Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8215/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh "Bank Respublika” ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-nə qarşı “kredit müqaviləsinə edilən əlavənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə (bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 saylı kredit müqaviləsinə 2 saylı əlavənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ASC-nin “Neftçilər” filialı tərəfindən 12 iyun 2014-cü il tarixli müqaviləsinin şərtləri pozularaq ona verilən ilkin ödəniş cədvəli müqavilədə göstərilən illik 27 faizlə deyil, 27,22 faizlə hesablanmış, müqavilənin şərtlərinə uyğun olaraq illik 27 faiz olmaqla 10 800 ABŞ dollarının 30 ay nisbətində aylıq ödənişi 498,95 ABŞ dolları təşkil etdiyi halda, bankın ona təqdim etdiyi ilkin ödəniş cədvəli (ödənişi 15.07.2015-ci ildən başlayan) üzrə aylıq ödəniş 500,17 ABŞ dolları göstərilmiş, bu cədvəl üzrə faiz və əsas borcun tutulması müqavilənin şərtinə uyğun olaraq hər ay 27 faizlə yox, ayrı-ayrı yüksək faizlərlə hesablanmışdır. 10.11.2016-cı il tarixli 16060 saylı ekspertiza rəyindəki ekspert tərəfindən təqdim olunmuş müqavilənin şərtlərinə uyğun olaraq tərtib edilmiş cədvəllə bankın ona təqdim etdiyi cədvəl müqayisələndirildikdə, filialın müdiri Pərviz Bəşirovun dələduzluğu özünü göstərir. Həmin rəydə ekspert göstərir ki, tərəflər arasında razılaşdırılmış müqavilə şərtlərinə və razılaşdırılmış 30 aylıq ödəniş cədvəlinə əsasən götürülmüş 10 800 ABŞ dolları məbləğində kreditin aylıq ödəniş məbləği 498,95 ABŞ dolları, ümumilikdə 14 968,50 ABŞ dolları məbləğində müəyyən edilir. Bundan əlavə 10 800 ABŞ dolları olan kredit məbləğinə 30 ay müddətində 27 faizlə hesablanmalı faiz məbləği 4168,50 ABŞ dolları məbləğində təşkil edir. Bank tərəfindən təqdim edilmiş ödəniş cədvəli üzrə 30 ay müddətinə aylıq ödəniş 500,17 ABŞ dolları olmaqla ümumi faiz məbləği 4205,10 ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur. Bankla arasında bağlanmış 12 iyun 2014cü il tarixli 14032-1986/456104 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlində aylıq ödənişlər düzgün bölünməmiş və cədvəl üzrə faiz borcunun və əsas borcun silinməsi hər ay müqavilə şərtlərinə uyğun olaraq 27 faizlə aparılmamışdır. Tədqiqatla müəyyən edilmiş ödəniş cədvəli ilə bank tərəfindən tərtib edilmiş ödəniş cədvəli arasında fərq müəyyən edilir. Belə ki, aylıq ödəniş cədvəlini xüsusi proqramlı ödəniş kalkulyatoru hesablamalı olduğu təqdirdə bank filialının müdürü dələduzluq edərək, həmin sistemə müdaxilə etmiş, faizi onun ziyanına dəyişmiş və cədvəli saxtalaşdırmışdır. Bunu heç bir bank işçisinin etməyə hüququ yoxdur. Ekspertin rəyinə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən 09.04.2015-ci il tarixdə ona bank müştərisi olaraq 8299,98 ABŞ dolları məbləğində verilmiş məbləğ düzgün olaraq hesablanmamış, ilkin ödəniş cədvəli üzrə aylıq ödəniş düzgün verilməmiş, faiz və əsas borcun tutulması düzgün hesablanmamışdır. Bankın ona təqdim etdiyi hesabdan çıxarışa əsasən onun ödənişləri üzrə son əsas borcun tutulması 2015-ci il mart ayında olmuşdur. 12 aprel 2015-ci il tarixdə (bankdan pulu götürüldüyü tarix) əsas borcun qalıq hissəsi 8277,87 ABŞ dolları təşkil etməlidir, bank isə ondan 8299,98 ABŞ dolları pul tələb edir. Tələb etdiyi pul məbləğinin mənbəyi barədə heç bir hüquqi sənəd mövcud deyildir. Bu cədvəl üzrə 78,24 ABŞ dolları artıq pul vəsaiti mənimsənilmişdir. 09.04.2015-ci il tarixdə filialın müdiri Pərviz Bəşirov ona 295 ABŞ dolları pulu ödətdirmiş və aprel ayının hesablanmasını tam şəkildə başa çatdırmadan, may ayının 13-nə ona 8475,10 ABŞ dolları məbləğində faiz və əsas borcu hesablanmışdır. Əslində əsas və faiz borcu aprel ayının 12-dək hesablanmalıdır. Müqavilənin 3.05 b bəndinə əsasən əgər borcalanın ötən ay üçün hər hansı bir ödənilməyən borcu yaranarsa, o zaman borcalanın cari hesabına mədaxil edilən vəsaitlərdən ilk növbədə ötən ay üzrə yaranmış borc, bu maddədə “a” bəndində qeyd edilmiş qaydada tam silindikdən sonra növbəti ayın ödənişlərin silinməsi kredit verən tərəfindən həyata keçiriləcək və eyni zamanda bu maddənin “a” bəndinə əsasən vəsaitlər borcalanın hesabına mədaxil edildikdən sonra kreditverən tərəfindən silinir. Bu isə Bank tərəfindən faiz ödənişlərinin bilərəkdən saxtalaşdırıldığını bir daha sübut edir. O, bankın ona təqdim etdiyi saxta cədvəl üzrə vaxtlıvaxtında ödənişlərini yerinə yetirmiş və ona 09 aprel 2015-ci ildə restruktarizasiya olunduqdan sonra bank tərəfindən təqdim olunmuş 2-ci ödəniş cədvəlindən (ödənişi 15.05.2015-ci il tarixdən başlayan) düzgün olmadığı üçün 25.05.2015-ci il tarixli məktubla imtina etmişdir. Belə ki, bu cədvəlin müqaviləyə əlavə olunmuş 1 və 2 saylı əlavələr üzrə 14032-1986/456104 saylı 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş kreditin kreditverənə qaytarılması üçün son müddət 09.04.2018-ci il tarixli müəyyən olunur. Belə olan halda 14032-1986/456104 saylı 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi öz qüvvəsini itirilmiş hesab edilir. Həmin müqavilənin 2 nömrəli əlavəsinə əsasən 12 iyun 2014-cü il tarixli, 14032-1986/456104 saylı kredit müqaviləsinin zaminlik haqqında bəndləri dəyişdirilmiş və 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 saylı kredit müqaviləsinin digər bəndləri qüvvədə qalmışdır. Bu bəndə əsasən faiz dəyişdirilə bilməz, lakin Bankın restruktarizasiyadan sonra ona təqdim etdiyi ödəniş cədvəli (15.05.2015-ci il tarixdən başlayan) illik 27 faizlə yox, bu dəfə illik 27,35 faizlə hesablanmışdır. Bu ikinci cədvəl məhkəmə proseslərində mubahisələndirilməmişdir. Bu cədvəl üzrə yenədə faiz və əsas borcun silinməsi hər ay müqavilədə göstərilən illik 27 faizlə deyil, yenə ayrı-ayrı yüksək faizlərlə aparılır. Bu səbəbdən də o, düzgün cədvəl almayınca ödənişdən imtina etmişdir. Əgər bankın ondan tələb etdiyi 8299,98 ABŞ dolları düzgün məbləğ olmuş olsa belə, restruktarizasiyadan sonra bankın ona təqdim etdiyi 2-ci ödəniş cədvəli üzrə göstərilən aylıq ödəniş 340,42 ABŞ dolları düzgün məbləğ deyildir. Əgər ekseprt bu cədvəlin müqavilənin şərtinə uyğun olaraq illik 27 faiz olmaqla 8299,98 ABŞ dollarının 36 ay nisbətində düzgün formasını çıxartmış olsa idi, bu cədvəl üzrə aylıq ödəniş 338,85 ABŞ dolları təşkil etməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, bankla İddiaçı arasında bağlanmış 12.06.2014-cü il tarixli 14032-1986/456104 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı illik faiz dərəcəsi 27% olmaqla 30 ay müddətinə 10 800 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqaviləyə edilmiş 09 aprel 2015-ci il tarixli 1 nömrəli əlavə ilə kreditin qaytarılması üçün son müddət 09 aprel 2018-ci il tarixi müəyyənləşdirilmiş, eyni tarixli 2 nömrəli əlavə ilə isə kredit müqaviləsinin bəzi bəndləri dəyişdirilmiş, müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə X3 və X8 ilə bağlanmış zaminlik müqavilələrinin bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsulu olduğu eləcə də kredit müqaviləsinin digər bəndlərinin qüvvədə qalması razılaşdırılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı, X2 və X7 qarşı “kredit müqaviləsinin ləğvi və borcun ödənilməsi”nə dair iddiasının qismən təmin edilərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və İddiaçı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 nömrəli kredit müqaviləsinin ləğv olunması, 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 nömrəli kredit müqaviləsi üzrə 8338,91 (səkkiz min üç yüz otuz səkkiz dollar doxsan bir sent) ABŞ dolları əsas borc, 612,91 (altı yüz on iki dollar doxsan bir sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 8951,82 (səkkiz min doqquz yüz əlli bir dollar səksən iki sent) ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun İddiaçı, X3 və X4 müştərək qaydada bankın xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş cəmi 100.00 (bir yüz) manat məbləğində pulun İddiaçı, X3 və X4 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı, X3 və X5 birgə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, əsas borcun məbləği 8299,98 (səkkiz min iki yüz doxsan doqquz ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları, faiz borcunun məbləği 175,12 (yüz yetmiş beş aBş dolları, on iki sent) ABŞ dolları, əsas və faiz borcunun cəmi isə 8475,10 (səkkiz min dörd yüz yetmiş beş ABŞ dolları, on sent) ABŞ dolları (məzənnə üzrə manatla) müəyyənləşdirilmiş, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza xərcinin - 50 (əlli) manatın İddiaçı, X3 və Əliyev Mürsəl oğlundan müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. İddiaçı, 12 iyun 2014-cü il tarixli 14032- 1986/456104 saylı kredit müqaviləsinə edilmiş 2 saylı əlavənin həmin məhkəmə proseslərində mubahisələndirilmədiyini iddia etməklə hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürmüş, birinci instansiya məhkəməsi isə sözügedən məhkəmə aktları ilə iddiaçının ləğv olunmasını istədiyi müqaviləyə qiymət verildiyini vurğulamaqla iddianı əsassız hesab etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan 05.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının hazırda mübahisələndirdiyi müqavilə əsasında yaranmış borcun ondan və digərlərindən tutulmasına qərar verilməklə həmin müqaviləyə dolayısıyla qiymət verilmiş və tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Digər tərəfdən kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə görə, “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”; 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Mülki qanunvericiliyin sadalanan müddəalarına görə, müqavilənin dəyişdirilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından görünür ki, bu əsas da mövcud deyildir və iddiaçı ilə bağlanmış müqaviləyə əlavəyə qanuni qüvvədə olan məhkəmə aktları ilə qiymət verilmişdir. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi halıdır ki, kollegiyanın qənaətinə görə, hazırkı mübahisə baxımından həmin hal da mövcud deyildir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1006/2021 saylı iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8215/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8215/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver