Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8212/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 may 2021-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “alimentin miqdarının artırılması tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsi qəbul etdiyi 07.05.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.07.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və mahiyyəti üzrə baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddiaçının iddia ərizəsini qaytaran Rayon Məhkəməsi ona əsaslanmışdır ki, iddianın ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmasına əsas verə biləcək zəruri sənədlər (MAPS arayışı, şəxsiyyət vəsiqəsinin surəti və s.) iddia ərizəsinə əlavə edilməmişdir. Bələ olan halda cavabdehin həqiqətən də, iddia ərizəsində qeyd edildiyi kimi Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev № 16 “a”-da yaşayış yeri üzrə qeydiyyatda olması təsdiq edilmir. Qərardaddan verilmiş şikayət isə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qərardadı əsassız və qeyri-qanunsuzdur. Belə ki, cavabdeh həqiqətən də iddia ərizəsində qeyd edilən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (MPM) Rayon Məhkəməsinin əsas götürdüyü səbəbdən iddia ərizəsinin qaytarılması nəzərdə tutulmamışdır. Məhkəmə, Rayon Məhkəməsinin istinad etdiyi əsaslarla razılaşmır. Belə ki, MPM-nin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini ona əlavə olunmuş sənədləri geri qaytarır. Cavabdeh yaşayış yeri barədə sənədin təqdim edilməməsi ilə isə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin iddia ərizəsinin forması və məzmununu müəyyən edən 149-cu maddəsinin mənasına görə, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları ilə yanaşı onların poçt ünvanları göstərilməlidir (maddə 149.2.2.). MPM-nin 150-ci maddəsinin mənasına görə, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd; iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; onun mübahisələndirildiyi halda, normativ aktın mətni; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsinin qaytarılmasını tənzimləyən MPM-nin 152-ci maddənin tələbinə görə, iddia ərizəsi bu MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə (maddə 152.1.1.); iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda (152.1.2.); əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə (152.1.3.); iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə (152.1.4.); müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə (152.1.5.); müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə (152.1.6.); bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə (152.1.7.); cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ-hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə (152.1.8.); iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda (152.1.9.) hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, qeyd edilən bu maddədə iddia ərizəsinin, cavabdehin yaşayış yerini təsdiq edən sənədin olmaması əsası ilə qaytarılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsini qaytaran Rayon Məhkəməsi Cavabdeh yaşayış yeri barədə sənədin iddia ərizəsinə əlavə edilməməsinin iddiaya baxılmasının Nəsimi Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğunu müəyyən etməyin mümkün olmaması ilə əlaqələndirsə də, “Elektron Məhkəmə” İnformasiya Sisteminin sorğular bölməsindən şəxsiyyət vəsiqəsi məlumatlarından cavabdehin rəsmi qeydə alındığı yeri müəyyən etmək mümkündür və Məhkəmə, “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə müəyyən etmişdir ki, iş üzrə cavabdeh həqiqətən də, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev № 16 “a”-da yaşayış yeri üzrə qeydiyyatdadır. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsini yuxarıda qeyd edilən əsasla qaytarmaqda haqlı olmamışdır. Buna görə də, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərardadı ləğv edilsin və İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-8212/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8212/2021
13.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver