Məhkəmə qərarları › İş №2(103)-8241/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8241/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8241/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(011)-6/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(011)-6/2021 saylı qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddiası qismən təmin edilərək, 15 sentyabr 2014-cü il tarixli 01R000014625 saylı kredit razılaşması üzrə 2958,8 manat əsas borc, 09 aprel 2015-ci il tarixli 001KK**********01 saylı kredit razılaşması üzrə 1188,54 manat əsas borc, 55,57 manat faiz borcu, 20 manat məbləğində cərimə borcu, 03 sentyabr 2015-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə 1773,72 manat əsas borc olmaqla, cəmi 5996,63 manat pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını, cavabdehlərdən müştərək qaydada cami 1200 manat pulun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(011)-6/2021 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, maddi imkanı olmadığına görə qətnamədən apellyasiya şikayəti verərkən dövlət rüsumu ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(011)-6/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, Cavabdeh2 məhkəməyə apellyasiya şikayəti göndərsə də, şikayətə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədi əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(011)-6/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(011)-6/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar