Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8227/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1511/2021 saylı iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1171,53 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.03.2017-ci il tarixinə 1478,33 ABŞ dolları faiz borcunun, müqavilə bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 208,16 ABŞ dolları faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1312,67 ABŞ dolları cərimə borcunun, cəmi 4170,69 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.03.2015-ci il tarixli İKM 01 saylı istehlak krediti müqaviləsinə əsasən, iddiaçı LPO İddiaçı ASC-nin “Səbail” filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 29% ödəmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 10.03.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 1171,53 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.03.2017-ci il tarixinə faiz borcu 1478,33 ABŞ dolları, müqavilə bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış faiz borcu 208,16 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1312,67 ABŞ dolları olmaqla, cəmi 4170,69 ABŞ dolları təşkil edir. LPO İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1511/2021 saylı iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 10 mart 2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə 1171,53 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə, o cümlədən zamin Cavabdeh2 qarşı hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1511/2021 saylı iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsinin qismən, yəni faiz borcu, cərimə borcu, kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz məbləğinin təmin edilməyən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissələrdə təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, qətnamə əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği hissəsinə münasibətdə qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslara görə ləğv edilərək, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” 28.02.2019-cu il tarixli Fərmanının 10-cu bəndində göstərilir ki, Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Həmin mülki iş üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanılması ilə bağlı 27.05.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Həmçinin cavabdehə restrukturizasiyasının aparılması məqsədilə təklif göndərilmiş və Fərmanın icrası ilə bağlı müvafiq tədbirlər cavabdeh tərəfindən görülmüşdür. Lakin cavabdeh göndərilmiş təkliflərə baxmayaraq kredit borcunun restrukturizasiyası üçün müraciət etməmiş və təklif olunan restrukturizasiya məbləğini qəbul etməmişdir. Həmçinin, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasına əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanılması ilə bağlı müraciətlərin qəbulu 31.12.2019-cu il tarixdə başa çatmışdır. Digər tərəfdən Fərmana uyğun olaraq, həmin müqavilələrdə yalnız əsas borc məbləği 5 il müddətinə, 1% olmaqla restrukturizasiya olunur. Müqavilənin digər maddələri, o cümlədən təminat hissələri dəyişilmədən qalır. Həmin Fərmanın heç bir maddəsində Fərmanın təsirinə düşən müqavilələrdə məhkəmələrə restrukturizasiya olunmayan kredit müqavilələrinin faiz, cərimə və hesablanmış məbləğdə borclarının silinməsi səlahiyyəti verilməyib. Bu hallar birinci instansiya məhkəməsində tərəflərin verdiyi izahatlarla təsdiq edilmiş və onlarla bağlı heç bir mübahisə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, cavabdeh hesab edir ki, bu hissədə məhkəmənin gəldiyi nəticə səhvdir və bu hissədə qətnamə ləğv olunmalı, Cavabdeh1 Taqverdi oğlundan 1171,53 ABŞ dolları əsas borcun, 1478,33 ABŞ dolları faiz, 1312,67 ABŞ dolları cərimə, kredit müqaviləsi hesablanmış 208,16 ABŞ dolları faiz borcu məbləğinin tutulması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə şikayətin əsassız olduğunu bildirərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.03.2015ci il tarixli İKM 01 saylı istehlak krediti müqaviləsinə əsasən, iddiaçı LPO İddiaçı ASC-nin “Səbail” filialı tərəfindən kredit alana 24 ay müddətinə illik 29% dərəcəsi ilə 2000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit alan tərəfindən isə kreditin və hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən qaytarılması öhdəsinə götürülmüşdür. İş materiallarında olan iddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış 10.03.2015ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 cavabdeh İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.03.2015-ci il tarixli İKM 01 saylı istehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşin mübahisəsiz hallarına görə iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” 28 fevral 2019-cu il tarixli Fərmanının 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqavilələrinin bağlanılmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin (faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi) silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Bununla bağlı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndinə əsasən, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, LPO İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 mart 2015-ci il tarixli İKM 01 saylı istehlak krediti müqaviləsi üzrə kredit borcu həm müqavilənin bağlanma müddətinə görə, həm əsas borcun məbləğinə görə (1171,53 ABŞ dolları), həm də 01 mart 2019-cu il tarixinə kreditin ödənilməsinin 360 gündən artıq müddətə gecikməsinə görə restrukturizasiya olunmalı kredit borclarına aiddir. Azərbaycan Respublikası Mərkəzi Bankının kompensasiya məbləğinin sorğulanması barədə məlumatından görünür ki, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə əsas borcunun manat ekvivalentində 3077,92 manat olduğu nəzərə alınaraq, borcluya 1086,32 manat kompensasiya məbləği hesablanaraq borcun azaldılmasına yönəldilmiş və qalıq borcunun, eyni zamanda restrukturizasiya borcunun 1991,59 manat olduğu müəyyən edilmişdir. İddiaçı qalıq əsas borc kimi 1991,59 manat pulu 1171,53 ABŞ dolları ekvivalentində tələb edir. Apellyasiya şikayətində cavabdehə restrukturizasiyasının aparılması məqsədilə təklif göndərilməsi və Fərmanın icrası ilə bağlı cavabdeh tərəfindən müvafiq tədbirlər görülməsi, lakin cavabdehin göndərilmiş təkliflərə baxmayaraq kredit borcunun restrukturizasiyası üçün müraciət etməməsi və təklif olunan restrukturizasiya məbləğini qəbul etmədiyi qeyd olunsa da, iş materiallarında kredit borcunun restrukturizasiya olunması üçün borcluya müraciət olunması barədə hər hansı sübut yoxdur. Yuxarıda qeyd olunduğu kimi, LPO İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 mart 2015-ci il tarixli İKM 01 saylı istehlak krediti müqaviləsi üzrə kredit borcu restrukturuzasiya olunmalı kredit borclarına aiddir. Buna görə də birinci instansiya məhkəməsi həmin kredit müqaviləsi üzrə tələb olunan faizləri və dəbbə pullarını silməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh1 iddiaçı bankdan götürdüyü 2000 ABŞ dolları məbləğində kredit borcunun müqabilində ondan 1171,53 ABŞ dolları əsas borcla yanaşı, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.03.2017ci il tarixinə 1478,33 ABŞ dolları faiz borcunun, müqavilə bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 208,16 ABŞ dolları faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1312,67 ABŞ dolları cərimə borcunun, cəmi 4170,69 ABŞ dolları məbləğində borcun tələb olunması açıq-aşkar ədalətli deyil. Qeyd etmək lazımdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC 10 mart 2017-ci il tarixdə müddəti başa çatmış kredit müqaviləsi üzrə 3 il 9 aydan sonra 10 dekabr 2020-ci il tarixdə iddia qaldırmaqla zərərin həcminin artmasına şərait yaratmışdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392-393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1511/2021 saylı iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8227/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8227/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver