Məhkəmə qərarları › İş №2(103)-8205/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8205/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8205/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüstəmov Emin Elbrus oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-2607/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-2607/2020 nömrəli qətnaməsi ilə xx xxxxxx 2019-cu il tarixli, 105804-33075/8 saylı kredit müqaviləsi üzrə 7568,60 manat əsas borc, 868,26 manat faiz borcu olmaqla, cəmi 8436,86 (səkkiz min dörd yüz otuz altı manat, səksən altı qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "İddiaçı" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf məhkəməyə müraciət etdikdən sonra kredit üzrə 400 manat məbləğində ödəmə edərək qəbzi məhkəməyə təqdim etsə də, məhkəmə bunu nəzərə almamış, nəticədə qətnamənin nəticə hissəsində borc məbləği düzgün göstərilməmişdir. Digər tərəfdən, məhkəməyə vəsatətlə müraciət edərək, borc məbləğinin dəqiqliyinə şübhə olduğunu, mütəxəssis rəyinə zərurət yarandığını və buna görə də iş üzrə ekspertiza keçirilməsi barədə qərardad çıxarılmasını xahiş etsə də, məhkəmə vəsatətini təmin etməmiş, bununla da hüquqları pozulmuşdur. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 105804-33075/8 saylı kredit müqaviləsinə əsasən Cavabdeh şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 26.5% dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin həmin tarixə banka 7568,60 manat əsas borcu, 868,26 manat faiz borcu olmaqla, cəmi 8436,86 manat borcu vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Əvvəla, işdən görünür ki, iddiaçı cavabdehdən xx xxxxxx 2020-ci il tarixə olan 7568,60 manat əsas, 868,26 manat faiz, cəmi 8436,86 manat borc tələb etmişdir(bax.i.v.10). Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı tam etiraf etmişdir. Cavabdehin xx xxxx 2020-ci ildə 400 manat ödəməsinə dair işdə(bax.i.v.25) ödəniş qəbzi olsa da yalnız buna görə qətnamə ləğv edilə bilməz. Əlbətdə qətnamənin hazırki formada qanuni qüvvəsini alacağı halda icra mərhələsində bu məbləğin, yəni 400 manatın borcun cəmi məbləğindən çıxılacağı təmin edilməlidir. İkincisi, cavabdeh borc məbləğinin şişirdilməsini və düzgün hesablanmadığını bildirsə də bu dəlillər də əsassızdır. Çünki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirdiyinə dair(sonuncu ödəniş qəbzi istisna olunmaqla) məhkəməyə mötəbər sübut təqdim etməlidir, lakin heç bir sübut təqdim edilməmişdir. Buna görə də, iddia tələbi üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də zərurət və əsas olmamışdır. Çünki, iddia tələbində göstərilən əsas və faiz borcunun məbləğlərinə dair iddiaçı tərəfindən hesabdan çıxarış və maliyyə arayışı təqdim edilmişdir. Cavabdeh isə borcun bu məbləğdə olmasına etiraz etməmiş, əksinə iddianı etiraf etmişdir. Sonradan apellyasiya şikayətində yalnız şikayət xatirinə bu dəlillərdən istifadə etməsi isə heç bir əsas olmadığından iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 2607/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar