Məhkəmə qərarları › İş №2(103)-8233/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8233/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8233/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1694/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli 106804- 112357/3 saylı istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 25% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh2 arasında 28 oktyabr 2019-cu il tarixli 106804- 112357/3 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 28 oktyabr 2019-cu il tarixli 106804- 112357/3 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 09 fevral 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 13622,23 manat məbləğində əsas borcu və 2230,33 manat faiz borcu olmaqla, ümumilikdə 15852,56 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Cavabdeh1 və Cavabdeh2 13622,23 manat məbləğində əsas borc və 2230,33 manat faiz borcu olmaqla, ümumilikdə 15852,56 manat borcun və 30,4 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1694/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 28 oktyabr 2019-cu il tarixli 106804-112357/3 saylı kredit müqaviləsi üzrə 13622,23 (on üç min altı yüz iyirmi iki manat, iyirmi üç qəpik) manat əsas borc və 2230,33 (iki min iki yüz otuz manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 15852,56 (on beş min səkkiz yüz əlli iki manat, əlli altı qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqı əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Qumru Əliyeva).

4. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1694/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, cavabdehlə kreditor arasında bağlanılmış 28.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin müqavilələr azadlığı prinsi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Tərəflərin izahatları:

6. Kollegiya iclasnda iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

10. İş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli 106804-112357/3 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür;

11. İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli 106804- 112357/3 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür;

12. 28 oktyabr 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 həmin tarixli müqavilə üzrə 15000 manat məbləğində pulu İddiaçı ASC-dən nağd olaraq almışdır;

13. İddiaçı ASC-nin 07 sentyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan və çatdırılma barədə qəbzlərdən görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən xəbərdar olunmuşlar;

14. İddiaçı ASC-nin 09 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 13622,23 manat əsas borcu, 2230,33 manat faiz borcu olmaqla, cəmi 15852,56 manat borcu vardır, kredit müqaviləsi üzrə gecikmə 225 gün təşkil edir. Hüquqi dəyərləndirmə:

15. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

17. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür;

19. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

20. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli 106804-112357/3 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik 25 faizlə, 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı vaxtında ödənilməsini öhdəsinə götürmüş, 28 oktyabr 2019-cu il tarixdə kassa məxaric orderinə imza edərək həmin məbləğdə pulu İddiaçı ASC-dən nağd olaraq almışdır.

22. Digər Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 28 oktyabr 2019-cu il tarixdə borcalanla birlikdə iddiaçı ilə zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

23. Lakin, işin hallarından görünür ki, müqavilə tərəfi olan iddiaçı (bank) kredit məbləğini cavabdehə verməklə müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Bu hal iş materiallarında olan 28 oktyabr 2019-cu il tarixli kassa məxaric orderi (i.v. 11) ilə öz təsdiqini tapır.

24. Buna baxmayaraq, cavabdehlər kreditin ödənilməsi üzrə müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Başqa sözlə, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 28 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Bundan başqa, cavabdehin 28 oktyabr 2019-cu il tarixli, 106804-112357/3 saylı kredit müqaviləsinə əsasən mövcud olan borcunu ödəməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilməmişdir.

26. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

29. Cavabdeh2 28 oktyabr 2019-cu il tarixli 106804-112357/3 saylı kredit müqaviləsi üzrə Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

30. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə, işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən hesab edir ki, cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və cavabdehlər müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər.

31. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduöundan apellyasiya şikayəti qətnamənin ləğvi üçün əsas deyildir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

34. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1694/2021 saylı, 27.05.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar