Məhkəmə qərarları › İş №2(103)-8236/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8236/2021

28.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8236/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(007)-2269/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 19.07.2019-cu il tarixli, 2(103)-8329/2019 saylı qətnaməsi ilə 08.07.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində tutulması müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi və hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehdən tutulan 120 manat aliment hazırkı dövrdə uşağın saxlanılması üçün kifayət etmir. Həmin məbləğin müəyyən edilməsindən uzun müddət keçmiş və bu müddət ərzində bazar qiymətləri xeyli artmışdır. İddiaçı heç yerdə işləməsə də, cavabdeh işləyir və qazancı kifayət qədərdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(007)- 2269/2021 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin olunmamışdır. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, cavabdeh taxıl biçimi ilə məşğuldur, eyni zamanda kifayət qədər otlaq sahəsi vardır, iribuynuzlu mal-qara saxlayır. Cavabdehin oğlu Nurlan 2008-ci ildən doğulub və ona uşaqlıqdan iddiaçı baxmışdır, indi də çox vaxt onun yanında olur. Cavabdeh Nurlanın da adına 80 manat sosial yardım alır, lakin həmin pulu uşağa xərcləmir. Uşağın paltarlarını iddiaçı və qohumları alır. Bacısı Rəfiqə isə lal-kar olduğundan cavabdeh dövlət tərəfindən ona verilən pensiyanı da özü alır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin 02.03.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmaları, birgə nikahdan 08.07.2014-cü il təvəllüdlü bir azyaşlı uşaqlarının olması, nikahın Nizami Rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli qətnaməsi ilə pozulması, uşağın ananın yanında saxlanılması, Bakı Apellyasiya Məhkəməsinin 19.07.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan alimentin miqdarının 120 manat müəyyən edilməsi, həmin vaxt cavabdehin əmək haqqının 235 manat, hazırda isə 328.26 manat təşkil etməsi işin mübahisə olunmayan hallarıdır. Hazırda iddiaçı bildirir ki, uşaqların saxlanması üçün artan tələbat Bakı Apellyasiya Məhkəməsinin 19.07.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği ilə ödənilə bilmir, ona görə də, birinci instansiya məhkəməsinə müraciət edərək, alimentin artırılmaqla 175 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh maaşında olan dəyişikliyi himayəsində bir uşağı, o cümlədən 3-cü qrup əlil (lal-kar) olmaqla 1965-ci il təvəllüdlü bacısının da olması nəzərə alınmaqla, cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişiklik kimi qəbul etmək üçün əsas yoxdur. Kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin məbləğinin artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. AM-in 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qeyd olunmalıdır ki, qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi qaydasını da nəzərdə tutmuşdur. Belə ki, AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazırkı işdə müəyyən edilmişdir ki, uşağın saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı hər ay 120 manatdır. Lakin uşaqların yaşayış minimumu sonrakı illər ərzində artırılmış və “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması tələbi əsaslıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, cavabdehin əvvəlki nikahından himayəsində başqa uşağın olması və maddi imkanının aşağı olması onun iddiaçı ilə olan nikahdan doğulmuş övladının saxlanılması öhdəliyini aradan qaldırmır. Çünki Ali Məhkəmənin qeyd edilən qərarına əsasən, hətta aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması da onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin alimentin artırılmasına dair iddianı rədd etməsi qanuni və əsaslı olmamışdır. Bununla belə, Kollegiya, cavabdehin hazırkı ailə və maddi vəziyyətini nəzərə alaraq, cavabdehdən tutulan alimentin 150 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. İddiaçı isə, cavabdehin qeyd olunan həddən artıq məbləğdə aliment ödəməyə imkanının olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə kollegiyası, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini və yuxarıda göstərilən digər halları nəzərə alaraq, iddiaçının xeyrinə hər ay tutulan aliment məbləğinin hər ay 150 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Həmçinin, qeyd olunmalıdır ki, alimentin miqdarı dəyişdirilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndindəki mövqeyinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(007)-2269/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(007)- 2269/2021 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(103)-8329/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək, Cavabdeh 08 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul miqdarında 150 manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar