Məhkəmə qərarları › İş №2(103)-824/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-824/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-824/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(004)-221/2017 saylı qətnaməsindən iddiaçı cavabdeh "xxxx" ASC ("xxxx" X3) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 08.05.2017-ci il tarixli, 2(004)-221/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" X3nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsinə və borcun ipoteka predmetinə yönəldilməsinə tələbinə” dair iddia tələbinin təmin edilməməsi, iddia təmin edilmədiyindən, iddiaçı "xxxx" X3 tərəfindən ödənilmiş 30(otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.N.İmanov, E.Q.Nəbiyev, R.Ə.Qurbanov) 04.10.2017-ci il tarixli, 2(103)-8067/2017 nömrəli qətnaməsi ilə iddaçı İddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin eilməməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-221/2017 saylı, 08 may 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması qət edilmişdir. İddiaçı İKB ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 8067/2017 saylı, 04.10.2017-cİ il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.A.Əsgərov, Ə.A.Mirzəliyev, İ.K.Dəmirov) 19.02.2018-ci il tarixli, 2(102)-1317/2018 nömrəli qərarı ilə iddiaçı "xxxx" ASC-nin (İddiaçı İKB ASC) kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F.Ş.Talışinski, Z.Ə.Əliyev, R.Ə.Eyvazov) 04.03.2020-ci il tarixli, 2(103)-58/2020 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-221/2017 saylı işi üzrə 08 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı "xxxx" X3 ilə Cavabdeh1 arasında bağlanmış 17/03/2008-ci il tarixli RBB(İ)081 nömrəli “Kredit Müqaviləsi” üzrə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 15 aprel 2016-cı il tarixinədək hesablanmış müvafıq olaraq 70000 ABŞ dolları əsas borc, 5000 ABŞ dolları dəbbə borcu, cəmi 75000 (yetmiş beş min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehdən "xxxx" X3nın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 17/03/2008-ci il tarixli RBB(İ)081 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin hərracda ilkin satış qiyməti 80000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçı "xxxx" İKB-nin xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzil satıldıqdan 1 ay sonra mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüququna xitam verilməsi, həmin şəxslərin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olan 10 (on) manat məbləgində olan pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC (İddiaçı İKB ASC) və Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-58/2020 saylı, 04.03.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov, Ə.A.Əhmədov, İ.K.Dəmirov) 15.09.2020-ci il tarixli, 2(102)-4180/2020 nömrəli qərarı ilə iddiaçı "xxxx" ASC-nin (İddiaçı İKB ASC) və Cavabdeh1 ayrı ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli qətnaməsi İddiaçı "xxxx" ASC-nin (İddiaçı İKB ASC) və Cavabdeh1 kassasiya şikayətlərinə münasibətdə ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1317/2018 saylı, 19 fevral 2018ci il tarixli qərarında məhkəmənin mövqeyinə görə «... Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin əsası kimi bank tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə 76.000 ABŞ dollarını cavabdehə verdiyini təsdiq edə biləcək sənəd-məxaric qəbzlərinin iş materiallarında aşkar edilməməsinə, müvafiq kredit müqaviləsinin 17 mart 2008-ci il tarixdə 20 il müddətinə bağlanmaqla qüvvədə olsa da, kredit müqaviləsinin müddəti bitmədən ona dair sənədlərin yandırılması inandırıcı olmamasına istinad etmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi bankla formal olaraq, həm kredit, həm də ipoteka müqaviləsinin bağladığını cavabdehin etiraf etməsi, bankın öz öhdəliyini yerinə yetirməməsi, bank tərəfindən kredit müqaviləsi ilə vəd edilən 76.000 ABŞ dolları məbləğində vəsaitin faktiki olaraq, cavabdehə verilməməsi, ipoteka predmetini cavabdehin öz vəsaiti hesabına ödəməsinə dair nəticələrini də yalnız cavabdehin izahatı ilə əsaslandırmışdır.Lakin apellyasiya instansiyası məhkəməsi 17.03.2008-ci il tarixli, 081 saylı kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcunu müəyyən etmək mümkün olmamasına dair Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28382 saylı, 15.02.2017-ci il tarixli ekspert rəyinə və müvafiq kredit müqaviləsinin 17 mart 2008-ci il tarixdə 20 il müddətinə bağlanmaqla qüvvədə olsa da, kredit müqaviləsinin müddəti bitmədən ona dair sənədlərin yandırılmasının inandırıcı olmamasını əsas kimi rəhbər tutmuş, cavabdehin qeyd edilən vəsatətində müqavilənin bağlanması və həmin müqaviləyə görə müəyyən ödəmələr etməsinin göstərməsinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov, Ə.A.Əhmədov, İ.K.Dəmirov) 15.09.2020-ci il tarixli, 2(102)- 4180/2020 nömrəli qərarındakı mövqeyə görə”... İddiaçının kassasiya şiykətinə göstərmişdir ki,… cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan auiditor hesabına istinad etdiyini qeyd etsə də hesab edirik ki, məhkəmə hesabata düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Auditorlar Palatası «İnter Audit» Auditor Təşkilatının 03.12.2019-cu il tarixli müstəqil auditor hesabına əsasən17.03.2008-ci il tarixli RBB(İ)081 nömrəli kredit mqüaviləsi üzrə iddia edilən tarixədək kredit müqaviləsindən irəli gələn ödənilməmiş əsas kredit borcu 71291,95 ABŞ dolları, faiz və cərimə borcu 30839,60 ABŞ dolları müəyyən edildi. Göründüyü kimi faiz və cərimə brcu bir yerdə qeyd edilsə də faiz borcuun olmaması qeyd edilməmişdir. Lakin məhkəmə belə nəticəyə gəlmişdir ki, faiz borcu yoxdur. Lakin Bank özü də məhkəməyə arayış təqdim edərək faiz borcunun məbləğinin 31411 ABŞ dolları olmasını bildirmişdir. Əgər məhkəmə qeyd olunan hesablamalarla düzgün nəticəyə gəlməkdə çətinlik çəkirdisə bu zaman təkrar ekspertiza təyin edə və borcun dəqiqləşdirilməsi üçün ekspert qarşısında sual qoya bilərdi. Məhkəmə onu da nəzərə ala bilərdi ki, qeyd olunan məbləğin 18 % hissəsi 12600 ABŞ dolları edir. Bu da onu göstərir ki, məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. » İddiaçı tərəfin dəlili məhkəmə kollegiyası tərəfindən borc məbləğinin düzgün müəyyən olunmaması ilə bağlı olmuşdur. Məhkəmə faiz borcunun mövcud olmaması və auditor rəyində göstərilən məbləğin yalnız dəbbə pulu kimi olması nəticəsinə gəlməsi iddiaçı tərəfin dəlillərinin əsaslı olmasını müəyyən edir. Qeyd edilməlidir ki, məhkəmə istinad etdiyi rəydə olan məlumatların (açıq ziddiyətli olması müəyyən olunduğu halda) borc məbləğinin müəyyən olunması üçün kifayət hesab etmirdisə müvafiq olaraq rəydə olan anlaşılmazlığın aradan qaldırılması üçün yeni ekspert rəyinin alınmasına təşəbbus göstərməli idi. Eyni zamanda məhkəmə kollegiyası müəyyən etmişdir ki, apelyasiya instansiya məhkəməsi ümumiyyətlə mübahisəni həll edərkən yalnız rəydə olan məlumatlara əsaslanmış və onların iş materiallarında olan sübutlarla qarşılıqlı yoxlanmasını təmin etməmişdir.Bu baxımdan hər iki kassasiya şikayətində olan dəlillərin araşdırılmaması aşkar olaraq müəyyən olunmuş olur. İddiaçı "xxxx" ASC (İddiaçı İKB ASC) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-221/2017 saylı, 08 may 2017-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İş materiallarından görünür ki, İddiaçı X3 ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2008-ci il tarixli RBB(İ)081 №-li kredit müqaviləsi üzrə illik 18 % hesablanmaqla 240 ay müddətinə 76 000 ABŞ dolları məbləğində istehlak məqsədi ilə kredit verilmişdir. Kredit ödənişinin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 17 mart 2008-ci il tarixli RBB(İ)081 №-li Alqı-satqı və İpoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda Bakı şəhəri Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil Cavabdeh1 tərəfindən birgə nikah dövründə əldə edilmişdir. Digər Cavabdeh2 (cavabdehin arvadı) ipoteka predmeti olan mənzilin bank qarşısında yüklü edilməsinə öz razılığını bildirmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. RBB(İ)081 №-li Alqı-satqı və İpoteka müqaviləsinə əsasən borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmə hüququ vardır. 17 mart 2008-ci il tarixli RBB(İ)081 №-li Alqı-satqı və İpoteka müqaviləsinin 2.6-cı bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında mövcud bazar qiymətləri nəzərə alınaraq 95 000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh1 15.04.2016-cı il tarixə kredit öhdəliyi üzrə 70 000 ABŞ dolları əsas borc, 31 411 ABŞ dolları faiz borcu və 21 000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 122 411 ABŞ dolları pul məbləği təşkil edir. Qətnamə qəbul edilərkən məhkəmə heç bir normaya və qanunvericiliyə istinad etmədən, əsassız olaraq iddia tələbini təmin etməmişdir.Məhkəmənin qətnamədə yegənə istinadı şəxsi fikirləri olmuşdur.Məhkəmə cavabdehin ifadələrini əsas kimi qəbul edərək, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə iclasında təqdim edilmiş "xxxx" X3 tərəfindən tərtib edilmiş 25 iyul 2014-cü il tarixli Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında Aktdan məlum olur ki, komissiya Azərbaycan Respublikası Bank Sistemində arxiv işinin aparılması haqqında 2013-cü ilin 13 avqust tarixli təlimata və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 2004-cü il 27 noyabr tarixli 28 nömrəli əmri ilə təsdiq edilmiş İcra Hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısını rəhbər tutaraq, "xxxx" İKB ASC-də tabeliyində olan filiallarda saxlama vaxtı keçmiş, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədləri məhv edilmək üçün seçib ayırmışdır. Azərbaycan Respublikası bank sistemində arxiv işinin aparılması haqqında təlimata əsasən 9384 iş 30 iyul 2014-cü il tarixində yandırılmışdır. Bundan əlavə məhkəmə iclasında Bankın nümayəndəsi tərəfindən təqdim edilən 2011-ci il tarixindən-2014-cü il tarixinədək olan kassa mədaxil qəbzlərindən məlum olur ki, tərəf qismən olsada həmin kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmişdir. Cavabdeh1 30.12.2013-cü il tarixli müqaviləsinə əsasən 5000 manat məbləğində kredit götürmüşdür. Kassa mədaxil qəbzlərinə əsasən tərəf ABŞ dolları ilə ödənişləri həyata keçirmişdir və həmin məbləğlər ayrı-ayrı tarixlərdə 1270 ABŞ dolları, 2548 ABŞ dolları, 2000 ABŞ dolları, 6000 ABŞ dolları, 9728 ABŞ dolları, 2000 ABŞ dolları, 1850 ABŞ dolları, 1900 ABŞ dolları, 2348 ABŞ dolları, 2348 ABŞ dolları, 3500 ABŞ dolları təşkil edir. Cavabdeh1 5000 manat məbləğində götürülən kredit borcu üçün 35 492 ABŞ dolları ödəməsi ağlasığmazdır. 30.12.2013-cü il tarixli kredit müqaviləsi manatla bağlanmışdır. Bundan da əlavə, kassa mədaxil orderlərində əks olunan hesab nömrəsindən həmin ödənişlərin 17.03.2008-ci il tarixli kredit öhdəlikləri üzrə ödənildiyi məlum edir. Həmin 5000 manat məbləğində olan kredit borcu cavbdehə 30 faizlə verilmişdir, halbuki cavabdehin hazırki mülki iş üzrə götürdüyü məbləğ 18 faiz ilə verilmişdir. Cavabdehin məhkəmə iclasında güya 5000 manatlıq kreditin ödəməsini həyata keçirdiyini düşünməyi həqiqətəndə heç bir məntiqə sığmır. Apellyasiya baxışı zamanı iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsi və vəkili X5 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək və etiraza yazılı əlavə təqdim edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmiş. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının yuxarıda qeyd edilən qərarlarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: İş materiallarında olan "xxxx" X3 ilə Cavabdeh1 arasında bağlanmış 17/03/2008-ci il tarixli, RBB(İ)081 nömrəli “Kredit Müqaviləsi”ndən görünür ki, Bank illik 18 % olmaqla 240 aylıq müddətə Cavabdeh1 76.000 ABŞ dolları məbləğində istehlak məqsədilə kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" X3 ilə Cavabdeh1 arasında bağlanmış 17/03/2008-ci il tarixli, RBB(İ)081 nömrəli Alqı-satqı və ipoteka Müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən alınmış AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin RX seriyası ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 "xxxx" X3nın xeyrinə yüklü edilmişdir.Yüklülüyün növü ipotekadır. İş materiallarında olan "xxxx" X3 tərəfindən tərtib edilmiş Maliyyə arayışına əsasən Cavabdeh1 15.04.2016-cı il tarixə kredit öhdəliyi üzrə 70.000 ABŞ dolları əsas borc, 31411 ABŞ dolları faiz borcu, 21000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 122411 ABŞ dolları pul təşkil edir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28382 saylı, 15.02.2017-ci il tarixli Ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış 17.03.2008-ci il tarixli, 081 saylı kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcunu müəyyən etmək mümkün olmadı. İş materiallarında olan "xxxx" X3 tərəfindən tərtib edilmiş 25 iyul 2014-cü il tarixli Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında Aktdan görünür ki, komissiya "Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında 2013-cü ilin 13 avqust tarixli təlimat’a və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 2004-cü il 27 noyabr tarixli 28 nömrəli əmri ilə təsdiq edilmiş “İcra Hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nı rəhbər tutaraq, "xxxx" ASC-də tabeliyində olan filiallarda saxlama vaxtı keçmiş, elm-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədləri məhv edillmək üçün seçib ayırmışdır. Cəmi 2003-2008-ci illər ərzində 9384 (doqquz min üç yüz səksən dörd) iş. Akta daxil olan sənədlər yoxlanmışdır və bu dövrə aid bankdan, istintaq orqanından iddia və müraciət yoxdur. Azərbaycan Respublikası bank sistemində arxiv işinin aparılması haqqında təlimata əsasən 9384 iş 30 iyul 2014-cü ildə yandırılmışdır. İş materiallarında olan 29.02.2016-cı il tarixli Müraciətin qəbulu və Dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, Cavabdeh1 işi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Müraciətin qəbulu və Dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, Cavabdeh1 işi üzrə 20 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan "xxxx" X3 ilə Cavabdeh1 arasında bağlanmış 30/12/2013-cü il tarixli, 19-Y-1-0-1417-13 saylı “Kredit Müqaviləsindən görünür ki, Bank illik 30 % olmaqla 12 aylıq müddətə Cavabdeh1 5 000 AZN məbləğində istehlak məqsədilə kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18.04.2016-cı il tarixli 1108 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" İKB tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.2.4-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır.Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu oz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Nikoil" X3 17 mart 2008-ci il tarixdə Cavabdeh1lə kredit müqaviləsi bağlayaraq sonuncuya Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün 76.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı əsas kimi kredit müqaviləsindən bilavasitə sonra bağlanmış eyni tarixli Alqı-satqı və İpoteka müqaviləsini gətirir. Belə ki, həmin müqavilə ilə müvafiq mənzilin alınması üçün 19.000 ABŞ dolları Alıcı-lpotekaqoyan tərəfindən Satıcıya beh müqaviləsinə əsasən verilmişdir. Qalan 76 000 ABŞ dolları isə Kreditor-İpoteka saxlayan tərəfindən 17 mart 2008-ci il tarixli kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi göstərilmişdir. Həmin müqavilənin 2.7.1bəndində görünür ki, 17 mart 2008-ci il tarixli Kredit müqaviləsinə əsasən 76 000 ABŞ dolları məbləğində vəsaiti Alıcı-İpotekaqoyan tərəfindən bu müqavilə üzrə ipoteka predmetinin alınması üçün notariusun depozit hesabına mədaxil etməyi öhdəsinə götürmüşdür. Halbuki, iddiaçı tərəfindən nə birinci, nə də ki, ikinci müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi sübut edilməmişdir. Belə ki, bank tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə 76.000 ABŞ dollarını cavabdehə verdiyini təsdiq edə biləcək sənədməxaric qəbzləri iş materiallarında aşkar edilməmişdir. Məhkəmə tərəfindən dəfələrlə mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilsədə, lazımi sənədlərin (məxaric qəbzləri daxil olmaqla) bank tərəfindən təqdim edilməməsi səbəbindən qərarlar icrasız qalmışdır. Nəhayət, bank sənədin olmamasını təlimata əsasən vaxtı ötmüş sənədlərin yandırması ilə izah edilmişdir.Halbuki, müvafiq kredit müqaviləsi 17 mart 2008-ci il tarixdə 20 il müddətinə bağlanıb qüvvədə olsa da, ona dair sənədlərin yandırılması məhkəməyə inandırıcı gəlməmişdir.Cavabdeh bankla formal olaraq, həm kredit, həm də ipoteka müqaviləsinin bağladığını etiraf etsə də, bankın öz öhdəliyini yerinə yetirmədiyini bildirmişdir. Belə ki, bank tərəfindən kredit müqaviləsi ilə vəd edilən 76.000 ABŞ dolları məbləğində vəsait faktiki olaraq, cavabdehə verilməmişdir.İpoteka predmetini isə cavabdeh öz vəsaiti hesabına ödəmişdir. Cavabdeh banka olan vaxtaşırı ödənişlərini bankla 30 dekabr 2013cü il tarixdə bağladığı digər kredit müqaviləsi üzrə ödədiyini ehtimal edib mədaxil etdiyini bildirmişdir.İddiaçı tərəfindən isə nə məxaric qəbzlərinin, nə də ki, notariusun depozit hesabına pulun keçirildiyini təsdiq edən sənədin təqdim edilməməsi məhkəmə tərəfindən iddianın əsassızlığı kimi qiymətləndirilmişdir. Beləliklə, 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı "xxxx" X3 tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün müvafiq müqavilələr üzrə cavabdehin öhdəlikləri yaranmamış olduğundan iddia tələbi rədd edilməlidir. Kollegiya 1-ci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ilə razılaşmaqla bərabər qeyd edir təkrar apellyasiya icraatında araşdırma zamanı iddiaçı “Nikoil" X3 kreditin verildiyini isbat edəcək digər dəlil kimi mülki işin 1-ci cildinin 60-61-ci vərəqəsində olan 16.06.2016-cı il tarixli vəsatətə istinad etmişdir.Həmin vəsatət Cavabdeh1 tərəfindən Yasamal rayon məhkəməsinin hakimi Ayaz Məmmədova ünvanlanmaqla cavabdehin kreditin verildiyini və tərəflər arasında 17 mart 2008-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcunu etiraf etməsi, lakin borcun məbləği ilə razı olmaması, odur ki, mühasibatlıq ekspertizasının təyin olunmasının xahiş olunması kimi qiymətləndirilmişdir.Lakin cavabdehin vəkili və nümayəndəsi həmin vəsatətin Cavabdeh1 tərəfindən yazılmadığını və imzalanmadığını, iddiaçı Bankın iddiasını sübut etmək üçün öz əməkdaşları tərəfindən belə bir vəsatət təqdim etdiyini bildirərək iş üzrə məhkəmə-xəttşünaslıq ekspertiza təyin olunmasını xahiş etmişdir. Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası ilə bağlı 15 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 30 iyun 2021-ci il tarixli 4/726 saylı Ekspertiza Rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 2-ci cildinin 119-121-ci vərəqələrində olan 31,05.2020-ci il tarixli Kassasiya şikayətində “Cavabdeh1” yazılarından əvvəl yerləşən imza və 181-ci vərəqəsində olan 22.02.2021-ci il tarixli 03405 № li İmza Beyannaməsindəki imzalar (03 ədəd) - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 61-ci vərəqəsində olan 16.06.2016-cı il tarixli vəsatətdə “Cavabdeh1” yazıları qarşısındakı imza və mülki işin 2-ci cildinin 181-ci vərəqəsində olan 22.02.2021-ci il tarixli, 03405 nömrəli imza Bəyannaməsindəki imzalar (03 ədəd)- MÜXTƏLİF ŞƏXSLƏR tərəfindən icra olunmuşdur. Nəhayət, Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun analoji işlə bağlı “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilir ki, “Eyni zamanda, həmin hallara görə, 28 fevral 2007-ci il tarixli mübahisəli kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən kreditor öhdəliklərinin yerinə yetirilməsi, həmçinin banka ödənilmiş pul məbləğinin məhz cavabdeh tərəfindən ödənilməsini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, yalnız pulun cavabdehə verilməsini təsdiq edən məxaric sənədlərinin məhv edildiyi göstərilmişdir.Qeyd edilməlidir ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar.Həmin Qanunun 39.2-ci maddəsinə əsasən müştərini eyniləşdirməyə, habelə müştərilər hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi X10 tərəfindən 2013-cü il 30 iyul tarixi 16/3 nömrəli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işini aparılması haqqında Təlimat"ın İİ fəslinin 55-ci bəndinə görə “Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər - kredit ödənildikdən və уa balansdan silindikdən sonra 5 il müddətində saxlanılır. “ Beləliklə, Kollegiya 1-ci instansiya məhkəməsində və apellyasiya baxışında araşdırılmış işin yuxarıda sadalanan faktiki hallarına, sübutlara qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun analoji işlə bağlı “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında vurğuladığı mövqedən çıxış edərək hesab edir ki, iddiaçı "xxxx" ASC ("xxxx" İKB-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbləri əsassızdır, odur ki, iddiaçı "xxxx" ASC (İddiaçı İKB ASC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(004)- 221/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" ASC (İddiaçı İKB ASC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(004)-221/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar