Məhkəmə qərarları › İş №2(103)-820/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-820/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-820/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4349/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər əmək münasibətində olub, lakin mübahisə mülki münasibətdən yaranıb. 2.Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə iddiaçıya müraciət edərək xahiş edib ki, ailə vəziyyəti ilə əlaqədar ona 8.000 manat borc verilsin, borcu hissə-hissə hər ay geri qaytaracaq (iş v. 78). 3.İddiaçı (borc verən) ilə cavabdehin (borc alanın) arasında xx.xx.2023-cü il tarixdə sadə yazılı formada borc müqaviləsi bağlanıb (iş v. 80). Müqaviləyə görə, iddiaçı cavabdehə 8.000 manat pulu borc verir, cavabdeh isə həmin pulu 1 il müddətində tam və ya hissə-hissə geri qaytarır. 4.Kassa məxaric orderinə görə, 8.000 manat iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü ildə verilib (iş v. 84). Cavabadeh həmin orderi imzalayıb. 5.Daha sonra – xx.xx.2024-cü ildə tərəflərin arasında sadə yazılı formada borcun etirafı haqqında müqavilə bağlanıb, cavabdeh xx.xx.2023-cü il tarixinə 8.000 manat borcunun olduğunu etiraf edib (iş v. 83). Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsi xx.xx.2024-cü ildə verilib. İddiada tələb olunub ki, borc kimi 8.000 manat, hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi kimi 320 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 103,2 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 7.Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 9.Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil bildirdi ki, cavabdeh ailə vəziyyəti ilə əlaqdar borc istədiyindən iddiaçı öz işçisinə kömək məqsədilə borc verib, lakin cavabdeh borcu qaytarmayıb. Ona görə də iddiaçının tələbi qanunidir, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. 10.Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Müəyyən olunur ki, iddiaçı sadə yazılı formada bağlanmış borc müqaviləsi əsasında cavabdehə 1 il müddətinə geri qaytarılması şərtilə 8.000 manat borc verib. Bunu cavabdehin iddiaçıdan borc istəməsi barədə ərizə, borc müqaviləsi, borcun etirafı barədə müqavilə və məxaric orderi təsdiq edir. Həmin sənədlərin hamısında cavabdehin imzası var. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında müqaviləni imzalamağa məcbir edildiyini və ona borc pul verilmədiyini bildirsə də, etirazının əsası kimi istinad etdiyi halları, yəni məcburetməyə (zorakılıq və ya hədələməyə) məruz qaldığını təsdiq edən sübutu məhkəməyə təqdim etməyib. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan, kassa məxaric orderinin rekvizitlərinə dair məsələnin hazırkı mübahisənin həllində əhəmiyyəti yoxdur, cavabdeh orderi imzalayıb, odur ki, order pulun cavabdehə verildiyini təsdiq edən yazılı sübut sayılır. 12.Əmək münasibətində olan şəxlərin arasında mülki münasibətin yaranması istisna olunmur, yəni işçi işlədiyi hüquqi şəxsdən borc ala bilər. Qanunvericilik işəgötürənin işçiyə boc verməsini, işçinin isə işəgötürəndən borc almasını qadağan etmir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı onlara borc müqaviləsi bağlamağa imkan verir. Birinci instansiya məhkəməsinin qətnaməsində istinad olunan, AR Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının hazırkı mübahisəyə aidiyyəti yoxdur, çünki mübahisə əmək münasibətindən deyil, mülki (borc) münasibətindən əmələ gəlib. 13.Beləliklə, iddiaçı 8.000 manat borc aldığından, borcun qaytarılması müddəti isə bitdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia təmin olunmalı, 8.000 manat cavabehdən alınaraq iddiaçıya verilməlidir. O cümlədən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının çəkdiyi məhkəmə xərclərinin əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4349/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Cavabdeh 8.000 (səkkiz min) manat alınaraq İddiaçı MMC-yə verilsin. Hüquqi yardıma çəkilmiş xərcin əvəzi kimi 320 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 103,2 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51,60 manat, cəmi məhkəmə xərclərinin əvəzi kimi 474,8 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar