Məhkəmə qərarları › İş №2(103)-8239/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8239/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8239/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC “Bank Standard” KB, Cavabdehlə arasında bağlanmış xx.xx.2010cu il tarixli, 1xx/xx/1047/10\1 saylı kredit müqaviləsi üzrə 4994 ABŞ dolları əsas, 5729,94 ABŞ dolları faiz borcu, 743,82 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 11.467,76 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə, iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı, şikayət verərək, qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini, əks təqdirdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, MPM-in 259.0.12-ci maddəsinin tələblərinin pozulmuş və iş üzrə müvafiq sənədlər məhkəməyə göndərilsə də, məhkəmənin qənaətinə görə çatışmayan sənədlər bankdan tələb edilməmişdir. Nizami Rayon Məhkəməsi, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlamaqla mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixli, 1xx/xx/1047/10\1 saylı kredit müqaviləsi və ya onun müvafiq qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmamışdır. Halbuki, həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Məhkəmə kollegiyası bu qənaətlə razılaşmır, ona görə ki, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 149-cu maddədəiddia ərizəsinin forması və məzmuna dair tələblər nəzərdə tutulmuşdur. 150.0.1-150.0.3-cü maddələrə görə isə, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, bu maddə (259.0.12-ci) göndərici xarakterli norma olmaqla ərizənin yalnız MPM-in 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə əməl olunmadan, eləcə də həmin Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildiyi halda baxılmamış saxlanılmasını nəzərdə tutmaqla, 150.0-cı maddənin digər bəndlərində, o cümlədən 5-ci bəndində göstərilən sənədlərin əlavə edilməməsini istisna etmişdir. Odur ki, Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1534/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar