Məhkəmə qərarları › İş №2(103)-8216/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8216/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8216/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1091/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsindəki 4 saylı evin yaşayış sahəsi 108 kv.metr olan 3 otaqdan ibarət 51 saylı mənzilin alqı-satqı müqaviləsinin onunla Cavabdeh2 və 53 saylı mənzilin alqı-satqı müqaviləsinin onunla Cavabdeh1 arasında bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsindəki 4 saylı evin 108 kv.metrdən ibarət olan 3 otaqlı 51 saylı mənzilini, eləcə də 53 saylı mənzilini 1996-cı ildə qohumları Cavabdeh2 və 1996-cı ildə Cavabdeh1 almışdır. Mənzildə o, ailə üzvləri ilə birlikdə yaşayır. Bu faktı Səbail rayon 7 saylı MKİS-nin verdiyi arayış və qonşular təsdiq edirlər. Cavabdeh2 və Cavabdeh1 isə mənzildə bir gün də olsa yaşamamış və istifadə etməmişlər. Onlar, daimi yaşamaq üçün xarici ölkəyə köçüb getmişlər. Mənzilin istismar yığımı, məişət tullantıları yığımı haqqlarını, işıq, qaz, sudan istifadəyə görə haqları daima o, ödəmişdir. Mənzillər həmin vaxtdan birləşik mənzillər olmaqla faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 daimi olaraq xarici ölkədə yaşadıqlarına görə mənzili adına rəsmiləşdirə bilmir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1091/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələrinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, sübutları düzgün qiymətləndirmədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin haqlı olaraq müqavilə bağlanan dövrdə qüvvədə olan qanunvericilik müddəalırını mübahisəyə tətbiq etdiyini bildirmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər cavabdeh və iddiaçıya isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təmsil olunmamışlar. Həmçinin, iddiaçının nümayəndəsi-vəkili dəftərxana vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəblərə görə iştirak edə bilməyəcəyinə görə məhkəmə iclasının təxirə salınmasının xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili tərəfindən məhkəməyə ünvanlanmış teleqramda qeyd olunmuş hallarla bağlı hər hansı sübut təqdim olunmadığı üçün, həmçinin, Cavabdeh2 nümayəndəsi-vəkilinin işə baxılmasının təxirə salınmasına etirazını nəzərə alaraq kollegiya gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 7 saylı MKİS tərəfindən verilmiş 71 nömrəli, 19.05.2018-ci il tarixli arayışdan görünür ki, 17.05.2018-ci il tarixli qonşuların aktına əsasən Y.Məmmədəliyev küçəsi 4 saylı evin 51 və 53 nömrəli mənzillərində İddiaçı və həyat yoldaşı X1 göstərilən ünvanda qeydiyyatsız yaşayırlar. İş materiallarına əlavə edilmiş Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 7 saylı MKİS tərəfindən verilmiş 27 nömrəli, 26.02.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi 4 saylı evin Cavabdeh2 adına olan 51 saylı mənzilinin istismar yığımı və məişət tullantıları yığımı haqqlarını 1996- cı il tarixindən 2021-ci ilin fevral ayı daxil olmaqla ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 7 saylı MKİS tərəfindən verilmiş 28 nömrəli, 26.02.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, 4 saylı evin Cavabdeh1 adına olan 53 saylı mənzilinin istismar yığımı və məişət tullantıları yığımı haqqlarını 1996- cı il tarixindən 2021-ci ilin fevral ayı daxil olmaqla ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin 26.02.2021-ci il tarixli **********54 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 4, 51 saylı mənzil 22 saylı DNK-nın 23.03.1993-cü il tarixli D-672 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən 26.03.1993-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 4, 53 saylı mənzil 9 saylı DNK-nın 3MA-4-895 reyestr nömrəli 28.12.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 02.02.2005-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşin araşdırılmış hallarından məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 4, 51 saylı mənzil 22 saylı DNK-nın 23.03.1993-cü il tarixli D672 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən 26.03.1993-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 4, 53 saylı mənzil 9 saylı DNK-nın 3MA-4-895 reyestrnömrəli 28.12.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 02.02.2005-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İddiaçı isə qeyd edilən mənzilləri 1996-cı ildə qohumları olan Cavabdeh2 və Cavabdeh1 aldığını göstərərək, həmin tarixdən hazırki vaxtadək orada yaşadığını bildirmiş və bununla bağlı Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 7 saylı MKİS-in verdiyi arayışlara istinad etmişdir. İddiaçı tələbini əsaslandırarkən, cavabdehlə onun arasında mülki-hüquq münasibətlərinin əmələ gəldiyi vaxt 1996-cı il tarixə təsadüf etdiyindən 24.06.2005-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin tələbinə uyğun həll olunmalı olmasını göstərmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya qeyd edir ki, birinci instasniya məhkəməsi haqlı olaraq hazırki mübahisəyə iddiaçı cavabdehlərdən mübahisəli evi 1996-cı ildə əldə etməsini göstərdiyi üçün tərəflər arasında mübahisəli münasibətin yarandığı zaman 01.09.2000-ci il tarixə kimi qüvvədə olan mülki qanunvericiliyin müddəaları tətbiq etmişdir. 2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41 və 42-ci maddələrinin məzmununa görə minimum əmək haqqının 2 mislindən yuxarı məbləğə bağlanan əqdlər yazılı formada olmalıdır və əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi mübahisə zamanı tərəfləri əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqdə qanuna zidd əməl olmadıqda, məhkəmə əqd icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 228-ci maddəsini İ hissəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 229-cu maddəsinə əsasən isə vətəndaşın və ya birlikdə yaşayan ər-arvadın və onların yetkinlik yaşına çatmayan uşaqlarının xüsusi mülkiyyətində olan yaşayış evi (və ya onun bir hissəsi) bu Məcəllənin 101 və 102-ci maddələrinin qaydalarına riayət etmək, habelə bu Məcəllənin 104-cü maddəsində nəzərdə tutulan haldan başqa yaşayış evini satanın, onun ərinin (arvadının) və onların yetkinlik yaşına çatmayan uşaqlarının adından üç il müddətində bir evdən və ya evin bir hissəsindən artıq satmamaq şərtilə, alqı-satqı müqaviləsinin predmeti ola bilər. Həmin Məcəllənin 230-cu maddəsinin İ hissəsinə əsasən isə tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesabolunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya hesab edir ki, iddiaçının notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etməsi, eləcə də qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun cavabdehlərin notariatda təsdiq edilməli olan əqdi notariatda təsdiq etməkdən boyun qaçırmasına dair hallar iddiaçı tərəfindən mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim edilmədiyindən öz təsdiqini tapmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının dəlillərini əsaslı hesab etməmişdir. Kollegiya, həmçinin, vurğulayır ki, hazırki iddia tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti də ötürülmüşdür. Belə ki, 01.09.2000-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə əsasən, vətəndaşlar öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən qanunlara riayət etməlidirlər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi iddia müddəti 3 il müəyyən edilir. Qeyd olunan Məcəllənin 77-ci maddəsinə əsasən, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnu pozulmasını bidiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, iddia qaldırılana qədər iddia müddətnin keçməsi iddianı rədd etmək üçün əsasdır. İddiaçı cavabdehlərlə mübahisəli mənzillərə dair alqı-satqı müqaviləsinin 1996-cı ildə bağlandığını göstərsə də, həmin vaxtdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmək imkanı olduğu halda, 25 ilə yaxın vaxt keçməsinə baxmayaraq müraciət etməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1091/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar