Məhkəmə qərarları › İş №2(103)-82/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-82/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-82/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmeti olan avtomobilə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-282/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” (Azərbaycan) ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2018-ci il tarixə banka borclu olduqları 14167,43 manat məbləğində əsas borcun, 954,75 məbləğində faiz borcunun, 77,25 manat məbləğində cərimənin, cəmi 15199,43 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada alınaraq “xxxx” (Azərbaycan) ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan və Banka ipotekaya qoyulmuş «Kia optima» minik markalı, Az **-RT-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin “xxxx” (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” (Azərbaycan) ASC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 108770-1-4439 saylı avtomobil krediti müqaviləsinə əsasən R.Ağayevə avtomobil alınması üçün 60 ay müddətinə illik 18 faiz hesablanmaqla 25803 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi X3 xx.xx.2012-ci il tarixli 1087xx-xx-5480 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan «Kia Optima” minik markalı, Az **-RT- *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı banka ipotekaya qoymuşdur. Bank ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 108770-1-4439 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşmaya əsasən R.Ağayevin 13400 ABŞ dolları məbləğində olan borcu 22 ay müddətinə xx.xx.2017-ci il tarixədək illik 18 faiz hesablanmaqla kapitallaşdırılmışdır. Kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2012-ci il tarixli 1087xxxx-5480 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşma bağlanmışdır. Bank ilə X3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 108770-1-4439 saylı avtomobil krediti müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2018-ci il tarixli 2 saylı əlavə razılaşmaya görə xx.xx.2012-ci il tarixli 108770-1-4439 saylı avtomobil krediti müqaviləsi üzrə kredit alanın hüquq və öhdəlikləri yeni kredit alan Cavabdeh1 ötürülmüş, Cavabdeh1 xx.xx.2018-ci il tarixə olan borcu kapitallaşdırılaraq 9176,79 ABŞ dolları məbləğində müəyyən edilərək, hazırkı razılaşma ilə müəyyənləşdirilmiş məzənnə (1 ABŞ dolları-1,7020 AZN) ilə konvertasiya edilmiş və 15618,90 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 razılaşma ilə müəyyən edilmiş borcu illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə, xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda avtomobil krediti müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2012-ci il tarixli 1087xx-xx-5480 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 02 saylı əlavə Razılaşma bağlanmış və həmin razılaşmaya görə xx.xx.2012-ci il tarixli 1087xx-xx-5480 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyanın hüquq və öhdəlikləri yeni ipoteka qoyan Cavabdeh1 ötürülmüşdür. Eyni zamanda avtomobil krediti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 xx.xx.2018-ci il tarixli 235538-7-10897 saylı zaminlik müqaviləsi və X1 xx.xx.2018-ci il tarixli 235538-7-10897 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə (xx.xx.2018-ci il tarixli razılaşma üzrə) üzərinə götürdüyü öhdəlikləri xx xxxx 2018-ci il tarixdən lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar olaraq, cavabdehlərə pretenziya məktubları və bildiriş göndərilmişdir. Lakin cavabdehlər öhdəliklərini tam icra etməmişlər. xx xxxxxxx 2018-ci il tarixə cavabdehlərin banka cəmi 15999,43 manat məbləğində borcu vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)- 282/2019 qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14167,43 manat əsas borc, 254,75 manat faiz borcu, 10 manat cərimə olmaqla cəmi 14432,18 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Az **-RT-*** dövlət deydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi və vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə borc məbləği həddən artıq şişirdilməklə hesablanmışdır. Məhkəmə işə baxarkən borcun ödənilməməsinə səbəb olan şəraiti düzgün qiymətləndirməmiş, faiz və cərimənin şişirdilməsini nəzərə almamışdır. Məhkəmədə işə baxılarkən onlar xx.xx.2018-ci il tarixdə 800 manat, xx.xx.2018-ci il tarixdə 700 manat kredit ödənişi etmiş, bu ödənişlərin hamısı cərimə və faizlərə silinmişdir. Bu gunə qədər onlar 32024,25 ABŞ dolları və 3201 manat məbləğində kredit ödənişi etmişlər.Birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. İddiaçı ASC tərəfindən cavabdehlərin apellyasiya şikayətlərinə qarşı yazılı mülahizəsi məhkəməyə daxil olmuşdur. Mülahizə onunla əsaslandırılmışdır ki, bank tərəfindən məhkəməyə müraciət olunarkən təqdim etdikləri xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin banka 14167,43 AZN məbləğində əsas borcu, 1754,75 AZN məbləğində faiz borcu, 77,25 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 15999,43 AZN borcu olmuşdur. Daha sonra cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində 800 AZN məbləğində ödəniş edildiyi üçün onun əsas və cərimə borcuna toxunulmadan edilmiş ödəniş məbləği faiz borcundan çıxılmış və məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə xx.xx.2018-ci il tarixli ərizə təqdim edilmişdir. Həmin ərizədə və ona əlavə edilmiş maliyyə arayışı ilə hesabdan çıxarışda xx.xx.2018-ci il tarixində cavabdeh tərəfindən edilmiş 800 AZN məbləğində ödəniş nəzərə alınmışdır. Cavabdehin ödədiyi 800 AZN məbləği faiz borcundan çıxıldığı üçün sonuncudan faiz borcuna münasibətdə 954,75 AZN məbləğində faiz borcu tələb edilmişdir. Bundan əlavə məhkəməyə təqdim olunmuş xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdehin əsas və cərimə borcu dəyişməz olaraq qalmış və faiz hissəsində cavabdehin borcu 254,75 AZN təşkil etmişdir. Təqdim etdikləri xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2018-ci il tarixində etdiyi 700 AZN məbləğində ödəniş nəzərə alınaraq, 254,75 AZN məbləğində faiz borcu Bank tərəfindən tələb olunmuşdur. Daha dəqiq göstərilsə, 1754,75 AZN-800 AZN=954,75 AZN və 954,75 AZN-700 AZN=254,75 AZN təşkil edir. Cavabdehin əsas və cərimə borcu olduğu kimi dəyişməz olaraq qaldığı üçün onun ödənişləri faiz borcundan yuxarıdakı qaydada hesablanaraq qalıq məbləğ sonuncudan tələb olunmuşdur ki, bununla da apellyasiya şikayətinin dəlili təkzib edilir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə iddiaçı bank məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehlərin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-282/2019 qətnaməsi cavabdehlərin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 108770-1-4439 saylı avtomobil krediti müqaviləsinə əsasən R.Ağayevə avtomobil alınması üçün 60 ay müddətinə illik 18 faiz hesablanmaqla 25803 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra Bank ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 108770-1-4439 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşma bağlanmış və Razılaşmaya əsasən R.Ağayevin 13400 ABŞ dolları məbləğində olan borcu 22 ay müddətinə xx.xx.2017-ci il tarixədək illik 18 faiz hesablanmaqla kapitallaşdırılmışdır. Bank ilə X3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 108770-1-4439 saylı avtomobil krediti müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2018-ci il tarixli 2 saylı əlavə razılaşmaya görə xx.xx.2012-ci il tarixli 108770-1-4439 saylı avtomobil krediti müqaviləsi üzrə kredit alanın hüquq və öhdəlikləri yeni kredit alan Cavabdeh1 ötürülmüş, Cavabdeh1 xx.xx.2018-ci il tarixə olan borcu kapitallaşdırılaraq 9176,79 ABŞ dolları məbləğində müəyyən edilərək, hazırkı razılaşma ilə müəyyənləşdirilmiş məzənnə (1 ABŞ dolları-1,7020 AZN) ilə konvertasiya edilməklə onun banka borcu 15618,90 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 razılaşma ilə müəyyən edilmiş borcu illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə, xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi X3 xx.xx.2012-ci il tarixli 1087xx-xx-5480 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan «Kia Optima - minik» markalı, Az **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya ipotekaya qoymuşdur. Kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar tərəflər arasında xx.xx.2012-ci il tarixli 1087xx-xx-5480 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşma bağlanmışdır. Eyni zamanda avtomobil krediti müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2012-ci il tarixli 1087xx-xx-5480 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 02 saylı əlavə Razılaşma bağlanmış və həmin razılaşmaya görə xx.xx.2012-ci il tarixli 1087xx-xx-5480 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyanın hüquq və öhdəlikləri yeni ipoteka qoyan Cavabdeh1 ötürülmüşdür. xx xxxxxx 2018-ci il tarixli 235538-7-10897 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 xx xxxxxx 2012-ci il tarixli 108770-1-4439 nömrəli avtomobil krediti müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixli 184461-7-10898 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 xx xxxxxx 2012-ci il tarixli 108770-1-4439 nömrəli avtomobil krediti müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin tarixə Bank «xxxx» ASC-yə olan əsas borcu 14167,43 manat, faiz borcu 254,75 manat, cərimə borcu 77,25 manat, cəmi borcu 14499,43 manat təşkil edir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/1381 saylı rəyinə əsasən, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə edilmiş əlavə və dəyişikliklər nəzərə alinmaqla (bütün restrukturizasiya müqavilələri) xx xxxxxx 2019-cu il tarixə əsas məbləğin borclarının ödənilməsi xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 90 gün, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə 368 gün gecikdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Göründüyü kimi, borclu kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini yetirməyərək müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, iddiaçı bank həmin borc məbləğini tələb etməkdə haqlı olmuşdur. Cavabdehlərin apellyasiya şikayətində borc məbləğinin şişirdilməsinə və etdikləri ödənişlərin əsas məbləğdən çıxılmamasına dair dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı bankın məhkəməyə ünvanladığı mülahizəsində apellyasiya şikayətinin dəlillərinə qiymət verilmiş, tələb olunan borcun məbləği əsaslandırılmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanın 8.6-cı bəndində qeyd olunur ki, fərmanın təsir dairəsinə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə əsas məbləğin borclarının xx xxxxxx 2019cu il tarixə ödənilməsi 368 gün gecikdirilmişdir. Beləliklə, tərəflər arasında bağlanan kredit müqaviləsi həm bağlanma tarixinə, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Bununla bağlı olaraq cavabdehlərə izah olunur ki, qeyd olunan Fərmanın onlara tətbiq olunması üçün banka müraciət edə bilərlər. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)- 282/2019 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar