Məhkəmə qərarları › İş №2(103)-8232/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8232/2020

23.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8232/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X4, Cavabdeh İbrahimxəlilova (Lin) Şahnaz Tacəddin qızının iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “mənzilə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)-558/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin mübahisə edilməyən hallarına görə, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 74-də yerləşən 34 saylı mənzil İddiaçı (bundan sonra - iddiaçı) mülkiyyətindədir. Həmin binada yerləşən X2 məxsus olan (bundan sonra – cavabdeh) 37 saylı mənzil üst mərtəbədə, iddiaçının mənzilinin üzərində yerləşir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyanın əvəzi hesabına 3500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mənzilindən dəfələrlə onun yaşadığı mənzilə su axıdılmış, bunun nəticəsində ona xeyli miqdarda ziyan vurulmuş, bir neçə dəfə qonşuluq naminə evini özü təmir etdirmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Axırıncı dəfə xx.xx.2019-cu il tarixdə yenidən mənzilinə cavabdehin mənzilindən su axıdılaraq yaşadığı mənzilin qonaq otağının tavanı, divar kağızları, mətbəxin döşəməsi, koridorun tavanı, döşəməsi, koridorun divarına vurulmuş taxtası və mətbəx mebeli yarasız hala düşərək ona maddi ziyan vurulmuşdur. Bundan başqa axıdılan suyun nəticəsində mətbəxin pəncərəsi yararsız hala düşmüşdür. Bu barədə 57 saylı Mənzil Kommunal İsitsmar Sahəsinə müraciət etmiş, həmin idarənin mühəndisi və sahə nəzarətçiləri tərəfindən mənzilə baxış keçirilmiş və baxış zamanı onun mənzilinə 37 saylı mənzildən suyun axıdılmasının şahidi olmuşdurlar. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə 57 saylı Mənzil Kommunal İstimar Sahəsinin mühəndisi A.Bayramov, sahə nəzarətçisi L.Nəhmətov, fəhləsi S.Muradov tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli akt təqdim edilmişdir. Aktda qeyd edilmişdir ki, xx.xx.2019-cu ildə R.Rüstəmov 74, mənzil 34 ünvanında yaşayan X4 ərizə ilə müraciət edərək, 37-ci mənzildən mənzilinə su axmasını bildirmiş, ərizəyə əsasən mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzilə su axdığının şahidi olmuşlar. Mənzilin döşəmə və tavanı islanmış vəziyyətdə olmuşdur. Divar kağızları və mətbəx mebeli islaq vəziyyətdə olmuşdur. Su, üst qonşu, 37-ci mənzilin sahibi X1 mənzilindən axmışdır. Cavabdeh iddianı qəbul etməyərək, mənzilin onun adına olsa da, kirayə verildiyini, onun mənzilindən iddiaçının mənzilinə su axıdılmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 2833 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin 34 saylı mənzilinin tavanında, döşəməsində və divarlarında su sızma ləkələrin olması, eləcə də mülki iş materiallarında olan, 57 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin 34 saylı mənzilinə yuxarı mərtəbədəki 37 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. 34 saylı mənzilin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1099.0 manat məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını və ekspert rəyini nəzərə alaraq, xx xxxxxxxx 2020-ci il tarixli 2(007)-558/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi və cavabdehdən 1099 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması, cavabdehdən ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ekspert iddiaçının evinə dəymiş ziyanın mənbəyini göstərməmişdir, ziyanın əsl mənbəyi onun evindən olmamışdır. İddiaçı bir ildən çox müddətdir həmin evdə yaşamır. Ziyanın məbləği həddən artıq şişirdilmişdir, dəymiş ziyan 150-200 manat civarında olmuşdur. Təkrar ekspertiza təyin edilməklə dəymiş ziyan və ziyanın mənbəyi müəyyənləşdirilməlidir. Kollegiya iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verib, şikayətinin təmin olunmasını xahiş etdi. Qeyd etdi ki, mübahisəli mənzil kirayəyə verilmişdir, həmin ev onun adına olsa da, faktiki qayının evi olmuşdur, Mənzil Kommunal İstimar Sahəsindən ona zəng vuraraq onun evindən su axıdıldığını bildirmiş, o da qaynına bu barədə məlumat vermiş və qaynı usta göndərmiş, həmin usta da Mənzil Kommunal İstimar Sahəsində işləmiş, təmir işlərini gördükdən sonra ümumi borudan su axıdıldığını ona bildirmişdir. Mübahisəli mənzili təxminən yanvar-fevral ayında satmışlar. Kollegiya iclasında iddiaçı və nümayəndəsi apelyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdilər. Həmçinin iddiaçı göstərdi ki, cavabdehin mənzilinin boruları tamamilə çürümüşdür. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apelyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən, yalnız cavabdehə aid hissədə yoxlanılması təşkil edir, çünki iddia qismən təmin edilmiş olsa da, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus olan 37 saylı mənzildən susızma baş vermişdir. Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdıldığı müvafiq akt, ekspertiza rəyi ilə təsdiqini tapır. Cavabdeh apelyasiya şikayətində zərərin mənbəyinin onun mənzilindən olmadığını bildirmiş, həmçinin zərərin məbləği ilə razılaşmamışdır. İddiaçı cavabdehin mənzilindən ona məxsus mənzilə su axıdılmasını və mənzilinə maddi zərər dəydiyini məhkəməyə təqdim etdiyi, yerli mənzil kommunal istismar sahəsi tərəfindən təsdiq olunan aktla sübut etmişdir. Həmin aktın mötəbərliyi hər hansı şübhə doğurmur, cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdıldığı iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də öz təsdiqini tapır. Ekspert rəyi ilə iddiaçının evinə suyun cavabdehin mənzilindən axdığı müəyyən edilmiş, lakin su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olması müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin o, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Ekspert rəydə göstərilən məbləğin yaranması zərurətini detallı şəkildə açıqlamış, öz rəyini kifayət qədər əsaslandırmışdır. Rəyin məlumatlarını şübhə altına almaq, habelə iş üzrə yeni (təkrar və ya əlavə) ekspertiza təyin etmək üçün əsaslar yoxdur. Apelyasiya baxışı zamanı da dəymiş zərərlə bağlı ekspert rəyində göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir. Həmçinin Kollegiya qeyd edir ki, artıq cavabdehin özünün də qeyd etdiyi kimi təmir işləri görülmüşdür və su sızmasına səbəb olan hallar aradan qaldırılmışdır və hazırki vəziyyətdə ekspertizanın keçirilməsi ilə yeni heç nə əldə etmək mümkün deyildir. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Beləliklə, cavabdehin apelyasiya şikayətində irəli sürdüyü yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-558/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar