Məhkəmə qərarları › İş №2(103)-824/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-824/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-824/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçılar X4 və X8 oğlunun Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4371/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar X4 və X8 oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 10 yanvar 2019-cu il tarixli podrat müqaviləsinə əsasən 20.000 manat pulun, sonradan həmin şəxsə ödənilmiş 5000 manat pulun, bu vaxta kimi ödənilmiş 4.000 manat pulun, həmçinin 10.000 manat mənəvi ziyanın, 10.000 manat maddi ziyanın ümumilikdə isə 49.000 manat və ödənilən 30 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, X4 və X5 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Ağayev küçəsi, ev 124, mənzil 120-də qeydiyyatdadırlar. 06 iyun 2012-ci il tarixli 1067 akt qeydli nikah şəhadətnaməsinə əsasən evlənmişlər. Hazırda ünvan 1 ünvanında kirayə yaşayırlar. ünvan 2 ünvanında yerləşən evi almışlar. Cavabdeh 10 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Favorit” marketin yaxınlığında mənzillərini təmir etmək adı ilə onları aldadaraq 25.000 manat pulu ələ keçirmişdir. “019-cu ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı bina, A blok, 8-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 94,55 kv.metr olan 329 nömrəli mənzili təmir etdirmək üçün iş icraçısı kimi tanıdıqları Cavabdeh ilə görüşərək razılığa gəlmişlər. Bununla əlaqədar 10 yanvar 2019-cu il tarixdə N.Səlimzadə ilə Cavabdeh arasında notarial qaydada podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icra olunan işin dəyəri 40.000 təşkil etmişdir sifarişçi kimi müqavilənin şərtlərinə uyğun olaarq 20.000 manatı elə həmin gün 10 yanvar 2019-cu il tarixində notariusun depozit hesabı vasitəsilə Cavabdeh ödəmişlər. N.Səlimzadə ilə Cavabdeh arasında notarial qaydada podrat müqaviləsinin şərtlərinə görə evin təmirinin 70% görüldükdən sonra Cavabdeh notariusun depozit hesabı vasitəsilə 10.000 manat, təmir bitdikdən sonra isə ona notariusun depozit hesabı vasitəsilə daha 10.000 manat ödəniləcəyinə dair N.Səlimzadə öhdəlik götürmüşdür. Müqaviləyə əsasan Cavabdeh 10 mart 2019-cu il tarixədək evin təmirini yekunlaşdırıb yaşayış üçün hazır edərək onlara təqdim etməli idi. Cavabdeh 10 yanvar 2019-cu il tarixdən etibarən onlara məxsus fərdi yaşayış evində təmir işlərinə başlayacağının vədini vermişdir. Lakin bir neçə gün sonra havaların soyuq keçməsi ilə əlaqədar olaraq təmiri təxirə salmaq məcburiyyətində olduğunu bildirmişdir. O, cavabdehdən işin görülməsini dəfələrlə tələb etdikdən sonra 2019-cu ilin mart ayında Cavabdeh evin elektrik və santexnik işlərini görməyə başlamışdır. Novruz bayramı ərəfəsində Cavabdeh ona zəng vuraraq Bakıda olmadığını söyləmiş, evin təmirinə alışveriş etməsi üçün Valeh adlı şəxsə 500 manat verməsini xahiş etmişdir. O, etiraz etməyərək Valehlə Yasamal rayonu ərazisində görüşərək Sənanın xahişi ilə ona 500 manat pul vermişdir. Cavabdeh O.Səlimzadəyə həmin ərəfələrdə yalvararaq təcili pula ehtiyacı olduğunu bildirmişdir. Orxan etiraz etməyərək Bakı şəhəri, Azadlıq prospektində yerləşən "xxxx" ASC-nin filialının yanında onunla görüşərək görəcəyi təmir işlərinin müqabilində qabaqcadan ona 3800 manat pul vermişdir. Bundan bir müddət sonra Cavabdeh xahişi ilə "xxxx" ASC vasitəsilə onun bank hesabına 500 manat pul göndərilmişdir. Sonuncu dəfə Cavabdehlə görüşən zaman onun xahişi ilə ona 100 manat bir və 1000 manatda bir pul vermişdir. Beləliklə Cavabdeh ümumilikdə, 25.000 manat pul verilmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı bina, A blok, 8-ci mərtəbə, 2 otaqdan ibarət , ümumi sahəsi, 94,55 kv.metr olan 329 nömrəli mənzili təmir etdirmək üçün, o, yenidən 11 iyun 2019-cu il tarixdə "xxxx" ASC-də CC/72247/69 saylı kredit müqaviləsinə əsasən pul götürmüşdür. Və nəticədə ona maddi ziyan dəymişdir. Hazırda həmin kreditə əsasən faiz ödəyir. Həmçinin ailə 10 yanvar 2019- cu il tarixdən kirayədə yaşayır. Cavabdeh qeyd olunan mənzili qısa bir vaxtda təmir etmək adı ilə onları aldatmışdır. Buna görə də, ailə həddindən artıq stress keçirmişdir. Onlara həm maddi həm də mənəvi ziyan dəymişdir. Daha sonra iddia tələbinin dəqiqləşdiriməsi ilə bağlı ərizə verilərək 10 yanvar 2019cu il tarixli podrat müqaviləsinə əsasən 20.000 manat pulun, sonradan həmin şəxsə ödənilmiş 5.000 manat pulun, bu vaxta kimi ödənilmiş 4.000 manat pulun, həmçinin 5.000 manat mənəvi ziyanın, 5.000 manat maddi ziyanın ümumilikdə isə 39.000 manat və ödənilən 30 man dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 20.000 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Nərgiz Səlimzadəyə ödənilməsi, 3.500 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçılar N.Səlimzadə və O.Səlimzadəyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılar N.Səlimzadə və O.Səlimzadəyə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə razı deyil və qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, işin faktiki hallarının tam araşdırılmadığından, iş üzrə sübutlara tam və obyektiv şəkildə qiymət verilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilərək yeni qətnamə qəbul edilməlidir. Məhkəmə ona və vəkili Vəkil heç bir məlumat vermədən, işə 31 avqust 2020-ci il tarixdə cəmi bir məhkəmə iclasında heç bir araşdırma aparmadan baxaraq iddianı qismən təmin edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçılar tərəfindən verilmiş pul məbləğində onlara məxsus mənzildə bütün təmir-tikinti işləri aparılmışdır. Lakin məhkəmə həmin halı araşdırmamış, nə ekspertiza təyin etməmiş və iddiaçıların sübut etməli olduğu hallara heç bir hüquqi qiymət vermədən əsassız olaraq iddaçıların sözlərini əsas götürməklə iddianı qismən təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsi 2(103)-955/2021 saylı 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin yenidən araşdırılması üçün geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4179/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(103)- 955/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı iştirak edən iddiaçı O.Səlimzadə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh mənzildə elektrik və santexnika işləri görmüşdür. Elektrik işləri mənzildə yalnız divarlarda elektrik xəttlərinin atılmasından, santexnik işləri isə mənzildə yalnız su borularının çəkilməsindən ibarət olmuşdur. Görülən santexnik və elektrik işlərin dəyəri maksimum 2000-3000 manat arası olar. Təqribi ayrı-ayrılıqda eletrik və santexnik işləri hər biri uzağı 1000-1500 manat olar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı və cavabdeh məhkəmə iclasında gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlərr. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, cavabdeh tərəfin isə həmin müqaviləyə əsasən müəyyən olunmuş muzdun bir hissəsini aldığı halda, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməməsi, yəni razılaşdırılmış işlərin müəyyən olunan müddətdə yerinə yetirməməsi və iddiaçıların sahibliyində olan mənzilin təmirinin onların öz vəsaitləri hesabına tamamlanması işin mübahisələndirilməyən hallarıdır. İddiaçılar həmin hallara istinad edərək, cavabdehə ödənilmiş pul vəsaitin tam qaytarılmasını tələb etmiş və işin faktiki hallarını araşdıran məhkəmələr iddiaçı X4 tərəfindən cavabdehə ödənilməsi sübut olunmuş vəsaitin tam qaytarılmasını qət etmişlər. Halbuki, cavabdeh apellyasiya şikayətində, habelə onun nümayəndəsi apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında cavabdehin iddiaçılardan aldığı vəsait həcmində təmir işləri görməsini, bu halı müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə zərurət olduğunu bildirmişlər. İddiaçılar da iddia ərizələrində, eyni zamanda İddiaçı2 apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında cavabdehin verilmiş pulun müqabilində santexnik və elektrik işlərinin görməsini təsdiq etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi görülən işlərin konkret nədən ibarət olması, onların dəyərinin müəyyən edilməsi istiqamətində araşdırma aparmamış və nəticə olaraq MM-in 759.2-ci maddəsinin tətbiqdə səhvə yol vermişdir. Halbuki, həmin normaya əsasən podrat müqaviləsinə podratçının təqsiri nəticəsində xitam verildiyi və görülmüş işlərdə sifarişçinin marağı olduğu halda, podratçının yerinə yetirilmiş işin haqqını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmçinin təmin olunmuş tələbin digər hissəsi üzrə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddianı 3500 manat hissəsində təmin edərkən birinci instansiya məhkəməsi və qətnaməni həmin hissədə dəyişdirilmədən saxlayarkən apellyasiya instansiyası məhkəməsi mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçılar 08 dekabr 2018-ci il tarixdən 1 il müddətinə aylıq 500 manat kirayə haqqı ödəməklə kirayə müqaviləsi bağlamış, podrat müqaviləsinin müddəti mart ayında bitdiyi halda, cavabdehin öhdəliklərini icra etməməsi nəticəsində iddiaçılar oktyabr ayına kimi kirayədə yaşamış və bu 7 ay ərzində əlavə kirayə haqqı ödəməklə iddiaçılara zərər dəymişdir. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iş materiallarında olan kirayə müqaviləsi 08 dekabr 2018-ci il tarixdən 1 il müddətinə bağlanmışdır. Yəni iddiaçı kirayə aldığı mənzildə 08 dekabr 2018-ci il tarixədək qalacağını cavabdehlə bağlanmış podrat müqaviləsindən əvvəl öhdəsinə götürmüşdür. Belə olan halda, məhkəmə iddiaçıların cavabdehin kirayədə 2020-ci ilin oktyabr ayınadək yaşamaları ilə cavabdehin podrat müqaviləsindən irəli gələn öhdəliklərinin icra etməməsi arasında səbəbli əlaqənin olub-olmaması xüsusatına hüquqi qiymət verməmişdir...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh qətnaməni həmin hissələrdə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və dəyişdirilməlidir. Bеlə ki, iş matеriallarında olan Cavabdeh ilə X4 arasında bağlanan 10 yanvar 2019cu il tarixli podrat müqaviləsinin 1-ci bəndindən görünür ki, Cavabdeh öz materiallarından istifadə etməklə ünvan 3 ünvanında yerləşən, tikinti sahəsi 94.55 kv,m təşkil edən 3.20 metr hündürlüyü olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini təmir edib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək, müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2- ci bəndinə əsasən podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzdda daxil olmaqla 40.000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 20.000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyir: 10.000 manatı isə evin təmirinin 70%-ni gördükdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Qalan 10.000 manat isə təmir bitdikdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən 10 mart 2019-cu il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür. 08 avqust 2018-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ev sahibi X7 kirayəçi X2 ünvan 4 ünvanında yerləşən 26 saylı mənzili bütün əşyaları ilə birlikdə 1 il müddətinə, aylıq kirayə haqqı 500 manat olmaqla kirayəyə vermişdir. "xxxx" MTK ilə X6 arasında bağlanan 05 sentyabr 2016-cı il tarixli Mənzilin alqısatqısı barədə MN-329/16 saylı müqavilənin surətindən görünür ki, “icraçı” Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə onun tərəfindən inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın, A blok, 8-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 95,55 kv.metr olan 329 nömrəli mənzili sifarişçiyə təhvil verməyi, şifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilind aldığı mənzilin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən mənzilin 1 kv.metr dəyəri tərəflərin razılığı ilə 1.650 manat olmaqla müqavilənin ümumi dəyəri 156.008 manat müəyyən olunmuşdur. Müqavilə dəyərinin 15.700 manatı sifarişçinin şəxsi hesabına, 140.308 manatı isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən 1 iş günü ərzində icraçıya ödənəçəkdir. Müəyyən edilmişdir ki, iddiaçılar öz aralarında nikahdadırlar. Nərgiz Səlimzadə ilə Cavabdeh arasında xx.xx.2019-cu ildə Podrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə görə Cavabdeh öz materiallarından istifadə etməklə ünvan 5 ünvanında yerləşən tikinti sahəsi 94.55 kv.m olan 3.20 metr hündürlüyü olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini təmir edib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə tərəflər razılığa gəlmişlər ki, hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 40.000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 20.000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyir, 10.000 manatı isə evin təmirinin 70 faizi görüldükdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Qalan 10.000 manat isə təmir bitdikdən sonra notariusun depozit hesabı vasitəsi ilə öhdəsinə götürmüşdür. Birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2019-cu il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür. İddiaçılar cavabdehin onları aldadaraq müqavilə bağlandığı gün 20.000 manat pulu aldıqdan sonra evin təmirinə dair aldadıcı hərəkətlər etdiyini, hər dəfəsində müxtəlif bəhanələr gətirərək iş görməkdən yayındığını bildirir. Bundan başqa iddiaçı O.Səlimzadə cavabdehə ayrı ayrı vaxtlarda 5.000 manat da əlavə olaraq verdiyini bildirir. İddiaçılar evin təmirinin mart ayında qurtarmalı olmasına baxmayaraq cavabdehin onları aldatmasından sonra 4.000 manat kirayə haqqı ödəməklə maddi zərərə düşdüyünü, eyni zamanda onlara bankdan kredit götürərək evlərini özləri təmir elətdiklərinə görə 5.000 manat maddi zərər dəydiyini, bu məsələ ilə bağlı stres keçirtdiklərinə görə 5.000 manat mənəvi zərər dəydiyini iddia edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəmə iddianın kirayə haqqı hissəsinin qismən təmin edilməsinə dair nəticəyə gələrkən nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçılar xx.xx.2018-ci il tarixdən 1 il müddətinə aylıq 500 manat kirayə haqqı ödəməklə kirayə müqaviləsi bağlamışlar. İddiaçı özü etiraf edir ki, oktyabr ayında özü mənzili təmir elətdirərək evinə köçmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, podrat müqaviləsinin mart ayınadək qüvvədə olmasını nəzərə alınarsa, müqavilənin bitdiyi vaxtdan iddiaçılara 7 ay əlavə kirayə haqqı ödəməyə məcbur qalmaqla zərər dəymişdir. Bu isə 3500 manat təşkil edir. Kirayə müqaviləsinin iddiaçı O.Səlimzadə tərəfindən bağlandığı, podrat müqaviləsinin podratçı tərəfindən icra edilməməsinə görə hər iki iddiaçıya da zərər vurulduğu nəzərə alınarsa həmin məbləğ cavabdehdən hər iki iddiaçının xeyrinə tutulmalıdır. Lakin, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbinin həmin hissədə təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, iş materiallarından göründüyü kimi kirayə müqaviləsi 08 dekabr 2018-ci il tarixdən 1 il müddətinə bağlanmışdır. Yəni iddiaçı kirayə aldığı mənzildə 08 dekabr 2018-ci il tarixədək qalacağını cavabdehlə bağlanmış podrat müqaviləsindən əvvəl öhdəsinə götürmüşdür. Yəni faktiki olaraq hazırki iş üzrə mübahisələndirilən podrat müqaviləsi üzrə cavabdehin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə, iddiaçıların kirayə müqaviləsi əsasında kirayədə yaşamaları arasında heç bir səbəbli əlaqə mövcud deyildir. İddiaçılar kirayə müqaviləsinə xitam verilməsini podrat müqaviləsi üzrə öhdəliklərin icrası ilə şərtləndirməmişlər. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu tələb olunur. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Hazırki halda iddiaçıların bağladıqları kirayə müqaviləsi ilə kirayə haqqı ödəmələrinin cavabdehin hansı hüquqazidd hərəkətləri nəticəsində baş verməsini müəyyən etmək mümkün deyildir. Bundan başqa, podrat müqaviləsi üzrə ödənilmiş 20.000 manat pulun geri qaytarılması hissəsində iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi nəticəyə gələrkən nəticəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Sifarişçi, yəni iddiaçı N.Səlimzadə müqavilə üzrə üzərinə düşən ilkin mərhələdə 20.000 manat razılaşdırılmış muzdu podratçıya (cavabdehə) vermişdir. Cavabdeh müqavilə üzrə muzd almasına baxmayaraq öhdəliyini 10 mart 2019-cu il tarixədək yerinə yetirməmiş, iddiaçıdan aldığı muzdu hal-hazıradək geri qaytarmamışdır Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın bu hissəsi ilə də bağlı gəldiyi qənaəti tam əsaslı hesab etmir. Belə ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, cavabdeh tərəfin isə həmin müqaviləyə əsasən müəyyən olunmuş muzdun bir hissəsini aldığı halda, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməməsi, yəni razılaşdırılmış işlərin müəyyən olunan müddətdə yerinə yetirməməsi və iddiaçıların sahibliyində olan mənzilin təmirinin onların öz vəsaitləri hesabına tamamlanması işin mübahisələndirilməyən hallarıdır. Təkrar apaellyasiya baxışında cavabdeh tərəfindən evdə görülmüş işlərin həcminin müəyyən edilməsi məqsədilə məhkəmə-əmttəşünaslıq və tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 10/47 nömrəli rəydə qeyd edilmişdir ki, mənzil hal-hazırda iddiaçı tərəfindən tam təmir edildiyindən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı bina, A blok, 8-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 94.55 kv.metr olan 329 nömrəli mənzilin texniki-tikinti inşaat sənədlərinə (tərəflərin uyğun gələn taqdimatlarına, smetalarına, qaimələrinə və digər sübutlarına) əsasən cavabdeh tərəfindən təmir-bərpa (o cümlədən cavabdeh tərəfindən alınan tikinti-inşaat materialları) işlərinin həcmi və dəyərinin müəyyən edilməsi mümkün deyil. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən "Renessans Palace" çoxmərtəbəli yaşayış kompleksində 2 saylı bina, A blok, 8-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 94.55 kv.metr olan 329 nömrəli mənzilin təmirinə çəkilə biləcək xərcin ümumi məbləği hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq 47275,00 manat məbləğində müəyyən olunur. Ekspert rəyindən də göründüyü kimi cavabdeh tərəfindən mənzildə hansı işlərin gördüyünü müəyyən etmək mümkün olmamışdır. Cavabdeh də məhkəmə iclaslarında iştirak etməməklə mənzildə konkret olaraq hansı işlərin görülməsi ilə bağlı məlumat verməmiş və görülmüş işlərin dəyəri ilə bağlı müvafiq sübutun təqdim edilməsi ilə bağlı təşəbbüs göstərməmişdir. Lakin iddiaçı O.Səlimzadə təkrar apellyasiya baxışı zamanı cavabdehə verilmiş pulun müqabilində santexnik və elektrik işlərinin görməsini təsdiq etmiş, elektrik işlərin mənzildə yalnız divarlarda elektrik xəttlərinin atılmasından, santexnik işlərin isə mənzildə yalnız su borularının çəkilməsindən ibarət olduğunu bildirmiş, həmin işlərin dəyərinin maksimum 2000-3000 manat aralığında olması, ayrı-ayrılıqda eletrik və santexnik işlərinin hər birinin uzağı 1000-1500 manat olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası da iddiaçının bildirdiyi kimi, cavabdeh tərəfindən mənzildə görülmüş işlərin 3000 manat dəyərində olmasını ağlabatanlıq meyyarı baxımından əsaslı hesab edir və belə qənaətə gəlir ki, həmin məbləğ müqaviləyə görə ödənilmiş 20.000 manatdan çıxılmalı və həmin hissədə qətnamə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4371/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi “3500 (üç min beş yüz) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçılar X3 və X2 ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Həmçinin, qətnamə “20.000 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Nərgiz Səlimzadəyə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh tutularaq iddiaçı Nərgiz Səlimzadəyə ödəniməli məbləğ 17.000 (on yeddi min) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar