Məhkəmə qərarları › İş №2(103)-8224/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8224/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8224/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh Qurbanova (Cəfərova) Sabirə xanım Sabir qızının nümayəndəsi və vəkili X6 iştirakları ilə İddiaçı cavabdeh Qurbanova (Cəfərova) Sabirə xanım Sabir qızına qarşı “borcun qaytarılması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1714/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Qurbanova (Cəfərova) Sabirə xanım Sabir qızına qarşı borcun qaytarılmasına tələbinə iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4261 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin yay aylarında Qurbanova (Cəfərova) Sabirəxanımla şifahi razılaşma əsasında xaricdə təhsil almağına görə 3-4 il ərzində qaytarmaq şərti ilə “xxxx” ASC-nin “Western Union” sistemi vasitəsi ilə xx.xx.2016cı, xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2018-ci il tarixlərində cəmi 4261 ABŞ dolları pul köçürmüşdür. Həmin dövrdə o, özünə məxsus mənzilini satıb və həmin puldan cavabdehə borc pul vermişdir. 10.000 ABŞ dolları mərhum atası X5 vasitəsilə əlbəəl cavabdehə verilib, əmisi X4 və əmisi oğlu Əfqan Cəfərovun adlarından cavabdehin adına pul köçürmüşdür. Lakin hal-hazırda sübut kimi yalnız öz adından göndərilən məbləğ sadəcə 4261 ABŞ dollarıdır. O, dövlət qulluqçusudur, Bakı Ağır Cinayətlər Məhkəməsində məsləhətçi-tərcüməçi çalışır. Himayəsində bir azyaşlı uşaq və epilepsiya xəstəliyindən əziyyət çəkən anası var. Cavabdehə dəfələrlə zərg etmişdir, lakin sonuncu cavab vermir, sms yazıb bildirmişdir, çətin vəziyyətini, oxuyub cavab vermədən onun bütün nömrələrini atır bloka, borcunu qaytarmaqdan yayınır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1113/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara obyektiv hüquqi qiymət verməməsi və maddi hüquq normalarını düzgün tətbiq etməməsi arqumentləri ilə əsaslandırmaqla, əlavə olaraq qeyd etmişdir ki, o, 4 il əvvəl xaricdə təhsil alarkən sözügedən pul məbləği qarşılıqsız olaraq ona valideynləri tərəfindən göndərilmiş, onun iddiaçı ilə aralarında borc müqaviləsi bağlanmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Aqil Azadov apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş 3 illik iddia müddətini keçmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmiş sonuncu məbləğ xx.xx.2016-cı il tarixə təsadüf edir. Həmin tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu günədək isə qanunla müəyyən edilmiş üç illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüş olur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin bərpa edilməsinə dair heç bir qərar qəbul edilməmişdir. Qeyd edilməlidir ki, belə bir ərizənin hazırda verilməsi cavabdeh olaraq birinci instansiya məhkəməsində iştirak etməməyilə bağlıdır. Əlavə olaraq bildirirmişdir ki, atası cavabdeh Sabirəxanıma pulları iddiaçı vasitəsilə göndərmişdir, yəni cavabdehə göndərilən pullar atalarının pulları olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ataları xx xxxxxx 2016-cı ildə vəfat etmiş və cavabdeh 2016-cı ildə Çexiyaya getmişdir. Köçürmələr ataları vəfat edəndən sonra olmuşdur. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. İş üzrə Bakı şəhəri 5 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 6/8 saylı evin 10 saylı mənzilini X1. İş üzrə “xxxx” ASC-nin pul köçürülməsi haqqında ərizədərdən və hesabdan çıxarışından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixdə 951 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 851 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 404 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 851 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 1051 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 153 ABŞ dolları, cəmi 4261 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, hazırkı iş üzrə hüquqi dəyərləndirmənin məqsədləri baxımından ilk növbədə iddiaçı və cavabdeh arasındakı münasibətlərə, əgər belə mülki hüquqi münasibətlər varsa, onların mahiyyətinə qiymət verilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən onun tərəfindən cavabdehin xahişi ilə 2016-cı ilin müxtəlif aylarında “Vestern Union” pul köçürməsi xidməti vasitəsi ilə 4261 ABŞ dolları məbləğində pul köçürülməsi işin mübahisələndirilməyən halıdır. Həmin pul məbləğlərini cavabdehin xaricdə təhsil alması ilə bağlı göndərmiş və cavabdeh həmin pulu geri qaytarmaq barədə öhdəlik götürsə də, həmin öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı həmin pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh isə həmin pulu borc olaraq deyil, qarşılıqsız olaraq ona göndərildiyini, göndərilmiş pulların atasına məxsus olduğunu irəli sürür. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdeh Qurbanova (Cəfərova) Sabirəxanım Sabir qızına xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il tarixlərdə cəmi 4261 ABŞ dolları məbləğində pul “Vestern Union pul köçürmələri xidməti vasitəsi ilə köçürüldüyünə əsaslanmaqla, tərəflər arasında borc münasibətlərinin yarandığını, cavabdehin isə müqavilə öhdəliyini yerinə yetirməyərək pulu iddiaçıya qaytarmadığı qənaətinə gəlmiş, mübahisəyə borc müqaviləsinə dair müddəaları tətbiq etməklə iddia tələbini təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi, eləcə də sübutetmə yükünün bölüşdürülməsi baxımından prosessual qanunvericiliyin müəyyənləşdirdiyi prinsiplərə əməl etməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məcəllənin 324.5-ci maddəsinə görə isə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının şəxsi vəsaiti olan pulu borc kimi cavabdehə göndərdiyi iş materialları ilə təsdiq olunsa da, tərəflər arasında borc müqaviləsinin bağlanmış olduğu qənaətinə gəlmək mümkün deyildir; əvvəla tərəflər arasında notarial və ya sadə yazılı borc müqaviləsinin bağlandığı müəyyən edilməmişdir. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Şərh olunanlarla əsasən kollegiya hesab edir ki, tərəflər arasında borc münasibətləri yaranmış, bununla belə, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Qeyd olunmalıdır ki, tərəflər arasında borc münasibətləri 2016-cı ilin avqust, sentyabr aylarında yaranmış, həmin tarixdən sonra iddiaçı cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş, yalnız xx.xx.2020 il tarixdə (4 il sonra) məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin həmin borcu 3-4 il ərzində qaytaracağı barədə razılağa gəldiklərini qeyd etsə də, kollegiya iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, cavabdehin borcu 3-4 il ərzində qaytaracağı barədə razılağa gəldikləri barədə iddiaçının irəli sürdükləri onun şəxsi mülahizələridir və bu mülahizələr məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasında borcun hansı şərtlərlə və hansı müddətə verilməsini özündə əks etdirən müqavilə bağlanmamış və iddiaçı sözügedən mülahizəni iddia müddətini ötürməmiş olmasının təsdiqi kimi şəxsi maraqlarına uyğun olaraq irəli sürmüşdür. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X7 Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla qətnamənin ləğvi üçün əsas təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1714/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Qurbanova (Cəfərova) Sabirə xanım Sabir qızına qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar