbs qoyulmaqla cəmiyyətin işçilərinin əmək haqlarının ödənilməsi və digər şəxslər qarşısında olan öhdəliklərin icra edilməsinin qeyrimümkünlüyü nəticəsində cəmiyyətə xeyli miqdarda ziyan dəyəcək ki, bunun nəticəsində də, cəmiyyətin fəaliyyəti çökə bilər. Son zamanlar aparılan islahatlar nəticəsində bütün hüquqi şəxslərin əməliyyatları bütünlüklə cari bank hesabı ilə aparılmaqdadır. Nərimanov Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, şikayətin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, MMC-nin bank hesabında iddia tələbində qeyd olunan məbləğdən qat-qat az vəsait vardır və bu vəsaitə həbs qoyulması MMC-nin fəaliyyətinin dayandırılmasına səbəb olacaqdır. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə cavabdehdə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər, müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianın təmini tədbiri, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə onun icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Hazırda iddiaçı, tələbdə qeyd olunan məbləğlərdə borcunun cavabdehdən tutulmasını tələb edir. Eyni zamanda, işə baxılıb qurtaranadək cavabdehin “xxxxxxxxxxx” ASC-də olan bank hesablarının üzərinə həbs qoyulmaqla həmin hesablarda olan pul vəsaitlərinin istifadəsinin cavabdeh və digər şəxslərə qadağan edilməsini xahiş edir. Birinci instasiya məhkəməsi, iddianın təmin tədbirinin iddia tələbinə mütənasibliyinə əsaslanmaqla ərizəni qismən təmin edərək, cavabdehin “xxxxxxxxxxx” ASC-də olan bank hesablarının üzərinə iddia tələbi həddində həbs qoymuşdur. Kollegiya vurğulayır ki, mülki-prosessual qanunvericiliklə iddianı təmin etmə tədbirləri nəzərdə tutulsa da, belə tədbirin tətbiqinin zəruriliyi işin konkret hallarını nəzərə alınmaqla hakim tərəfindən müəyyən olunur. Bu zaman yalnız iddiaçının deyil, eyni zamanda digər şəxslərin də qanunla qorunan mənafeləri nəzərə almalıdır. Qanunverici, iddianı təmin etmə institutu ilə elə bir mexanizmi nəzərdə tutur ki, bu mexanizmə riayət edilməsi iddiaçının mənafeyini təmin etməklə yanaşı, eyni zamanda digər şəxslərin də mənafelərini əsassız pozmasın. Baxılan işdən görünür ki, bank hesablarının üzərinə həbs qoyulması tələb edilən cavabdeh kommersiya hüquqi şəxsdir. Hazırda cavabdeh bildirir ki, onun cari bank hesablarına həbs qoyulması cəmiyyətin normal fəaliyyətinə mane olmaqla, işçilərinin əmək haqlarının ödənilməsində və sair öhdəliklərinin icrasında çətinliklər yaradır. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Görünüyü kimi, hüquqi şəxs öz öhdəlikləri üçün mülkiyyətində olan əmlakla məsuliyyət daşıdığından, onun mülkiyyətində olan əmlakının, o cümlədən bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması, kreditorları qarşısında öhdəliklərinin pozulmasına səbəb ola bilər ki, bu da həmin hüquqi şəxslə bərabər onun kreditorlarının da qanunla qorunan mənafelərinin pzoulmasına gətirib çıxarar. Bu baxımdan, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin bank hesablarının üzərinə həbs qoymazdan əvvəl, onun fəaliyyəti (işçilərinin olub-olmaması, kreditorları, bank hesabları və s.) ilə bağlı ilkin araşdırma aparmalı, sözügedən təmin tədbirinin tətbiqi halında digər şəxslərin mənafelərinin pozulmasına səbəb ola biləcəyi halları nəzərə almalı idi. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair xx xxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında MPM-in 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.” Odur ki, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə, iddianın təmin tədbirinə dair ərizəyə yuxarıda göstərilən hallar nəzərə alınmaqla yenidən baxılması və müvafiq qərarın qəbul olunması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3000/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8199/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8199/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver