Məhkəmə qərarları › İş №2(103)-821/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-821/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-821/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: pulun tutulması X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3953/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1 İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) ona 8.000 manat məbləğində borcunun olması və həmin məbləği qaytarmaqdan boyun qaçırması əsası ilə cavabdeh barəsində Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. İddiaçının müraciəti əsasında həmin qutum tərəfindən aparılmış araşdırma çərçivəsində cavabdeh verdiyi izahatında iddiaçıdan ağartı məhsulları götürdüyünü, sonradan onları sataraq pulunu ödədiyini, sonuncu dəfə 2024-cü ilin yanvar ayında təxminən 1 ton pendir götürdüyünü, lakin həmin məhsulun bir hissəsinin keyfiyyətsiz olması səbəbindən yararsız hala düşdüyünü, bu barədə iddiaçıya məlumat verməsinə və geri götürülməsini tələb etməsinə baxmayaraq, sonuncu bunu etmədiyindən onları tulladığını bildirmiş və hazırda iddiaçıya təxminən 1.000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 989 kq pendirin 1 kiloqram dəyəri 6.90 manat olmaqla 6.824,10 manat pulun, 3.500 manat borc verdiyi pulun 1.000 manat qalıq borcunun və 500 manat hüquqi yardım üçün ödənilmiş qonorarın, cəmi 8.324.10 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fərdi sahibkarlıqla məşğul olur və cavabdehi 1 ilə yaxın müddətdir ki, tanıyır. Cavabdehi Füzuli rayonundan ağartı məhsullarını (qatıq, süd, şor və pendir) satmaq üçün göndərmiş, cavabdeh də sataraq öz xeyrini götürdükdən sonra ona aid olan pulu ödəmişdir. Onların ümumilikdə dövriyyəsi 50.000 manatdan çox olmuşdur. Lakin 2024-cü ilin əvvəllərində cavabdehin 1.000 manat borcunun qalmasına baxmayaraq, hissə-hissə olmaqla 989 kq pendiri tələbatı olması bəhanəsi ilə alıb aparmışdır. Lakin o, qalıq 1.000 manat pulu ödəməməklə yanaşı, sonradan aldığı 989 kq pendirin pulunu da ödəməmişdir. Cavabdeh pulu ödəməkdən yayınmaqla yanaşı artıq onu hədələməyə başlamışdır. O, bununla bağlı Polis şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Pendirin bazar dəyəri yüksək olmasına baxmayaraq o, cavabdehə topdan satış qiymətindən, hətta minimum bazar qiymətindən də ucuz – 1 kiloqramı 6.90 manata satmışdır. Lakin cavabdeh ona olan borcunu ödəməmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3953/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2.785,10 manat məbləğində pulun və vəkil xərci olaraq ödənilmiş 500 manat məbləğində pulun əvəzinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 52,85 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X3)

5. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında şifahi qaydada nisyə pendir alqı-satqısı müqaviləsi olmuş, iddiaçı müxtəlif vaxtlarda cavabdehə satmaq üçün pendir vermiş, cavabdeh də sataraq pulunu iddiaçıya qaytamışdır. 2024-cü ilin yanvar ayında iddiaçı tərəfindən cavabdehə satılması üçün 989 kq pendirin göndərilməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı cavabdehə satmaq üçün 989 kq pendir göndərdiyini, cavabdeh də həmin pendiri qəbul etdiyini bildirmişdir. Cavabdeh həmin pendirin çox hissəsinin yararsız olduğu üçün atdığını bildirmiş, lakin buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh iddiaçıdan pendirin 1 kiloqramını 3 manata aldığını qeyd etsə də, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi “X10” firmasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən 2024-cü ildə Azərbaycan Respublikası ərazisində pendirin 1 kq-nın (1 kiloqramının) dəyəri 7.20 manat və 8 manat aralığında olmuşdur. İddiaçı isə cavabdehə pendirin 1 kiloqramını 6,90 manata satdığını bildirmişdir. Məhkəmə qeyd edilənlərə əsasən iddiaçının bu dəlilini daha inandırıcı hesab etnişdir.

6. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Sübahan oğluna xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024cü il tarixdə 160 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 120 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 660 manat, xx.xx.2024cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 400 manat və xx.xx.2024-cü il tarixdə 499 manat olmaqla, ümumilikdə 5.039 manat məbləğində pul ödənilmişdir. İddiaçı iddia tələbində cavabdehin ona 6.824.10 manat məbləğində borcunun olmasını qeyd etsə də, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində müxtəlif vaxtlarda həmin 6.824,10 manat məbləğindən ümumilikdə 5.039 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi cavabdehin tələb etdiyi 6.824,10 manat məbləğindən iddiaçıya 1.785,10 manat məbləğində borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı eyni zamanda cavabdehdən əvvəlki borclarına görə qalıq qalan 1.000 manat borcunu da tələb edir. Bundan başqa iş materiallarından göründüyü kimi cavabdeh izahatında iddiaçıya 1.000 manat məbləğində borcu qaldığını bildirmişdir.

7. Məhkəmə idda tələbinin hüququ yardım üçün iddiaçının ödədiyi 500 manat maliyyə vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün vəkil Nümayəndə 500 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu, 385.1-ci, 386.1-ci, 425.1-ci, 442-ci, 567-ci, 568.1-ci, 600-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 17.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçıdan hazırki mübahisə ilə bağlı 600 kq plasmas qabda - 3 manatdan və 389 kq dəmir qabda - 2.80 manatdan pendir almışdır. Həmin mala görə xx.xx.2024-cü il, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə 500 manat, 500 manat və 660 manat pul ödəmiş və bu barədə qəbzləri də məhkəməyə təqdim etmişdir. Həmçinin 120 manat pul yol xərci olaraq sürücüyə ödəmişdir. Göründüyü kimi, 1.800 manat puldan 1.780 manat pul ödəmiş, 20 manat isə bonus kimi silinmişdir. İkinci dəfə 389 kq qiyməti 2.80 manat cəmi dəyəri 1089 manat edən pendir isə qeyd etdiyi ki, xarab olduğu üçün tərəfindən geri qaytarılmış, lakin iddiaçı gəlib həmin malları aparmadığı üçün tullamışdır. 389 kq qiyməti 2.80 manat cəmi dəyəri 1089 manat edən pendir məhsulunun qeyd etdiyi kimi, xarab olduğu üçün tərəfidən geri qaytarıldığını, lakin iddiaçının təqsiri nəticəsində gəlib həmin malları aparmadığı üçün xarab olaraq tullandığını, həmçinin həmin pendirin qiymətinin 2.80 manat olduğu halda fəaliyyət növü bilinməyən, ölkə üzrə hər hansı qiymətləndirmə aparmaq səlahiyyətinə malik olub-olmadığı yoxlanılmayan “X10” firmasının xx.xx.2024-cü il tarixli rəyinə istinad edərək 2024-cü ildə Azərbaycan Respublikası ərazisində pendirin 1 kq dəyərinin 7.20-8 manat aralığında olmasını əsas götürərək borc hesabladığından hesab edir ki, iş üçün mühüm əhəmiyyəti olan bütün bu faktiki halların aydınlaşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qətnməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi xahiş edilsə də, nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamə məhz mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çəçivəsində cavabdeh iddiaçıdan nisyə əsaslarla ağartı məsulları, xüsusilə pendir almışdır. Hazırda iddiaçı cavabdehə nisyə qaydada satdığı 989 kq pendirinin dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini, satılmış pendirin 1 kq dəyərinin ölkə ərazisində 7,20-8 manat aralığında olduğunu, lakin onun tərəfindən topdan satış qiyməti ilə 6,90 manata satıldığını, lakin dəyərinin bu günədək ödənilmədiyini bildirir və bu əsasla cavabdehdən (989 x 6,90) 6.824,10 manat məbləğində pulun tutulmasını tələb edir. Eyni zamanda, bundan əvvəl verdiyi məhsuldan cavabdehin ona hələ də 1.000 manat borcunun qaldığını qeyd edir və həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini tələb edir.

21. Cavabdeh iddianı qəbul etmir. İddiaçıdan aldığı pendirin 1 kq qiymətinin 2.80 (3) manat olduğunu, aldığı pendirinin dəyərini tam şəkildə iddiaçıya ödədiyini, bir hissəsinin isə keyfiyyətsiz olması səbəbindən yararsız hala düşdüyünü, müraciətlərinə əsasən iddiaçının həmin pendiri geri götürməməsi səbəbindən onu tulladığını bildirir.

22. Bununla belə, cavabdeh iddiaçı ilə aralarında bağlanmış şifahi alqı-satqı müqaviləsinin predmeti olan ağartı məsulunu (pendiri) qəbul etmiş, lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində bu cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

23. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə 1.000 manat məbləğində borcla bağlı qeyd edir ki, iddiaçının müraciəti əsasında Bakı şəhəri Binəqədi rayon Polis idarəsində aparılmış araşdırma zamanı cavabdeh 2024-cü ilin aprel ayında verdiyi izahatında iddiaçıya təxminən 1.000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Bu tarixdən sonra onun tərəfindən iddiaçıya hər hansı məbləğdə pulun ödənilməsi öz təsdiqini tapmır. Cavabdeh belə bir izahatın yazılmasına məcbur edildiyini də bildirmir. Bununla belə məhkəmə kollegiyası cavabdehin etirafını nəzərə alıb, birinci instansiya məhkəməsinin bu hissədə mövqeyini əsaslı hesab edir və belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızdır və rədd edilməlidir.

24. Məhkəmə kollegiyası 989 kq pendirin dəyərinin ödənilməməsi ilə bağlı qeyd edir ki, bu çəkidə pendirinin nisyə qaydada iddiaçıdan aldığını cavabdeh həmin polis orqanlarına verdiyi izahatında, həm də apellyasiya şikayətində özü də etiraf edir. Sadəcə olaraq iddiaçı onun dəyərinin ödənilmədiyini, cavabdeh isə dəyərinin ödənildiyini bildirir. Eyni zamanda, iddiaçı Tam ortaqlı “Şamil” firmasının xx.xx.2024-cü il tarixli rəyinə istinadən cavabdehə nisyə qaydada satılmış pendirin 1 kq dəyərinin ölkə ərazisində 7,20 – 8 manat aralığında olduğunu, lakin cavabdehə topdan satış qiyməti ilə 1 kq 6,90 manata satdığını, cavabdeh isə 600 kq hissəsini 1 kq - 3 manatdan, 389 kq hissəsini isə 1 kq - 2,80 manata aldığını bildirir.

25. Məhkəmə kollegiyası tərəflərin pendirin qiymətinə dair mövqeyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Bu baxımdan tərəflər hər biri öz mövqeyinə uyğun olaraq pendirin müvafiq olaraq 1 kq 6,90 manata satıldığını və 600 kq hissəsini 1 kq - 3 manatdan, 389 kq hissəsini isə 1 kq - 2,80 manata alındığını sübuta yetirməli idi. Lakin tərəflərin hər hansı biri öz mövqelərini sübuta yetirə bilməmişdilər. İddiaçının təqdim etdiyi rəy isə 1 kq pendirin dəyərinin məhz 6,90 manat olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iddiaçı cavabdehdən aralarında yaranmış nisyə alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış məbləği tələb edə bilər.

27. İş materiallarında olan və cavabdehin iddiaçı (onun səlahiyyətli nümayəndəsi, pendirin təhvil alınma məntəqəsi) ilə yazışmasını əks etdirən “whatsapp” yazışmasında, axırıncı partiyanın 15 kq olduğu, ümumilikdə 495 kq müzakirə edildiyi, bu məhsulun ümumi qiymətinin isə 1.584 manat olduğu göstərilmişdir (i.v. səh. 67). Bu da öz növbəsində 1 kq pendirin dəyərinin (1584 / 495 = 3,20) 3,20 manat olduğunu təsdiq edir. Digər tərəfdən cavabdehə aid olan sosial şəbəkədə yerləşdirilmiş pendir məsulunun üzərində olan reklam xarakterli yazılardan müəyyən edilir ki, istehsal etdikləri yağlı süddən ağ pendirin topdan satış qiyməti 3,50 manatdır (i.v. səh. 66). Qeyd edilənlər qiymətlərlə bağlı hər iki tərəfin mövqeyinin əsassız olduğunu təsdiq edir.

28. Bununla belə, iddia edilən pendirin 1 kq dəyərinin 3,20 manat olduğu əsas götürülükdə 989 kq pendirin ümumi dəyəri (989 x 3,20 = 3.164,80) 3.164,80 manat təşkil etmiş olur. Lakin cavabdehin təqdim etdiyi və xx.xx.2024-cü il – xx.xx.2024-cü il tarixləri əhatə edən ödəniş qəbzləri üzrə onun tərəfindən iddiaçıya ümumilikdə 5.039 manat məbləğində pulun ödənildiyi öz təsdiqini tapdığı halda, onun iddiaçıya bu çəkidə məhsula görə hər hansı məbləğdə borcu qalmış olmur.

29. Lakin 28-ci bənddə göstərilənlər bu hissədə iddianın tamamilə rədd edilməsi üçün əsas deyil. Belə ki, artıq müəyyən edildiyi kimi (cavabdehin etirafı), 989 kq pendirin 389 kq hissəsi cavabdeh tərəfindən yararsız hala düşməsi səbəbi ilə tullanmışdır. Cavabdeh tulladığı pendirin dəyərini ödədiyini bildirmir, eyni zamanda, etiraf etdiyi 1.000 manat borc məbləğinin də məhz 389 kq pendirə görə yarandığını söyləmir, ümumiyyətlə bu çəkidə pendirin yararsız olmasına istinadən onun dəyərini ödəmək öhdəliyi daşımadığını vurğulayır. Buna baxmayaraq, həmin məhsulun yararsız hala düşdüyünü, habelə onun geri qaytarılması ilə bağlı iddiaçıya müraciət etdiyini sübuta yetirə bilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin çəkidə pendirin (1 kq 3,20 manatdan hesablanmaqla) ümumi dəyərini təşkil edən (389 x 3,20 = 1.244,80) 1.244,80 manat məbləğində pul məhz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hər bir halda, həmin çəkidə məhsul iddiaçıya təhvi verilmişdir və yararsız olması sübuta yetirilmədiyi, habelə qaytarılmadığı bir halda onun dəyərinin ödənilməsi öhdəiyini məhz cavabdeh daşıyır.

30. Məhkəmə kollegiyası vəkil xərci olaraq cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği ilə də razılaşmır və cavabdehdən iddiaçının xeyrinə bu xərclərin əvəzi olaraq 250 manat məbləğində pulun tutulmasını ədalətli hesab edir.

31. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı xeyrinə (1.000 + 1.244,80) 2.244.80 manat və göstərilmiş hüquqi xidmətin əvəzi olaraq 250 manat məbləğində pul tutulmalı, cavabdehdən iddiaçının xeyrinə tutulan dövlət rüsumu 42,44 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.

32. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan iddiaçı və cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3953/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 2.244.80 (iki min iki yüz qırx dörd manat, səksən qəpik) manat, göstərilmiş hüquqi xidmətin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul tutulsun. Cavabdeh İddiaçı xeyrinə tutulan dövlət rüsumu 42,44 (qırx iki manat, qırx dörd qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar