Məhkəmə qərarları › İş №2(103)-8235/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8235/2021

18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8235/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması və Cavabdeh 14.06.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli (hakim F.Abdıyev, iş № 2(001)-3748/2021) saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı 22.06.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq həmin qərardadın ləğv olunmasını və mülki iş üzrə icraatın təzələnib yeni baxışa təyin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 27.04.2021-ci ildən 10.05.2021-ci ilədək “covid-19” diaqnozu ilə ev şəraitində müalicə olunmaqla karantinə alınmış və bu səbəbdən də məhkəmə iclasında iştirak edə bilməmişdir. Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 08 may 2021-ci il tarixdə Covid-19 xəstəliyinə tutulduğuna görə prosesdə iştirakı mümkün olmamışdır. Məhkəmə bu halı nəzərə almayaraq icraatın təzələnməsi barədə ərizəni təmin etməmişdir. Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim E.Mustafayev) şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddianın baxılmamış saxlanılmasına dair qərardadın ləğv edilməsi barədə ərizə təmin edilməli, 08 may 2021-ci il tarixli qərardad ləğv edilərək iddiaya mahiyyəti üzrə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ərizədə göstərdiyi hal işin təzələnməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İşdən göründüyü kimi, iddiaçı baxılmamış saxlanılma barədə 08 may 2021-ci il tarixli qərardadın ləğvinə dair ərizə ilə yanaşı Bakı şəhəri 9 saylı şəhər poliklinikasının verdiyi ambulator kartadan çıxarışı da işə baxan məhkəməyə təqdim etmişdir. Həmin çıxarışda göstərilir ki, İddiaçı 27 aprel 2021-ci il tarixdən 10 may 2021-ci il tarixədək Covid-19 diaqnozu ilə ev şəraitində müalicə alıb və ciddi karantin olduğu üçün evdən bayıra çıxmasına icazə verilməyib. İş materiallarından müəyyən edilir ki, iddiaçının gəlmədiyi məhkəmə iclası 08 may 2021-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi, iddiaçı həmin vaxt Covid-19 xəstəliyinə tutulması səbəbindən ev şəraitində karantinə alınmışdır ki, bu da onun iclasda iştirak etməməsi üçün üzrlü səbəbdir. Birinci instansiya məhkəməsi bu halı üzrlü hesab etməməkdə və baxılmamış saxlanılma barədə qərardadı ləğv etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. İddianın baxılmamış saxlanılmasına dair Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar