Məhkəmə qərarları › İş №2(103)-8258/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8258/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8258/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh3 QSC-nin vəkili və nümayəndəsi Beytulla İmanverdiyevin, digər nümayəndəsi Günəş Babayevanın, üçüncü şəxs Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru Amil Əmirovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 QSC, "xxxx" ASC və "xxxx" MMC-yə qarşı “əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 QSC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: 10.01.2008-ci il tarixdə bağlanmış kredit sazişi əsasında "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə kredit verilib. İddiaçı məxsus olan, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsi (bundan sonra – torpaq sahəsi) həmin kreditin qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü edilib. 03.07.2012-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə (iş v. 7) ilə qət olunub ki, həmin kredit sazişi üzrə cəmi 2.727.305,35 avro məbləğində borc "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulsun və tutma ipoteka predmeti olan torpaq sahəsinə yönəldilsin. Qətnamə qanuni qüvvəyə minib və icraya yönəldilib. Bundan sonra Sabunçu Rayon İcra Şöbəsinin sifarişi əsasında "xxxx" MMC torpaq sahəsinin satılması üçün hərrac keçirib. Hərrac təşkilatı 2 hərrac prosesi keçirib. 1-ci hərrac prosesi: 1-ci hərrac prosesində ilk hərrac 28.01.2014-cü il tarixinə təyin olunub (iş v. 14). Təkrar hərracın təyin olunduğu gün barədə iş materiallarında sənəd yoxdur. Hərrac təşkilatı tələbkara 11.03.2014-cü il tarixli məktub (iş v. 181) göndərərək torpaq sahəsini satış qiymətindən 25 faiz aşağı qiymətə almağı təklif edilib. İddia olunur ki, tələbkar təklifi cavablandırmayıb. Lakin bu təkzib olunur. Belə ki, tələbkar ona ünvanlanmış təklifə 27.03.2014-cü il tarixli cavab məktubu (iş v. 335) göndərərək bildirib ki, torpaq sahəsini təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə almağa etirazı yoxdur. O cümlədən tələbkar həmin məktubda xahiş edib ki, ipoteka predmetinin tələbkarın mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedur başlansın, habelə ipoteka predmetinin onun mülkiyyətinə keçirilməsi tarixi müəyyənləşdirilsin və ona rəsmi məlumat verilsin. Bu məktub hərrac təşkilatına və icra şöbəsinə ünvanlanıb. Lakin hərrac təşkilatı və icra şöbəsi bu məktuba cavab verməyib, müvafiq sənədlər geri qaytarılıb. Əvvəlcə hərrac təşkilatı sənədləri geri qaytarıb. Belə ki, icra şöbəsinin torpaq sahəsinin satılmasına dair verdiyi sifariş üzrə sənədlər hərrac təşkilatının 19.06.2014-cü il tarixli məktubu ilə (iş v. 318) icra şöbəsinə geri qaytarılıb. Geri qaytarmanın səbəbi məktubda “icra müddəti başa çatdığı üçün” kimi qeyd olunub. Bundan sonra icra şöbəsi sənədləri geri qaytarıb. Belə ki, icra şöbəsi 01.05.2017-ci il tarixli məktubla (iş v. 179) icra sənədini məhkəməyə geri qaytarıb. Məktubda qeyd olunub ki, icra sənədi “İcra haqqında” Qanunun 53-cü maddsinə əsasən qaytarılır. Məktuba icra məmurunun “İcra sənədinin məhkəməyə qaytarılması barədə” 01.05.2017-ci il tarixli qərarı (iş v. 180) əlavə olunub. Qərarda qeyd olunub ki, icra sənədi üzrə tələbin yönəldildiyi torpaq sahəsi satılmadığı üçün işin icrası təmin olunmadı. 2-ci hərrac prosesi: 2-ci hərrac prosesi 2019-cu ildə başlayıb. Məhkəmə icra sənədini icra şöbəsinə, icra şöbəsi isə müvafiq sənədləri hərrac təşkilatına göndərib. 2-ci hərrac prosesində ilk hərrac 03.06.2019-cu il tarixə təyin olunub (iş v. 192), torpaq sahəsi 75.000 manat qiymətlə hərraca çıxarılıb. Daha sonra 01.07.2019-cu il tarixə təkrar hərrac təyin olunub (iş v. 190), torpaq sahəsi ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə (63.750 manta) təkrar hərraca çıxarılıb. Təkrar hərracda torpaq sahəsi satılmadığına görə təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə (47.812.50 manata) tələbkara təklif olunub (iş v. 184) və 31.07.2019-cu il tarixli “Hərracın yekunları barədə” protokol (iş v. 186) əsasında tələbkar torpaq sahəsini həmin qiymətə alıb. Lakin sonradan 2-ci hərrac prosesi etibarsız sayılıb. Belə ki, İddiaçı hərracı mübahisələndirib. 11.12.2019-cu il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ilə (iş v. 158) qət olunub ki, hərracın yekunları barədə 31.07.2019-cu il tarixli protokol ləğv edilsin və hərracın nəticələri etibarsız sayılsın. Qətnamə onunla əsaslandırılıb ki, İddiaçı (ipoteka qoyan) hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məlumatlandırılmayıb. Cavabdeh3 QSC bu qətnamədən apellyasiya şikayəti verib, lakin Nərimanov Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınıb. Bu qərardad Bakı Apellyasiya Məhkəməsinin 12.03.2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılıb. Hərracın etibarsız sayılması barədə qətnaməyə əsasən icra vərəqəsi verilib və Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 20.02.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat başlanıb. 1-ci hərrac prosesi ilə 2-ci hərrac prosesinin arasındakı zaman fasiləsində - 30.08.2017-ci il tarixdə "xxxx"ASC-nin "xxxx" MMC-yə qarşı tələb hüququ Cavabdeh3 QSC-yə keçib. 30.08.2017-ci il tarixdə bu barədə təhvil-təslim aktı (iş v. 52) tərtib olunub. Tələb hüququnun keçməsinə səbəb Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli, 570 nömrəli sərəncamı olub. Həmin sərəncamla qərara alınıb ki, Maliyyə Nazirliyi və Mərkəzi Bank 15 gün müddətində "xxxx"ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus Cavabdeh3 QSC BOKT-nın idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Buna müvafiq olaraq "xxxx"ASC-yə məxsus olan problemli aktivlər üzrə tələb hüququ 11.08.2015 və 21.04.2017-ci il tarixli müqavilələr əsasında Cavabdeh3 QSC-yə keçib. Tələb və onun həlli: İddia ərizəsində və daha sonra verilmiş iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, torpaq sahəsinin ipotekasına xitam verilsin. Qətnamə ilə qət olunub ki, iddia Cavabdeh3 QSC-yə münasibətdə təmin edilsin, torpaq sahəsinə dair ipotekaya xitam verilsin, iddia digər cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-yə münasibətdə rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında Cavabdeh3 QSC-nin vəkili və nümayəndəsi Beytulla İmanverdiyev, digər nümayəndəsi Günəş Babayeva apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı və onun vəkili Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya icraatı zamanı Sabunçu Rayon İcra Şöbəsi üçüncü şəxs kimi işə cəlb olunmuşdur. İcra şöbəsinin böyük icra məmuru Amil Əmirov məhkəmə iclasında bildirdi ki, ipoteka predmetinə tutma yönəldilməsi zamanı icra qanunvericiliyinin tələblərinə əməl olunub. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Hazırkı işdə birinci instansiya məhkəməsi ipotekaya xitam verilməsi barədə nəticəyə gələrkən ona əsaslanıb ki, 1-ci hərrac prosesi zamanı ipoteka saxlayan (tələbkar) təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün müddətində ipoteka predmetini əldə etmək imkanına malik olduğu halda onu almamışdır. Lakin həmin hal hazırkı işin materilları ilə təkzib olunur. Belə ki, bu məsələni “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri tənzimləyir. 43.7-ci maddədə subyektiv hüquq, 43.8-ci maddədə isə həmin hüququn həyata keçirilməsi qaydası müəyyən olunub. Subyektiv hüququn mahiyyəti bundan ibarətdir ki, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Hüququn həyata keçirilməsi qaydası isə belədir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hərrac məhkəmə qətnaməsinin icrasının tərkib hissəsidir, məhkəmə qətnaməsinin icrası isə öz növbəsində məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Məhkəmə müdafiəsi hüququnun realizəsi zamanı hüquqi müəyyənlik prinsipinə əməl olunmalıdır. İşdə olan sənədlərdən görünür ki, ipoteka saxlayan (tələbkar) ona ünvanlanmış təklifə 27.03.2014-cü il tarixli cavab məktubu (iş v. 335) göndərərək bildirib ki, torpaq sahəsini təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə almağa etirazı yoxdur. O cümlədən tələbkar həmin məktubda xahiş edib ki, ipoteka predmetinin tələbkarın mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedur başlansın, habelə ipoteka predmetinin onun mülkiyyətinə keçirilməsi tarixi müəyyənləşdirilsin və ona rəsmi məlumat verilsin. Bu məktub hərrac təşkilatına və icra şöbəsinə ünvanlanıb. Lakin məktuba cavab verilməyib. Hərrac təşkilatı və icra şöbəsinin bu hərəkətsizliyi hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Nəticədə isə ipoteka saxlayan (tələbkar) “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməyib. Beləliklə, ipotekaya xitam verilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh3 QSC, "xxxx" ASC və "xxxx" MMC-yə qarşı “əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar