Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8250/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2161/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 11217.36 (on bir min iki yüz on yeddi dollar otuz altı sent) ABŞ dolları - bundan 8228.28 (səkkiz min iki yüz iyirmi səkkiz dollar iyirmi səkkiz sent) ABŞ dolları əsas, 0 (sıfır) ABŞ dolları faiz, 0 (sıfır) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2989.08 (iki min doqquz yüz səksən doqquz dollar səkkiz sent) ABŞ dolları borcu və iş üzrə ödənilmiş 30 (otuz) ABŞ dolları dövlət rüsumunun cavabdehr Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2161/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borcun olması barədə iş materiallarında əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin olmasını əks etdirən hesabdan çıxarışları, maliyyə arayışı və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Bu sənədlərdən də göründüyü kimi cavabdehlə bank arasında 29 aprel 2009-ci il tarixli ******************** saylı kredit müqaviləsi mövcüd olmuş və həqiqətəndə 11650 (on bir min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda 11 avqust 2016-cı il tarixində "xxxx" ASC müflis elan edilmişdir, bu zaman kəsimində isə bankın fəaliyyət göstərdiyi inzibati binaların fəaliyyətini dayandırması və sənədlərin daşınması nəticəsində bəzi çatışmazlıqların olması tamamilə mümkün haldır. Buna görə əminliklə demək mümkündür ki, müvafiq kredit müqaviləsinin aşkar edilməməsi iddia tələbinin əsassız olması mənasını vermir. Müqavilə olmasa müvafiq hesabdan çıxarış və maliyyə arayışında qeyd edilən göstəricilər əks oluna bilməzdi. Eyni zamanda cavabdeh tərəfindən həmin kredit müqaviləsi üzrə hesabadan çıxarışda da göründüyü kimi dəfələrlə ödəniş olunmuşdur. Belə ki, cavabdeh tərəfindən əsas borc üzrə 3422 ABŞ dolları, faiz borcu üzrə isə 5666 ABŞ dolları ödəniş aparılmışdır. Bununlada cavabdeh kredit müqaviləsi üzrə ödənişlər elməklə iradə ifadəsini göstərərək, bank qarşısında borcu olmasını etiraf etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, apellyasiya şikayətini əsassız hesab edir. Təmsil etdiyi şəxs nə pul götürməyib, nədə heç bir ödəniş etməyib. Əgər belə bir şey olsaydı iddiaçı kredit müqaviləsini və pulun götürülməsini təsdiq edən hansısa sənədi məhkəməyə təqdim edərdi. Cavabdeh tərəfindən hansısa məbləğdə ödəniş edilməsi də də əsassız dəlillərdir. Çünki, cavabdeh heç vaxt həmin banka ödəniş etməyib. Təcrübədə banklar bu metoddan iddia müddətinin axımının kəsilməsini təsdiq etmək üçün istifadə edirlər. Ancaq hər bir halda cavabdeh iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsi barədə ərizə də təqdim etmişdir. Bütün bunlar da iddianın rədd edilməsi üçün əsasdır. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının təqdim etdiyi 11 noyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən 29 noyabr 2009-cu il tarixli 8-6-******************** saylı kredit müqaviləsi üzrə 03 noyabr 2020-ci il tarixinə yaranmış əsas borc 8228,28 ABŞ dolları, 2989,08 ABŞ dolları isə faiz borcu cəmi 1217.36 ABŞ sent təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri əsassız olduğundan qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı cavabdehlə 29 aprel 2009-cu il tarixdə kredit müqaviləsi bağlandığını iddia etsə də, kredit müqaviləsini, kredit məbləğinin məhz iş üzrə cavabdehə verilməsini və sonuncunun həmin məbləği qəbul etməsini təsdiq edən sənədi(kassa məxaric orderi və.s) iddia ərizəsinə əlavə etməmiş, həmçinin kredit müqaviləsi üzrə verilməli olan borc məbləğini hər hansı bank hesabına ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut etməmişdir. İddia ərizəsində kreditin 30 avqust 2011-ci ilədək illik 30 faizlə, tərtib etdiyi maliyyə arayışında isə müqavilənin müddətinin 30 avqust 2013-cü ilədək olduğunu göstərir. Belə vəziyyət də kredit müqaviləsinin və müqavilədə qeyd olunan məbləğin həqiqətən cavabdeh tərəfindən qəbul edilməsini istisna edir. Çünki, iddiaçı müqavilənin hansı müddətdə bağlandığını belə özü aydınlaşdıra bilmir. İkincisi, apellyasiya şikayətində təqdim etdiyi 29.04.2009-cu ildən 30.12.2016-cı ilədək olan hesabdan çıxarışda cavabdehin dəfələrlə ödəniş etdiyini göstərsə də və bu hal doğru olsa belə, yenə də iddia müddətini də ötürmüşdür. Belə ki, cavabdeh 30.12.2016-cı ildə sonuncu ödəniş etmiş olsaydı belə, yenə də həmin tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu 19.03.2021-ci il tarixədək 4 il, 3 aya yaxın bir müddət keçmişdir. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə ilə də məhkəməyə müraciət edərək iddianın rədd olunmasını da xahiş etmişdir. Demək, iddia tələbi əsaslı olsaydı belə, iddia müddətinin keçməyinə görə iddianın rədd edilməsi də qaçılmaz olacaqdır və iddianın rəddi üçün müstəqil əsas kimi qəbul olunmalıydı. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2161/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8250/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8250/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver