Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8246/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2021-ci il tarixli qətnamədən cavabdehlərin birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, iddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh1 özünün, onun nümayəndəsi (atası) X1 və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi (atası) X4 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nın adından buna səlahiyyəti olan nümayəndə cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 08.02.2013-cü il tarixli, 741M/13/B saylı "xxxx" üzrə yaranmış ziyan üzrə 8.755,55 ABŞ dolları əsas məbləğdən gecikmə, 1.919 ABŞ dolları faiz, 6.318 ABŞ dolları dəbbə pulunun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh1 və onun üzərinə götürdüyü öhdəliklərin icrasına təminat vermiş zamin Cavabdeh2 müştərək qaydada tutularaq QSCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 08.02.2013-cü il tarixli "xxxx" əsasən QSC, buraxılış ili 2010-cu il olan **-AV-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” markalı avtomobilini öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti istifadəsinə vermişdir. Bunun əvəzində isə Cavabdeh1 müqavilə üzrə QSC qarşısında üzərinə öhdəlik götürmüşdür ki, 34.400 ABŞ dolları məbləğində borcu, illik 21% dərəcəsi olmaqla, 36 ay müddətində hissə-hissə və aybaay QSC-yə ödəyəcək. Eyni zamanda Cavabdeh2 QSC-yə müraciət edərək Cavabdeh1 "xxxx" üzrə QSC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Bununla əlaqədar olaraq 08.02.2013-cü il tarixdə QSC ilə cavabdehlər arasında “Zaminlik müqaviləsi” bağlanmışdır. Bunlara baxmayaraq Cavabdeh1, müqavilə və müqavilənin tərkib hissəsi olan "xxxx" əks olunmuş qaydalara əməl etməmiş, öhdəliyin icra etməkdən yayınmış, QSC-yə olan borcu qismən ödəmişdir. Cavabdeh1 öhdəliyi zamin Cavabdeh2 tərəfindən də icra edilməmişdir. Cavabdeh1 avtomobili 05.06.2015-cı il tarixdə könüllü olaraq QSC-yə təhvil vermişdir. Nəticədə Cavabdeh1 və Cavabdeh2 QSC-yə iddia ərizəsində qeyd edilən məbləğlərdə borcları yaranmış və borc, QSC tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.04.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehlərdən müştərək qaydada 8.755,55 ABŞ dolları əsas, 1.919 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.174,55 ABŞ dolları məbləğində borcun (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı QSC-yə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, QSC ilə bağlanmış müqavilələrdə lizinq alan kimi Cavabdeh1, zamin kimi Cavabdeh2 göstərilsə də, əslində avtomobil Cavabdeh2 istifadəsində olmuşdur. "xxxx" bağlandıqdan sonrakı birinci il üzrə ödənişlər lazımi qaydada edilmiş, lakin ikinci il gecikmə olduğu üçün iddiaçı QSC 19.06.2014-cü il tarixli iddia ərizəsi ilə onlara qarşı Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. QSC iddia ərizəsi ilə eyni vaxtda “iddianın təmin tədbirinin görülməsi barədə” ərizə də vermişdir. Həmin ərizəyə əsasən Sabunçu Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 25.07.2014-cü il tarixli qərardad əsasında lizinq predmeti olan avtomobilin üzərinə həbs qoyulmuş və X10 Xidmətinin əməkdaşları 11.08.2014-cü il tarixdə avtomobil Bakı şəhər, Badamdar qəsəbəsi ərazisində saxlamış və avtomobil QSC-nin işçilərinə təhvil verilmişdir. QSC-nin işçiləri həmin polis əməkdaşlarının yanında Cavabdeh2 zor tətbiq etməklə avtomobili aparmışlar. Cavabdeh2 QSC-yə dərhal müraciət etsə də, avtomobil ona qaytarılmamışdır. Bundan sonra QSC ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Həmin ərizə əsasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin QSC-yə qaytarılması barədə Sabunçu Rayon Məhkəməsi 12.08.2014-cü il tarixli qərardad qəbul etmişdir. Həmçinin QSC 25.07.2014-cü il tarixli qərardadın ləğv edilməsini, bu barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göstəriş verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq Sabunçu Rayon Məhkəməsi 04.03.2016-cı il tarixli qərardad ilə həmin avtomobil üzərindən həbs götürülmüşdür. Sonuncu dəfə avtomobilin idarə edilməsi üçün etibarnamə Cavabdeh2 30.07.2014-cü il tarixdə verilib. Həmin sənəddən də görünür ki, etibarnamə 30.10.2014-cü il tarixə kimi qüvvədədir. İddiaçı QSC-nin istinad etdiyi 05.06.2015-ci il tarixli “Təhvil-təslim aktı” da saxtadır. Belə ki, avtomobilin guya cavabdehlərə təhvil verilməsi barədə aktdakı imzalar cavabdehlərə məxsus deyil. Bundan başqa nəzərə alınmalıdır ki, həmin vaxtı avtomobil həbsdə olub; avtomobilin qoyulmuş həbsə görə saxlanması barədə 25.07.2014-cü il tarixli qərardad 11.08.2014-cü il tarixdə, həbsin götürülməsi barədə 04.03.2016-cı il tarixli qərardad isə 06.04.2016-cı il tarixdə icra olunmuş; avtomobil cavabdehlərdən 11.08.2014-cü il tarixdə alınmışdır. Daha sonra nəzərə alınmalıdır ki, 27.11.2014-cü il tarixli “İnzibati tənbeh vermə haqqında qərardan” da görünür ki, avtomobilin sürücüsü olan X3 cərimə tətbiq edilmişdir. Bunlardan əlavə olaraq nəzərə alınmalıdır ki, iddiaçı QSC 3 illik iddia müddətini buraxmışdır. Bunu başa düşən QSC-nin əməkdaşları bu halı aradan qaldırmaq məqsədi ilə avtomobilin guya Cavabdeh1 tərəfindən QSC-yə könüllü qaytarılması barədə 05.06.2015-ci il tarixli saxta aktı tərtib etmiş və işə baxmış Rayon Məhkəməsinə təqdim etmişlər. Rayon Məhkəməsi işin halallarını kifayət qədər araşdırmadığından bunları müəyyən etməmiş, həmin aktı sübut kimi əsassız olaraq qəbul etmişdir. Cavabdeh1, onun nümayəndəsi (atası) H.Vəliyev, onun vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi (atası) Y.Xudiyev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər. İddiaçı QSC-nin nümayəndəsi R.Əhmədov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 08.02.2013-cü il tarixli "xxxx" görünür ki, QSC iddia ərizəsində qeyd edilən avtomobili öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti istifadəsinə verir. Bunun əvəzində Cavabdeh1 34.400 ABŞ dolları məbləğində borcu (Lizinq ödənişləri cədvəli, Əlavə №1) illik 21% olmaqla, 36 ay müddətində QSC-yə ödəməyi öz öhdəsinə götürür. QSC ilə cavabdehlər arasında bağlanmış 08.02.2013-cü il tarixli "xxxx" görünür ki, Cavabdeh2 iddiaçı QSC qarşısında üzərinə öhdəlik götürmüşdür ki, o, Cavabdeh1 "xxxx" üzrə QSC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durur və öhdəlik icra edilmədiyi halda Cavabdeh2 ilə eyni məsuliyyəti öz üzərinə götürür. İddiaçı QSC bildirir ki, qeyd edilən müqavilələrin bağlanmasına baxmayaraq borclu Cavabdeh1 və zamin Cavabdeh2 müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, QSC-yə olan borcu yalnız qismən ödəmişlər. Cavabdeh1 avtomobili 05.06.2015cı il tarixdə könüllü olaraq QSC-yə təhvil vermişdir. Nəticədə cavabdehləri QSC-yə borcları yaranmış və borc, QSC tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Avtomobilin Cavabdeh1 tərəfindən QSC-yə 05.06.2015-ci il tarixdə təhvil verilməsi halını təsdiq etmək üçün QSC həmin tarixli "xxxx" Rayon Məhkəməsinə təqdim etmişdir. QSC-nin Rayon Məhkəməsinə təqdim etdiyi 07.08.2017-ci il tarixli “Maliyyə arayışından” görünür ki, cavabdehlərin 08.02.2013-cü il tarixli "xxxx" üzrə QSC-yə 8.755,55 ABŞ dolları əsas məbləğdə gecikmə, 1.919 ABŞ dolları məbləğində faiz, 6.318 ABŞ dolları məbləğində cərimə (dəbbə) borcları var. İşə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən “Maliyyə arayışında” göstərilən borc məbləğlərinin əsaslı olub-olmamasını araşdırmaq üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03.05.2019-cu il tarixli, 11190 saylı rəydən görünür ki, 05.06.2015-ci il tarixə cavabdehlərin QSC-yə 16.967 ABŞ dolları əsas, 1.642,97 ABŞ dolları faiz, cəmi isə 18.609,97 ABŞ dolları məbləğində borclarının olması müəyyən edilir. İşə baxmış Rayon Məhkəməsi ekspertizanın rəyini, iş materiallarını və cavabdehlər tərəfindən QSC-yə qismən edilmiş ödənişləri nəzərə alaraq iş üzrə qəbul etdiyi 05.04.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehlərdən müştərək qaydada 8.755,55 ABŞ dolları əsas, 1.919 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.174,55 ABŞ dolları məbləğində borcun (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) alınaraq iddiaçı QSC-yə ödənilməsini qət etmişdir. Apellyasiya şikayətinə cavabdehlər tərəfindən əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı QSC 19.06.2014-cü il tarixli iddia ərizəsi ilə hazırki iş üzrə cavabdehlərə qarşı eyni məzmunlu iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. QSC iddia ərizəsi ilə eyni vaxtda “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə də vermişdir. Həmin ərizəyə əsasən Sabunçu Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 25.07.2014-cü il tarixli qərardad (İş № 2(008)-6994/2014) ilə QSC-nin “iddianın təmin tədbirinin görülməsi barədə” ərizəsinin təmin edilməsini, avtomobilin üzərinə həbs qoyulmasını və avtomobilin QSC-yə təhvil verilməsini qərara almışdır. Cavabdehlər bildirilər ki, X10 Xidmətinin əməkdaşları 11.08.2014-cü il tarixdə avtomobili QSC-nin işçilərinə təhvil vermişlər. QSC-nin Sabunçu Rayon Məhkəməsinə ünvanlandığı 11.08.2014-cü il tarixli məktubundan görünür ki, QSC həmin məktubda xahiş etmişdir ki, cavabdehlərə qarşı irəli sürdüyü iddia ərizəsi geri qaytarılsın. Sabunçu Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 12.08.2014-cü il tarixli qərardadından (İş № 2(008)-6994/2014) görünür ki, həmin qərardadla QSC-nin iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. QSC-nin Sabunçu Rayon Məhkəməsinə ünvanlandığı 19.02.2016-cı il tarixli məktubundan görünür ki, QSC həmin məktubda xahiş etmişdir ki, “iddianın təmini tədbirinin görülməsi barədə” qərardadın ləğv edilsin. Sabunçu Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 04.03.2016-cı il tarixli qərardadından (İş № 2(008)-6994/2014) görünür ki, QSC-nin ərizəsi təmin edilmiş, həmin məhkəmənin “iddianın təmini tədbirinin görülməsi barədə” qərardadı ləğv edilmiş və avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı Şəhəri DYPİ-nin 27.11.2014-cü il tarixli “İnzibati tənbeh vermə haqqında qərarından” görünür ki, (hazırki iş üzrə tərəf olmayan) X5 (mübahisəli) **-AV-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” markalı avtomobili həmin tarixdə idarə edərkən “Yol hərəkət qaydalarını” pozduğuna görə inzibati qaydada cərimə olunmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə görə, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. Məcəllənin 748-2.5-ci maddəsinə görə, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məcəllənin 748-10-ci maddəsinə görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir (maddə 748-10.1.). Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir (maddə 748-10.4.). Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, apellyasiya araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli avtomobil 08.02.2013cü il tarixli "xxxx" əsasən QSC tərəfindən cavabdehlərə təhvil verilsə də, 11.08.2014-cü il tarixdə QSC tərəfindən geri götürülmüşdür. QSC həmin avtomobilin onun tərəfindən yenidən cavabdehlərə təhvil verilməsini bildirsə və bu zaman işin 104-cü vərəqində olan, özündə 30.07.2014-cü il tarixli etibarnamənin və Cavabdeh2 adına olan sürücülük vəsiqəsinin surətini əks etdirən vərəqin aşağı hissəsində qeyd edilən “Təhvil aldım Cavabdeh2 /imza/” əlyazma yazısına istinad etsə də, Məhkəmə bildirir ki, həmin əlyazma avtomobilin deyil, qeyd edilən sənədlərin surətlərinin təhvil verilməsinə dəlalət edir. Belə ki, QSC-nin öz təcrübəsi göstərir ki, avtomobilin lizinq alana verilməsi “Təhvil-təslim aktı” əsasında həyata keçirilir və avtomobilin idarə edilməsi üçün etibarnamənin verilməsi ilə yanaşı “Avtomobilin qeydiyyat şahadətnaməsinin” verilməsi də mütləq şərt kimi həyata keçirilməlidir. Qeyd edilən halı nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu prosessual hüquq normalarının tələbindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, QSC, avtomobili cavabdehlərdən aldıqdan sonra avtomobilin onun tərəfindən cavabdehlərə qaytarılmasını sübuta yetirə bilmir. Bununla yanaşı nəzərə alınmalıdır ki, QSC-nin istinad etdiyi və yuxarıda qeyd edilmiş 30.07.2014-cü il tarixli etibarnamənin qüvvədə olma müddəti 3 ay (30.10.2014-cü il tarixə kimi) qeyd edilmişdir. Amma nəzərə alınmalıdır ki, Bakı Şəhəri DYPİ tərəfindən qəbul edilmiş və yuxarıda artıq qeyd edilmiş 27.11.2014-cü il tarixli “İnzibati tənbeh vermə haqqında qərarından” görünür ki, mübahisəli avtomobil həmin tarixdə (hazırki iş üzrə tərəf olmayan) X5 adlı şəxsin istifadə və sərəncamında olmuşdur. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, mübahisəli avtomobil 11.08.2014-cü il tarixdə QSC tərəfindən cavabdehlərdən geri götürülmüş və bir daha cavabdehlərə təhvil verilməmişdir. Başqa sözlə QSC, onunla cavabdehlər arasında bağlanmış "xxxx" və “Zaminlik müqaviləsi” üzrə yaranmış hüquq münasibətlərinə birtərəfli qaydada xitam vermişdir. Belə olan halda qəbul edilməlidir ki, cavabdehlər, həmin müqavilələr üzrə 11.08.2014-cü il tarixdən sonrakı dövr üçün hesablanan məbləğləri ödəməyə borclu deyillər, çünki avtomobil onlardan alındığı andan onların müqavilə üzrə öhdəliklərinə xitam verilmişdir. Bu nəticə nəzərə alındıqda isə müəyyən edildi ki, 08.02.2013-cü il tarixdən 11.08.2014-cü il tarixədək cavabdehlərin icra edilməmiş öhdəliyi mövcud deyil. Belə ki, iddiaçı QSC tərəfindən tərəfindən təqdim edilmiş 07.08.2017-ci il tarixli “Maliyyə arayışından” (iş v. 7) görünür ki, 30.07.2014-cü il tarixə kimi 34.219.18 ABŞ dolları məbləğində ödəniş olunub. Lakin iş materiallarına əlavə edilmiş “Lizinq ödənişləri cədvəlinə” (iş v. 8) görə isə cavabdehlər 30.07.2014-cü il tarixə kimi 22.994.58 ABŞ dolları ödəniş etməli idilər. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı QSC-nin cavabdehlərə qarşı yönəlmiş iddiası əsassızdır. Lakin işə baxmış Rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, əsassız olan tələbi təmin etmişdir Məhkəmə həmçinin qeyd edir ki, iddia əsassız olduğundan cavabdehlər tərəfindən verilmiş “iddia müddətinin tətbiq edilməsi barədə” ərizənin əsaslı olub-olmamasına zərurət qalmır. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızıdır. Rayon Məhkəməsi iddianı əsaslı hesab edib, iddianı qismən təmin etməklə işin hallarına uyğun olmayan, maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən nəticəyə gəlmişdir. Qətnamə səhvdir. Apellyasiya şikayətinin dəlilləri əsassız deyil və formal mülahizə xarakteri daşımır. MPM-nin 385-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə göstərilənləri, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürdüyü “daxili lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası təmin edilməsin. İddianın verilməsi üçün iddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Bu məqsədlə İddiaçı Lizinq Şirkəti QSC-dən 15 (on beş) manat məbləğində pul tutularaq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8246/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8246/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver