Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8242/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3932/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(011)- 6590/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək birgə nikahdan olan 03.01.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3932/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək göstərmişdir ki, işə onun iştirakı olmadan baxılmışdır. Belə ki, rayon məhkəməsində işə baxılan zaman o, əməliyyat olunmuş, onun iştirakı olmadan işə baxılmış, iddiaçı tərəfindən məhkəməyə yanlış məlumatlar verilmişdir. Belə ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli qərardadı ilə tərəflər arasında alimentlə bağlı barışıq sazişi təsdiq edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-368/2020 saylı, 23.10.2020-ci il tarixli qərardadından bəlli olur ki, tərəflərin aliment barədə aralarında bağladıqları barışıq sazişi təsdiq edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(011)-6590/2019 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə xitam verilmişdir (i/v 38-39). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən normadan da göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə sazişin olmaması məhkəmə tərəfindən alimentin tutulmasının dipozitiv şərtidir. Başqa sözlə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda bununla bağlı tələbə məhkəmədə baxıla bilər. Hazırkı halda isə tərəflər arasında valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş bağlanmış və həmin saziş məhkəmə qərardadı ilə təsdiq edilmişdir. Demək ki, hazırkı iş üzrə iddiaçının alimentlə bağlı tələbinə məhkəmədə baxılmalı deyildir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, hazırda qüvvədə olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-368/2020 saylı, 23.10.2020-ci il tarixli qərardadı ilə tərəflərin aliment barədə aralarında bağladıqları barışıq sazişi təsdiq edildiyindən qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsində iş üzrə icraata xitam veriməsinin əsasları müəyyən olunmuşdur. İşə məhkəmədə baxılmalı olmaması da iş üzrə icraata xitamın əsası kimi nəzərdə tutulmuşdur(maddə 261.0.1). Bundan başqa, müəyyən olunmuşdur ki, rayon məhkəməsi hazırkı mülki işə baxarkən cavabdehin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Kollegiya eyni zamanda qeyd edir ki, prosessual qanunvericiliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3932/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-8242/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8242/2021
29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver