Məhkəmə qərarları › İş №2(103)-82/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-82/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-82/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndələri X6 və X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 25%-lə 60 ay müddətinə 56.000 ABŞ dollar məbləğində kredit götürmüş, 10 iyun 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 26 iyul 2022-ci il tarixədək, illik faiz dərəcəsi 24 % müəyyən edilmişdir.

2. 26 noyabr 2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilini 2014-cü il 26 noyabr tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir.

3. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsi üzrə cavabdehin 46682.21 ABŞ dolları əsas borc, 72600.49 ABŞ dolları faiz borcu, 502.99 ABŞ dolları cərimə borcu, ümumilikdə cəmi 119785.69 ABŞ dolları məbləğində borcu vardır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 2253 №-li reyestr kitabının 209615 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 54, 54 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" İKB ASC/2 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

5. 20 oktyabr 2021-ci il tarixli 337/E saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qiymətləndirmə ekspert rəyinə əsasən, Bakı şəhəri, Yeni Günəşli, AB yaşayış sahəsi, mən 54 ünvanında olan 5 otaqlı, 98.11 v.m ümumi, 60.26 kv.m əsas, 37.85 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 150.000 (yüz əlli min) AZN müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 46682.21 ABŞ dolları əsas borc, 72600.49 ABŞ dolları faiz borcu, 502.99 ABŞ dolları cərimə borcu, ümumilikdə cəmi 119785.69 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsmunun və 90 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2014-cü il 26 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “2 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 56.000 ABŞ dollar məbləğində kredit götürmüşdür. 10 iyun 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 26 iyul 2022-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilini 2014-cü il 26 noyabr tarixli alqısatqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. Alqı-satqı və ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmış, 2014-cü il 26 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925- 14 saylı müqavilənin ləğv edilməsi, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 26 noyabr 2014-cü tarixli 2-G-1-0- 925-14 saylı kredit müqaviləsinə əsasən 46682,21 ABŞ dolları əsas borc, 0,00 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları dəbbə pulu, cəmi 46882,21 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 41 manat dövlət rüsumu Cavabdeh1 tutulması, tələb Cavabdeh1 məxsus olan, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat likvid dəyəri ilə müəyyən edilməsi, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra mənzil boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi, 22 fevral 2022-ci il tarixli və 31 may 2022-ci il tarixli məhkəməmuhasibatlıq ekspertizalarının keçirilməsinə görə 100 manat İddiaçıAçıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34STRE******************** hesabına ödənilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası mülki-prosessual qanunvericiliyinin müddəalarına uyğun olaraq, hərtərəfli və düzgün aparılmış, əldə edilmiş ekspertin rəyi təkrar mübahisələndirilsə də, yenidən təkrar ekspertizanın keçirilməsi artıq mülki işin həddindən artıq uzun müdət ərzində baxılmasına və nəticədə sürüdrməçiliyə və cavabdehlərin prosessual hüquqlarının pozulmasına səbəb ola bilər. Bununla əlaqədar məhkəmə hsab edir ki, ekspert rəyi özü özlüyündə obyektiv olaraq işin faktiki hallarının müəyyən edilməsi üçün zəruri olan mötəbər sübutlara aid edilməlidir. Həmin ekspert rəyinə əsasən Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2-G-1-0-925-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 47154,74 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları təşkil edir. Bununla əlaqədar məhkəmə hesab etmişdir ki, ekspert rəyinə əsasən 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925- 14 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 47154,74 ABŞ dolları məbləğində müəyyən edilsə də, məhkəmə mülki-prosessual qanunvericiliyinin müddəalarını nəzərə almaqla, iddia tələbindən kənara çıxmamaq şərtilə, mübahisə predmeti olan müqavilələri üzrə cavabdehin əsas borcunu iddia tələbində göstərildiyi kimi, o cümlədən 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsi əsas borcunun məbləğini 46682,21 dolları məbləğində müəyyən edir. Cavabdehdən öhdəliklərin icrası qaydasında faiz məbləği, gecikdirmə müddətləri nəzərə alınmaqla müəyyən edilmiş faizlərin hesablanması üçün əsas kimi götürülmüş 31 may 2022-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edilmiş müvafiq olaraq 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 46682,21 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları məbləği həddində tutulmalıdır. 20 oktyabr 2021-ci il tarixli 337/E saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qiymətləndirmə ekspert rəyinə əsasən, Bakı şəhəri, Yeni Günəşli, AB yaşayış sahəsi, mən 54 ünvanında olan 5 otaqlı, 98.11 v.m ümumi, 60.26 kv.m əsas, 37.85 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 150.108=150.000 (yüz əlli min) AZN müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilin ilkin satış qiyməti onun 150.000 (bir yüz əlli min) manat məbləğində olan likvid dəyəri ilə müəyyən edilməlidir. Bundan əlavə 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehdən 502,99 dolları hesablanmış dəbbə pulunu tələb edir. Məhkəmə 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsinə əsasən üzrə hesablanmış 46682,21 ABŞ Dolları məbləğində əsas borca tənasübsüz olaraq 502,99 ABŞ Dolları məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Məhkəmə hesab etmişdir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925- 14 saylı kredit müqaviləsinə əsasən cavabdehin əsas və faiz kredit borcuna tənasübsüz olaraq hesablanmış 502,99 ABŞ dolları dəbbə pulunun məbləğini azaldaraq, müvafiq olaraq 200 ABŞ dolları məbləğində müəyyən edir. Mənzildə yaşayanların – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 mənzilə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması tələbinə gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilinə yönəldiyi və mənzil açıq hərracdan satıldığı halda, yalnız mənzili əldə edən və buna subyektiv hüququ olan yeni mülkiyyətçi hal-hazırda mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilib-verilməməsi məsələsini həll edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hal-hazırda İddiaçı ASC-in ipoteka predmeti olan Cavabdeh1 məxsus olan, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilinə dair hər hansı hüquq əldə etmədiyindən subyektiv hüququnun olmadığına görə, iddianın bu hissədə təmin olunması əsassız hesab olunur.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 21.1, 146.1, 152.1, 152.5, 157.4, 385.1, 386.1, 421.2, 424.2, 424.3, 424.5, 427.3, 439.1, 439.2, 442.1, 443.1, 445.2, 448.1, 463.1, 467-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 10.4, 33, 39.1, 39.3, 59.3, 59.4-cü maddələri, Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarı, "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə ekspert rəyinə əsaslanaraq faiz borcunu tutmamaqda düzgün qənaətə gəlməmişdir. Belə ki, ekspert rəy verərkən, xx.xx.2016-cı il tarixdən kredit ödənişlərinin əsas borca silindiyindən xx.xx.2016-cı il tarixdən faizlərin hesablanmasının dayandırıldığı qənaətinə gələrək, faiz borcunun olmadığı barədə rəy vermişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğundan qanunvericiliyə əsasən kredit müqaviləsi üzrə ödənişlərin hansı qaydada silinməsinin yəni əsas, faiz və ya cərimə borcuna silinmə aparılmasının müəyyən edilməsi qaydası Kreditorun hüququdur. Bu səbəbdən cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən sonra aparılmış ödənişlər əsas borcdan silinmişdir. Həmçinin xx.xx.2016-cı il tarixdən sonra ödənişlərin əsas borcdan silinməsi cavabdehin vəziyyətini ağırlaşdıran hal deyil, əksinə onun vəziyyətini yüngülləşdirən hal olmuşdur. Ekspert tərəfindən kredit müqaviləsi üzrə faizlərinin hesablanmasının dayandırıldığı qənaətinə gələrək faiz borcunun ümumiyyətlə olmamasının göstərilməsi əsasızdır. Belə ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən faizlərin hesablanmasının dayandırılması barədə Bank tərəfindən heç bir qərar qəbul edilməmişdir. Məhkəməyə təqdim edilən maliyyə arayışından və digər subutlardan kredit borcu üzrə faizlərin hesablandığı görünsə də, ekspert tərəfindən nəzərə alınmamışdır. Lakin, bank ekspert rəyi ilə razılaşmamış, kredit borcunun müəyyən edilməsi məqsədilə audit yoxlamasının keçirilməsi üçün "xxxx" MMC-yə müraciət etmişdir. Audit yoxlamasının nəticəsinə əsasən Cavabdeh1 İddiaçı ASC qarşısında annuitet cədvəllə əsas borc üzrə 46 682.21 ABŞ dolları borc və faiz borc üzrə 61 224.93 ABŞ dolları borcu olduğu göstərilmişdir. Göründüyü kimi, ekspertiza düzgün aparılmayaraq, kredit müqaviləsinin şərtləri və digər subutlar nəzərə alınmadan keçirilmişdir. Baxmayaraq ki, iddiaçı ekspertin rəyi ilə razılaşmadığından, iş üzrə təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir, lakin birinci instansiya məhkəməsi iddiaçının vəsatətini əsassız olaraq rədd etmiş, birbaşa ekspertin rəyini əsas götürməklə və rəyi işdə olan digər sübutlarla əlaqəli şəkildə aydınlaşdırmadan yekun nəticəyə gəlmişdir. İddiaçı tərəf hesab edir ki, təkrar ekspertiza təyin edilməli və təqdim edilən digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən bu məsələ araşdırılmalı, iş üzrə təkrar ekspertizanın keçirilməsinə dair qərardad qəbul edilməli və alınan rəydən sonra işdə olan digər sübutlara əlaqəli şəkildə qiymət verilməlidir. Rəylər arasında olan bu qədər ziddiyyət ola-ola yekun qərara gəlmək mübahisə yaradır.Həm də iddiaçının təqdim etdiyi sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. Birinci instansiya məhkəməsi ekspertizanın rəyinə istinad edərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi ekspert rəyi məhkəmə üçün məcburi olmamaqla birlikdə digər sübutlarla birlikdə qiymətləndirilməldir. Yəni ekspert rəyi sübutlardan sadəcə biridir və həmin rəyə əsasən qətnamə qəbul edilməsi əsassızdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

14. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, dollar kreditlərində pandemiyanı, devolvasiyanı və s. halları nəzərə alaraq müştərinin xeyrinə ödənilən bütün məbləğ əsas borcdan silinib. Ekspert tərəfindən nəticəyə gələndə bugünkü günə və qərardadda qoyulmuş suallarda olan tarixlərə faiz borcu əsas borcdan çox hesablanmışdır. Ölkədə faizsiz kredit verən bank yoxdur. Bankın vəzifəsi müştərilərdən depozit əldə edib pulu satmaqdan ibarətdir.Ekspert rəyin sonunda ona görə bu qənaətə gəldiyini qeyd edib ki,ona təqdim edilən çıxarışlarda faiz borcu göstərilməyib.Ekspertizaya hesabdan çıxarış təqdim edilməyib.Əvvəl verdiyi sənədlər üzrə tədqiqat aparılıb və nəhayət ki, 4-cü dəfə bu doğru nəticəyə gəlinib. Həmçinin, ekspertlər Rzayev Ağaismayıl və Abdullayev Əli barəsində xüsusi qəraradad çıxarılmalıdır,çünki bu ekspertlər heç bir əsas olmadan faiz borcunu 0 müəyyən etmişdirlər, bunun da nəzərə alınmasını xahiş edir.

15. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, 3-cü ekspertiza rəyində ardıcıllığın pozulduğu qeyd edilib,amma bundan əvvəlki iki rəydə ödəniş ardıcıllığına görə faizin silinməsi qeyd edilməyib.Digər 3 rəy tamam əsassızdır.Sonuncu rəydə ekpertin məsuliyyətli yanaşmasından ciddi araşdırma aparılıb. İş materiallarında faizin hesablanması ilə əlaqədar 2 müstəqil audit rəyi var.

16. İddiaçı ASC-nin nümayəndəsi X6 izahatında bildirmişdir ki, devalvasiyadan sonra xx.xx.2015-ci ildə birinci ödəniş olub. Hesabdan çıxarış ilə onlar yoxlayıblar və faiz düzgün hesablanmışdır. Xanım da təsdiq edir ki, ödənişlər düzgün edilmişdir. Məlum məsələdir ki, faizsiz kredit verilmir. Xahiş edir ki, yekun məhkəmə qərarı çıxarılsın. Sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olub, ondan öncə xx.xx.2016-cı ildə olub. Burada qeyri-qanuni silinmə olmayıb. Devalvasiya olduqda dolların qiyməti qalxıb, kreditlərin ödənişləri dayanıb. Bank müştərini dəvət edib ki, ödənişləri faiz, cərimə,əsas məbləğ ardıcıllığı ilə silinməyəcək. Bütün ödənişlər hesabdan çıxarışda göstərildiyi qaydada silinmişdir.16.000 dollar ödəniş saziş bağlanandan sonra olan ödənişdir. 0 % olması qeyri-mümkün haldır. Onlar cavabdehi dəfələrlə dəvət ediblər, amma razılaşma olmayıb.

17. İddiaçı ASC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, narazılıqları faiz borcu ilə bağlıdır. Rayon məhkəməsinin ekspert rəyində faiz borcu 0 gəlmişdi, sonuncu ekspertiza rəyində isə faiz borcu ağlabatandır. Düzdür, əsas borc artıq gəlmişdir. Bu qədər fərqli rəylər olmasının səbəbi anlaşılmazlığın olması və ya ekspertlərin qeyri-peşəkar münasibətindən irəli gəlir. Silinmə əsas borcundan həyata keçirilib. Faiz borc da ona uyğun hesablanıb. Müqavilə şərtlərinə uyğun olaraq silinmə olmuşdur. Apellyasiya məhkəməsinin son 2 ekspertiza rəyləri hesab edir ki, bir-birinə uyğundurlar. Rayon məhkəməsində ekspert rəyində faiz borcundan silinmə aparmışdılar, əsasdan yox. Devalvasiyadan sonra tərəfə güzəşt edilib. Sonuncu ekspertiza rəyi daha ağlabatandır və onlar razıdırlar. Onların apellyasiya şikayəti faiz borcu ilə bağlıdır. Rayon Məhkəməsində əsas məbləği əsas götürüb, hətta faiz hissəsində ümumiyyətlə təmin etməyib. 24 % ilə verilmiş kreditə 0 % borcun verilməsi bankın hüquqlarını kifayət qədər pozmuşdur. Onlar əsas borcu mübahisələndirmirlər, faiz bocunu mübahisələndirirlər. Cavabdeh 2015-cı ildə əlavə saziş bağlayaraq 54.000 dollara razılaşmışdır. Faiz istənilən halda böyükdür, əsas az olacaq. Məhkəmə praktikasında görünür ki, bankın hesablaması yanlış deyil.Mülki Məcəlləyə də zidd deyil. Buna görə Mərkəzi Bankın cavab məktubunu təqdim edilməsini istəmişdilər. Onlar faiz borcu ilə bağlı qətnaməni mübahisələndirmişdilər. 61224, 93 dollar istəyiblər, 5 aprel 2022-ci il tarixində iddiaya əlavə olub. 70295.26 dollar istəyiblər.

18. Cavabdeh1 izahatında bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Ekspert rəyləri bir-biri ilə zidiyyət təşkil edir. 24.481 dollar ödəniş edib. Bununla bağlı qəzbləri də var. 8.156 dolların necə və nəyə əsasən silindiyini anlamır. Vəsatətin təmin edilməsini xahiş edir. Bank onu yanvar ayında çağırıb. O, dekabr ayında 1644 dollar ödəniş edib. 2 ekspert rəyləri bir-birinə ziddir. Ana məbləğin 54.000 dollar olması necə ola bilər. O, o qədər ödəniş edib. Ekspert rəyində onun sonuncu ödənişi xx.xx.2015-ci ildə olduğu yazılıb, amma onun sonuncu ödənişi 2016-cı il sentyabr ayında olunub. Bank ödənişin ardıcıllığını dəyişəcəyini ona bildirməyib. 18% ilə kredit veriləcəyi bildirilmişdir, ödəniş etdikdə isə 24 % olduğunu görüb. Bankla silinmə ardıcıllığı barədə razılıq olmayıb.

19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlərib üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırki halda iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etsə də qətnaməni məhz faiz borcu hissəsində mübahisələndirdiyi üçün kollegiya qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə faiz borcunun tutulmaması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

26. 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 25%-lə 60 ay müddətinə 56.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 10 iyun 2015-ci il tarixli Əlavə Sazişə əsasən qalıq əsas borc 54826,01 ABŞ dolları, kreditin müddəti 26 iyul 2022-ci il tarixədək, illik faiz dərəcəsi 24 % müəyyən edilmişdir.

27. Birinci instansiya məhkəməsi ekspert rəyinə müvafiq olaraq faiz borcunun tutulması hissəsində iddianı rədd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli 9/7124 nömrəli və 31 may 2022-ci il tarixli 9/3748 nömrəli ekspert rəylərində qeyd edilir ki, banka ödənilməli olan kredit borcu əsas borc üzrə 47154,74 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları müəyyən olunur. Bundan başqa bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən sonra kredit ödənişləri bank tərəfindən əsas borc məbləğindən silinmişdir. Bank tərəfindən faiz hesabından çıxarış təqdim edilməmişdir. Yəni ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə bankın təqdim etdiyi çıxarış məlumatlarına əsasən xx.xx.2016-cı il tarixdən sonra bank tərəfindən müqavilə üzrə faiz hesablanmaması müəyyən edilir.

28. Apellyasiya instansiyanda təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8328 nömrəli ekspert rəyinə əsasən kredit borcu əsas borc üzrə 47154,74 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları müəyyən olunur. Bundan başqa bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən sonra kredit ödənişləri bank tərəfindən əsas borc məbləğindən silinmişdir. Yəni ki, kredit müqaviləsi üzrə öhdəliklərin silinmə ardıcıllığı (AR Mülki Məcəlləsinin 432.4. tələbi) pozulmuşdur.

29. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-436/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/6301 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2-G-1-0-925-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan xx.xx.2021-ci il tarixə (pretenziya məktubunun göndərildiyi): əsas borc üzrə - 46374,29 ABŞ dolları, faiz borcu üzrə - 59935,34 ABŞ dolları, xx.xx.2021-ci il tarixə (iddia ərizəsinin verildiyi tarixə): əsas borc üzrə - 46349,61 ABŞ dolları, faiz borcu üzrə - 61511,56 ABŞ dolları, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə - 46349,61 ABŞ dolları, faiz borcu üzrə - 73191,66 ABŞ dolları hesablanmışdır. Əvvəl təqdim edilmiş ekspert rəylərində cari hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2016-cı il tarixdən sonra cavabdeh tərəfindən aparılmış kredit ödənişlərinin iddiaçı bank tərəfindən əsas borc məbləğindən silinməsi, tədqiqata faizin hesablanması barədə hesabdan çıxarışın təqdim edilməməsi, o cümlədən Mülki Məcəllənin öhdəliklərin silinmə ardıcıllığının pozulmasının tələbləri əsas götürülərək, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən sonra faiz borcunun hesablanmaması ilə nəticəyə gəlinmişdir. Hazırki tədqiqatla isə iş materiallarına əlavə edilmiş faizin hesablanması barədə hesabdan çıxarış məlumatları nəzərə alınmaqla nəticəyə gəlinmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8328 nömrəli və xx.xx.2023-cü il tarixli 9/6301 nömrəli ekspert rəyləri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki, silinmə ardıcıllığı kreditorun müəyyən etdiyi qaydada aparılmışdır, halbuki Cavabdeh1 dəfələrlə bildirmişdir ki, bankla silinmə ardıcıllığı barədə razılığa gəlməmişdir.

31. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri arasında ziddiyyət olduğundan və silinmə ardıcıllığı mülki qanunvericiliyə uyğun olmadığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-436/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən komission məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Qərardadla ödənişlərin Mülki Məcəlləyə uyğun olan ardıcıllıqla silindiyi təqdirdə borcalanın nə qədər borcunun olması barədə ekspert qarşısında sual qoyulmuşdur.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli, 3-10-16/2-9/9080/2023 nömrəli ekspert rəyində qeyd edilir ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə): əsas borc üzrə - 52953,10 ABŞ dolları, faiz borcu üzrə - 611142,73 ABŞ dolları. xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə - 52953,10 ABŞ dolları, faiz borcu üzrə - 76262,64 ABŞ dolları borcu müəyyən edilir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankla cavabdeh 10 iyun 2015-ci il tarixdə Əlavə Saziş bağlayaraq qalıq əsas borcun 54826,01 ABŞ dolları, kreditin müddətinin 26 iyul 2022-ci il tarixədək uzadılması, illik faiz dərəcəsinin 24 % müəyyən edilməsi barədə razılığa gəlmişdir.

34. Sonuncu ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh1 ilə iddiaçı bank arasında xx.xx.2015-ci il tarixdən sonuncu ödənişin aparıldığı xx.xx.2021-ci il tarixədək ümumilikdə 16.316,86 ABŞ dolları məbləğində ödənişin aparıldığı, həmin ödənişlərdən 1.872,91 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehin əsas borcundan silinməsi, geriyə qalan 14.443,95 ABŞ dolları məbləğində pul vəsaitinin isə cavabdehin faiz borcundan silinməsi müəyyən edilir.

35. Məhkəmə kollegiyası hesab edir ki, sonuncu ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Çünki silinmə ardıcıllığı Mülki Məcəllənin tələblərinə uyğun aparılmışdır.

36. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.§19

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə - pretenziya məktubunun göndərildiyi tarixə 61142,73 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır.

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “...İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.”

39. Mülki Məcəllənin 447.1-ci maddəsində qeyd edilir ki, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə faiz borcunun tutulmaması hissəsində ləğv edilməli, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 61142,73 (altmış bir min yüz qırx iki dollar yetmiş üç sent) ABŞ dolları məbləğində faiz borcu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutulmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 295 manat tərəflər arasında bölüşdürülməlidir.

41. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə faiz borcunun tutulmaması hissəsində ləğv edilsin. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 61142,73 (altmış bir min yüz qırx iki dollar yetmiş üç sent) ABŞ dolları məbləğində faiz borcu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş manat) manat Cavabdeh1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza xərcinin 147,5 manatı Cavabdeh1, 147,5 manatı İddiaçı ASC-dən dövlət nəfinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar