Məhkəmə qərarları › İş №2(103)-826/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-826/2023

09.02.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-826/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2, İddiaçı3 Balaca qızının və İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1, onların və İddiaçı3 Balaca qızının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı2, İddiaçı3 Balaca qızının və İddiaçı1 Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh1 MMC Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Azər Əliyev və Maqsud Əlizadə küçələrinin kəsişməsində yerləşən, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi ilə bağlı torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini, qeyd olunan ünvanlarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həmin ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihləndirilməsi ilə bağlı MMC-yə 1,7 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Azər Əliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində yerləşən 1,70 hektar torpaq sahəsinin, ərazidə fərdi yaşayış evləri və qeyriyaşayış obyektləri ilə bağlı torpaq-hüquq və əmlak məsələlərinin mövcud qanunvericiliyə uyğun həll edilməsi şərtilə tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə Cavabdeh1 MMC-nə icarə qaydasında ayrılmasına etiraz etmirlər.

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, tikintiyə hazırlıq və mühəndis-axtarış işləri, tikinti zamanı təhlükəsizliyin təmin edilməsi və digər tədbirlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin və ətraf mühitin mühafizəsi tələblərinə, həmçinin bu məktuba əlavədəki göstərişlərə əməl edilməklə həyata keçirilməli, tikintiyə icazədə nəzərdə tutulmuş məlumatlar Tikintilərin Dövlət Reyestrində yerləşdirilməli, tikintiyə icazə sənədinin surəti nəzarət və məlumat üçün aşağıdakı qurumlara göndərilməlidir: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə.

4. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, müqavilədə nəzərdə tutulmuşdur ki, ünvan 3 ünvanında yerləşən, Cavabdeh2 məxsus fərdi yaşayış evi söküləcək və bu sahədə yeni yaşayış binasının tikintisi həyata keçiriləcək, söküntüsü nəzərdə tutulmuş, Cavabdeh2 istifadə və sahibliyində olan 6 otaqlı, 174 kv.m.fərdi yaşayış evinin 107 kv.m. sahəsinin dəyəri kimi 170 000 manat Cavabdeh2 ödəniləcək, qalan 67 kv.m. sahəyə isə 20% əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m. mənzil Cavabdeh2 veriləcək. Müqaviləyə görə, mənzilin ümumi sahəsinə mənzilin bütün divaraltı sahəsi də daxildir, mülkiyyətçi (faktiki sahib) bu müqaviləyə əsasən istifadə və sahibliyində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (bənd 1.1,1.2).

5. Müqavilənin 2.1-ci və 2.1.1-ci bəndlərində “mülkiyyətçi”nin (faktiki sahibin) hüquq və vəzifələri aşağıdakı kimi sadalanmışdır: söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixədək olan kommunal borcları tam ödəmək şərtilə mənzildə qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin Cavabdeh1 MMC-yə təhvil verilməsini təmin etməyi, ünvanda rəsmi qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyi öhdəsinə götürür; Mənzili tam boşaldaraq, yüklü olmamağı halda arayış təqdim etmək şərtilə Cavabdeh1 MMC-yə təhvil vermək, yeni binanın tikintisi başqa çatanadək müvəqqəti yaşayış məqsədilə mənzil üçün aylıq 350 manat kirayə haqqını tələb etmək (bənd 2.1.2) hüquqlarına sahibdir.

6. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşadığakı şəxslərə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: İddiaçı2, arvadı İddiaçı3, oğlu X4, oğlu İddiaçı1.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı2, İddiaçı3, İddiaçı1, Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatdadırlar.

8. İddiaçı3 İddiaçı2 həyat yoldaşı, İddiaçı1 isə onun oğludur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı2, İddiaçı3 Balaca qızı və İddiaçı1 Cavabdeh1 MMC-nə (MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi və ya məhkəmə) müraciət edərək, ünvan 5 ünvanında yerləşən 6 otaqlı, 174 kv.m. sahəsi olan fərdi yaşayış evinə dair cavabdehlərin arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, həmin evə dair MMC ilə aralarında ayrı müqavilənin bağlanması öhdəliyinin MMC-yə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, həmin ünvanda onlarla birlikdə Cavabdeh2 da qeydiyyatda olmuşdur. Sonradan onlara məlum olmuşdur ki, Cavabdeh2 digər Cavabdeh1 MMC ilə xx.xx.2022-ci il tarixli müqavilə bağlamış, müqavilənin 1.1-ci bəndində MMC tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin söküləcəyi və bu sahədə yeni yaşayış binasının tikintisinin həyata keçiriləcəyi, binada söküntüsü nəzərdə tutulmuş Cavabdeh2 istifadə və sahibliyində olan 6 otaqlı, 174 kv.m. fərdi yaşayış evinin 107 kv.m. sahəsinin dəyəri kimi 170 000 manatın Cavabdeh2 ödəniləcəyi, qalan 67 kv.m. sahəyə görə isə 20% əlavə olunmaqla təmirli 2 otaqlı 80 kv.m. mənzilin Cavabdeh2 veriləcəyi nəzərdə tutulmuşdur. Müqavilənin 2.1.1-ci bəndinə əsasən mülkiyyətçi (faktiki sahib), sökülməsi nəzərdə tutulan evdə mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh1 MMC-yə təhvil verməyi, ünvanda rəsmi qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyi öhdəsinə götürmüşdür. Müqavilənin sonuncu səhifəsində qeyd etmişdir ki, “mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmamış şəxslərin mənə məxsus qeyd olunan mənzilə dair Cavabdeh1 MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaları olduğu halda məsuliyyəti mən daşıyıram”. Lakin müqavilə bağlanarkən Cavabdeh2 onların həmin ünvanda qeydiyyatda olmaqlarını Cavabdeh1 MMC-dən gizlətmiş, onların razılıqları olmadan xx.xx.2022-ci il tarixli müqaviləni bağlamışdır. Ona görə də hesab edirlər ki, həmin müqavilə qanunsuz və əsassız olduğu üçün etibarsız sayılmalı, sözügedən fərdi yaşayış evi ilə bağlı onlarla Cavabdeh1 MMC arasında yeni müqavilə bağlanmalıdır. Həmin mənzil iddiaçılardan İddiaçı2 atası Günbudaq Qafarova məxsus olmuş, onun vəfatından sonra övladları öz ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla orada yaşamışlar. Sözügedən mənzil daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmamışdır. Cavabdeh həmin mənzilin mülkiyyətçisi deyil və onlar mənzildə qeydiyyatda olmaqla bərabər hüquqlara malik şəxslərdir. Belə olan halda mübahisələndirilən müqavilə onların razılıqları ilə bağlanmalı, yaxud onlarla də ayrı müqavilə bağlanmalı idi. ünvan 3 ünvanında yerləşən ev onların yeganə qeydiyyat yeridir.

11. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında iddiaçılar (nümayəndələri) iddia tələblərini müdafiə etmiş, İddiaçı2 Günbulaq oğlu izahatında həmçinin göstərmişdir ki, Cavabdeh2 onun ögey qardaşıdır, 1988-ci ilə qədər ailəsi ilə birlikdə həmin evdə yaşamış, orada qeydiyyatda olmuş, sonradan qardaşı ilə aralarında yaranan mübahisələr səbəbindən evi tərk edərək ailəsi ilə birlikdə oradan köçmüş, ancaq vaxtaşırı olaraq həmin evə gəlib-getmişdir. Sonradan ona məlum olmuşdur ki, qeydiyyatda olduqları mənzilin Cavabdeh1 MMC tərəfindən alınaraq orada evlərin sökülməsi və yeni yaşayış binasının tikilməsi barədə Cavabdeh2la danışıqlar gedir. Cavabdeh1 MMC-yə müraciət etmiş və öz hüquqlarını bildirmiş, ona demişlər ki, “narahat olmağa dəyməz, həmin evin onsuz satılması və orada söküntü işlərinin aparılması mümkün deyildir”. Bu barədə Cavabdeh2la danışdıqda isə sonuncu ona demişdir ki, “ev satılarkən sənə də pay olaraq 30 min veriləcək”. Bununla razılaşmış, sonradan məlum olmuşdur ki, ev onun razılığı alınmadan MMC-yə satılmışdır. Qardaşından öz haqqı olan payı tələb etdikdə isə sonuncu ona verəcək pulunun olmadığını bildirmişdir. Bununla da ailənin və onun hüquqları kobudcasına pozulmuşdur.

12. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ev atasından ona qalmış, tam hüquqlu mülkiyyətçi olaraq Cavabdeh1 MMC ilə alqı-satqı edərək evi özgəninkiləşdirmişdir. Heç vaxt İddiaçı2 30 000 manat vəd etməmişdir.

13. Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, MMC tərəfindən İcra Hakimiyyətinin Sərəncamına əsasən həmin bölgədə olan evlər satın alınaraq yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulmuş, ərazidə yerləşən evlər satın alınmışdır. Həmin bölgədə heç bir evin çıxarışı yoxdur, mübahisə predmeti olan mənzilin də çıxarışı olmamışdır. Qanunvericiliyin tələbinə əsasən evlər MTK tərəfindən satın alınarkən həmin evlərdə yaşayanlar və mülkiyyətçiləri ilə razılıq əldə olunmalıdır. Buna uyğun olaraq həmin evlərdə yaşayan bütün şəxslərə razılıq əldə olunmuşdur və bağlanmış müqaviləyə əsasən alqısatqı edilən əmlakla bağlı sonradan yaranan bütün mübahisələrlə bağlı öhdəliyi satıcı öz üzərinə götürmüşdür. MMC tərəfindən tam qanuni olaraq alqı-satqı həyata keçirilərək dəyəri tam ödənilmişdir.

14. Məhkəmənin 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar tərəfindən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürülsə də, onlar həmin özbaşına tikiliyə aid hər hansı bir hüquqlarının (istifadə hüququ - əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən) olması barədə sübutu məhkəməyə təqdim etməmişlər. Habelə istifadə hüququ mövcud olsaydı belə, iddiaçıların müqavilənin etibarsızlığı deyil, cavabdehə münasibətdə pul tələbinə dair iddiaları mövcud olardı ki, hazırda iddia ərizəsində belə bir tələb irəli sürülməmişdir.

16. Məhkəmə, iddiaçıların “cavabdehin üzərinə onlarla müqavilə bağlanması öhdəliyinin qoyulması” iddiaları ilə bağlı qeyd etmişdir ki, müqavilə azadlığı prinsipi nəzərə alınaraq belə bir tələbin təmin olunması mümkün deyildir.

17. Mövqeyinin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 6cı, 324.1-ci, 337-ci, 339-cu, 389-cu, 390-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinad etmişdir.

18. Qətnamədən apellyasiya şikayəti verən iddiaçılar onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, tərəflərin eyni hüquqi statusda olmalarını nəzərə almadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşlər. Apellyasiya şikayətinə qarşı yazılı etiraz

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır (verilməmişdir).

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

20. Məhkəmə iclaslarında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı1, onların və İddiaçı3 Balaca qızının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh2 və Cavabdeh1 MMCnin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

23. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

24. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

25. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

26. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

27. Maddə 337.1 və 339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər.

28. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

29. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

“X8 haqqında” Azərbaycan Respublikasının Qanunu

30. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.

01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

31. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

32. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

33. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

37. Maddə 81. Qanuna və ya digər X8a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin gəldiyi nəticə və iddia tələblərinə verdiyi qiymətlə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

47. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

48. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

49. İddiaçıların irəli sürdükləri faktiki hal ondan ibarətdir ki, onlar ünvan 4 ünvanında qeydiyyatda olsalar da bu hal cavabdeh tərəfindən gizlədilmiş, həmin evin sökülməsi və buna görə əvəz verilməsinə dair Cavabdeh2la müqavilə bağlanarkən onların razılığı alınmamış, beləliklə də hüquqları pozulmuşdur.

50. Kollegiyanın qənaətinə görə, iddiaçıların irəli sürdükləri sözügedən faktiki hal, onların iddia tələblərinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

51. Belə ki, ünvan 6 ünvanında yerləşmiş evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı, bununla belə, hazırkı iş üzrə tərəflərin həmin evdə pasport qeydiyyatına alınmış olduqları işin mübahisələndirilməyən halıdır.

52. Tərəflər həmçinin mübahisələndirmirlər ki, sözügedən evdə məhz cavabdeh və ailəsi yaşamış, evin söküldüyü dövrdə ona cavabdeh sahiblik etmiş, həmin dövrdə iddiaçılar orada yaşamamışlar. İddiaçı2 özünün (digər iddiaçılar onun ailə üzvləridirlər) bildirməsinə görə, 1988-ci ilə qədər sözügedən evdə yaşamış, Cavabdeh2 orada yaşamasına imkan vermədiyindən bu tarixdə ailəsi ilə birlikdə oradan köçüb getmişdir.

53. Beləliklə, iddiaçıların tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və kollegiyanın qənaətinə görə iddiaya məhz bu kontekstdən yanaşan birinci instansiya məhkəməsi mövqeyində haqlı olmuşdur.

54. Nəzərə alınmalıdır ki, qanunvericilik özbaşına tikiliyə istifadə hüququnun tanınmasını nəzərdə tutmur və əks yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına ziddir.

55. Kollegiya onu da qeyd edir ki, iddiaçıların həmin tikili üzərində 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş müddəalarına əsasən istifadə hüquqlarının yarandığı qəbul edilsə belə (hüququn anologiyasına əsasən), bu hal onların hazırda mübahisələndirdiyi müqavilənin etibarsızlığına əsas yarada bilməz.

56. Belə ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

57. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində (§ 27) əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

58. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.

59. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

60. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

61. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

62. İşin hallarına əsasən kollegiya hesab edir ki, mübahisələndirilən müqavilə bağlanarkən müqavilə tərəflərinin aldatma yolu ilə hərəkət etmələri qənaətinə gəlmək mümkün deyildir; yuxarıda qeyd olunduğu kimi cavabdeh, mənzildə qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin Cavabdeh1 MMC-yə təhvil verilməsini təmin etməyi, ünvanda rəsmi qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyi öhdəsinə götürmüşdür – bu isə o deməkdir ki, müvafiq müqavilənin aldatma yolu ilə bağlanması deyil, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edib-etmədiyi müzakirə oluna bilər. Başqa sözlə, əgər iddiaçılar evə hüquqlarının olduğunu və onların razılığı alınmadan müqavilə bağlanması nəticəsində həmin hüquqlarının xələl gördüyünü hesab edirlərsə, müvafiq əsasa istinadla Cavabdeh2 qarşı onlara verilməli olan kompensasiya məbləği ilə bağlı (həmçinin əvəz kimi verilən mənzillə bağlı) tələb irəli sürməkdə haqlıdırlar.

63. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi də göstərmişdir ki, “…müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun”.

64. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4173/2022 saylı iş üzrə 14 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıların özlərinə aid olunsun. Qətnamədən İddiaçı2 Gunbudaq oğlu, İddiaçı3 və İddiaçı1 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar