Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8220/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh QSC «Bank Standart» KB-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi və sənədlərin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-277/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh QSC «Bank Standart» KB-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi və sənədlərin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 277/2020 saylı qətnaməsi ilə (hakim Rufan Mürsəlov) iddia təmin edilmişdir. Cavabdeh QSC «Bank Standart» KB apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)- 277/2020 saylı qərardadı ilə ərizə təmin olunmamış, müddətin bərpasından imtina edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – qərardadın əsassız olması, Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar apellyasiya şikayətinin vaxtında verilməməsi, müddətin bərpa olunmalı olması, hüquqlarının pozulması kimi əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz etmiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən (məktub, reyestr, xəbərnamə) görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx xxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən xx xxxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə vermişdir. Birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni rədd edərkən belə qənaətə gəlmişdir ki, məhkəmələr üzrə xx.xx.2020-ci il saat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsa da, apellyasiya şikayəti həmin tarixdən 1 aya yaxın vaxt keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 129.1-ci maddəsinin tələbinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Cavabdeh müddətin bərpasına dair ərizəsində Covid-19 infeksiyasının qarşısının alınması məqsədi ilə sərt karantin qaydalarının tətbiq edilməsini və bu səbəbdən də apellyasiya şikayətini vaxtında məhkəməyə təqdim edə bilməməsini göstərmişdir. Qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2020-ci il tarixli 05 nömrəli qərarına əsasən Azərbaycan Respublikasında məhkəmələrin fəaliyyəti xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək qismən dayandırılmışdır. Eyni zamanda, həmin qərarda fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrin, apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilmişdir. Bu səbəbdən də, cavabdeh həmin dövrdə apellyasiya şikayətini rabitə orqanına təqdim etməklə, vaxtında şikayət hüququndan istifadə edə bilərdi. Həmçinin qeyd edilməlidir ki, cavabdeh qətnaməni xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada almış, məhkəmələrin fəaliyyəti isə xx xxx 2020-ci il tarixindən xx xxxx 2020-ci il tarixədək tam şəkildə mövcud olmuşdur. Cavabdeh ən azı xx xxx 2020-ci il tarixindən dərhal sonra apellyasiya şikayətini məhkəməyə təqdim etmək imkanında da olmuşdur (cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu da ərizəsinə əlavə etməmişdir). Cavabdeh yalnız xx xxxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermiş (şikayət xx xxxx 2020-ci il tarixdə tərtib olunaraq imalanmışdır), lakin keçən bütün müddətin üzürlü hesab edilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Göründüyü kimi, cavabdehin ərizədə göstərdiyi yeganə hal prosessual müddətin üzrlü sayılması üçün qanuni əsas təşkil edə bilməz. Cavabdeh buraxılmış müddətin üzrlü sayılması üçün keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut edə bilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh QSC «Bank Standart» KB-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi və sənədlərin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-277/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-277/2020 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8220/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8220/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver