Məhkəmə qərarları › İş №e-2(006)-4173/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4173/2022

14.10.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4173/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçılar İddiaçı2, İddiaçı1, onların və İddiaçı3 Balaca qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı2 Gunbudaq oğlu, İddiaçı3 Balaca qızı və İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-nin direktoru X3 və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı2 Gunbudaq oğlu, İddiaçı3 Balaca qızı və İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-nin direktoru X3 və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışlar ki, iddiaçılar ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışlar. Həmin ünvanda onlarla birlikdə hazırki iş üzrə Cavabdeh2 da qeydiyyatda olmuşdur. Sonradan onlara məlum olmuşdur ki, Cavabdeh2 digər Cavabdeh1 MMC ilə xx.xx.2022-ci il tarixli müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh1 MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi söküləcək və bu sahədə yeni yaşayış binasının tikintisi həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş, Cavabdeh2 istifadə və sahibliyində olan 6 otaqlı, 174 kv.m. fərdi yaşayış evinin 107 kv.m. sahəsinin dəyəri kimi 170.000 manat pul vəsaitini Cavabdeh2 ödəyəcəkdir. Qalan 67 kv.m. sahəyə isə 20% əlavə etməklə təmirli 2 otaqlı 80 kv.m. mənzili Cavabdeh2 verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən mülkiyyətçi (faktiki sahib) sökülməsi nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh1 MMC-yə təhvil verilməsini təmin etmək. Ünvanda rəsmi qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyə öhdəlik götürür. Mənzili tam boşaldaraq, yükü olmamağı haqda arayış təqdim etmək şərti ilə Cavabdeh1 MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin sonuncu səhifəsində qeyd etmişdir ki, «mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmamış şəxslərin mənə məxsus qeyd olunan mənzilə dair Cavabdeh1 MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaları olduğu halda məsuliyyəti mən daşıyıram». Lakin müqavilə bağlanarkən Cavabdeh2 onların həmin ünvanda qeydiyyatda olmaqları Cavabdeh1 MMC-dən gizlətmiş, onların razılıqları olmadan xx.xx.2022-ci il tarixli müqaviləni bağlamışdır. Ona görə də hesab edirlər ki, həmin müqavilə qanunsuz və əsassız olduğu üçün məhkəmə qaydasında ləğv olunmalı və sözügedən fərdi yaşayış evi ilə bağlı onlarla Cavabdeh1 MMC arasında yeni müqavilə bağlanmalıdır. Həmin mənzil iddiaçılardan İddiaçı2 atası Günbudaq Qafarova məxsus olmuşdur. Onun vəfatından sonra övladları öz ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamışlar. Sözügedən mənzil daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət eimi qeydə alınmamışdır. Cavabdeh həmin mənzilin mülkiyyətçisi deyil və iddiaçılar həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqlara malik şəxslərdir. Belə olan halda hazırki mübahisələndirilən müqavilə iddiaçıların razılıqları ilə bağlanmalı, yaxud onlarla də ayrı müqavilə bağlanmalı idi. Onu da qeyd edirlər ki, ünvan 2 ünvanında yerləşən ev iddiaçıların yeganə qeydiyyat yeridir. İddiaçılar və Cavabdeh2la həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqa malikdir. Belə olan halda həmin mənzillə bağlı cavabdehlər arasında bağlanmış müqavilə məhkəmə qaydasında ləğv olunmalıdır. Göstərilənlərə əsasən ünvan 3 ünvanında yerləşən 6 otaqlı 174 kv.m. sahəsi olan fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən 6 saylı ümumi sahəsi 174 kv.m. olan evə dair Cavabdeh1 MMC ilə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ilə bağlı ayrı müqavilənin bağlanması öhdəliyinin Cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişlər.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında izahatı alınmış iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında izahatı alınmış İddiaçı2 Günbulaq oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, Cavabdeh2 onun ögey qardaşıdır. O, 1988-ci ilə qədər ailəsi ilə birlikdə həmin evdə yaşamışdır və həmin evdə qeydiyyatda olmuşlar. Sonradan qardaşı ilə aralarında yaranan mübahisələr səbəbindən həmin evi tərk edərək ailəsi ilə birlikdə həmin evdən köçmüşdür. Ancaq vaxtaşırı olaraq həmin evə gəlib-getmişdir. Sonradan ona məlum olmuşdur ki, onların qeydiyyatda olduqları mənzil Cavabdeh1 MMC tərəfindən alınaraq orada evlərin sökülməsi və yeni yaşayış binasının tikilməsi barədə Cavabdeh2lə danışıqlar gedir. Bundan sonra o, Cavabdeh1 MMC-yə müraciət etmiş və öz hüquqlarını bildirmişdir. Oradan ona bildirmişlər ki, narahat olmağa dəyməz onsuz həmin evin satılması və orada söküntü işlərinin aparılması mümkün deyildir. O, bu barədə Cavabdeh2la danışdıqda isə sonuncu ona demişdir ki, ev satılarkən sənədə pay olaraq 30 min veriləcək. O, da bununla razılaşmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin ev onun razılığı alınmadan Cavabdeh1 MMC-yə satılmışdır. O, qardaşından öz haqqı olan payı tələb etdikdə isə sonuncu ona verəcək pulunun olmadığını bildirmişdir. Bununla da ailənin və onun hüquqları kobudcasına pozulmuşdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, həmin ev atasından ona qalmışdır və tam hüquqlu mülkiyyətçi olaraq Cavabdeh1 MMC ilə alqı-satqı edilərək özgəninkiləşdirilmişdir. O, heç vaxt iddiaçıya 30 min vəd etməmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Cavabdeh1 MMC tərəfindən İcra Hakimiyyətinin Sərəncamına əsasən həmin bölgədə olan evlər satın alınaraq yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq həmin ərazidə yerləşən evlər satın alınmışdır. Həmin bölgədə heç bir evin çıxarışı yoxdur. Hazırki mübahisə predmeti olan mənzilin də çıxarışı olmamışdır. Qanunvericiliyin tələbinə əsasən evlər MTK tərəfindən satın alınarkən həmin evlərdə yaşayan və mülkiyyətçiləri ilə razılıq əldə olunmalıdır. Buna uyğun olaraq həmin evlərdə yaşayan bütün şəxslərə razılıq əldə olunmuşdur və bağlanmış müqaviləyə əsasən həmin müqavilə üzrə alqı-satqı edilən əmlakla bağlı sonradan yaranan bütün mübahisələrlə bğlı öhdəliyi satıcı öz üzərinə götürmüşdür. Qeyd edilənlərdən görünür ki, MMC tərəfindən tam qanuni olaraq alqı-satqı həyata keçirilərək dəyəri tam ödənilmişdir. Odur ki, iddia tələbinin Cavabdeh1 MMC-yə aid hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 MMC-nin rəhbərliyi Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Azər Əliyev və Maqsud Əlizadə küçələrinin kəsişməsində yerləşən mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı, qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi ilə bağlı torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunan ünvanlarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həmin ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihləndirilməsi ilə bağlı Cavabdeh1 MMC-yə 1,7 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirməsini xahiş etmişlər. 10.İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Azər Əliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində yerləşən 1,70 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə Cavabdeh1 MMC-yə ayrılmasına rəy bildirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq yerquruluşu planı hazırlanarkən həmin torpaq sahəsinin hüdudları daxilində çoxsaylı fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin yerləşdiyi müəyyən edilmişdir. Bildirirlər ki,ərazidə fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri ilə bağlı torpaq-hüquq və əmlak məsələlərinin mövcud qanunvericiliyə uyğun həll edilməsi şərtilə tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,70 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə Cavabdeh1 MMC-nə icarə qaydasında ayrılmasına etiraz etmirlər.

11. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bsakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məkutubun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, A.Əliyev və C.Səlimov küçələrinin kəsişməsində inşası nəzərdə tutulan yaşayış və qeyri-yaşayış (Baş plan üzrə: 3,4,5b və 5c saylı) binalarının tikintisinə dair verilmiş xx.xx.2022-ci il tarixli Tİ-07/22 nömrəli icazə sənədinin surətini təqdim etmişlər. Nəzərinə çatdırırlar ki, tikintiyə hazırlıq və mühəndisaxtarış işləri, tikinti zamanı təhlükəsizliyin təmin edilməsi və digər tədbirlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin və ətraf mühitin mühafizəsi tələblərinə, həmçinin bu məktuba əlavədəki göstərişlərə əməl edilməklə həyata keçirilməlidir. Bildirirlər ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən tikintiyə icazədə nəzərdə tutulmuş məlumatlar Tikintilərin Dövlət Reyestrində yerləşdirilir və tikintiyə icazə sənədinin surəti nəzarət və məlumat üçün aşağıdakı qurumlara göndərilir: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə. 12.İş materiallarında olan Cavabdeh1 MMC ilə «Mülkiyyətçi» qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC tərəfindən, ünvan 2 ünvanında yerləşən, Cavabdeh2 məxsus fərdi yaşayış evi söküləcək və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş, Cavabdeh2 istifadə və sahibliyində olan 6 otaqlı, 174 kv.m.fərdi yaşayış evinin 107 kv.m. sahəsinin dəyəri kimi 170.000 manat pul vəsaitini Cavabdeh2 ödəyəcəkdir. Qalan 67 kv.m. sahəyə isə 20% əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m. mənzili Cavabdeh2 verməyi öhdəsinə götürür. Yəni mənzilin ümumi sahəsinə mənzilin bütün divar altı sahəsi də daxildir. Mülkiyyətçi (faktiki sahib) bu müqaviləyə əsasən istifadə və sahibliyində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi bu müqaviləyə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (bənd 1.1,1.2).

13. Müqavilənin 2.1-ci və 2.1.1-ci bəndlərinə əsasən «mülkiyyətçi»nin (faktiki sahibin) hüquq və vəzifələri: söküntü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh1 MMC-yə təhvil verilməsini təmin etmək, ünvanda rəsmi qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyə öhdəlik götürür. Mənzili tam boşaldaraq, yükü olmamağı halda arayış təqdim etmək şərti ilə Cavabdeh1 MMC-yə təhvil vermək. Yeni binanın tikintisi başqa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 350 manat kirayə haqqını tələb etmək (bənd 2.1.2).

14. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşadığakı şəxslərə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: İddiaçı2, arvadı İddiaçı3, oğlu X4, oğlu İddiaçı1.

15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı2, İddiaçı3, İddiaçı1, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində 131A saylı fərdi yaşayış evi Cavabdeh2 faktiki sahibliyində olmuşdur. Cavabdehlər isə həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, 1988-ci ildən mübahisəli ünvanda yaşamırlar. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Azər Quliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində yerləşən 1,70 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə Cavabdeh1 MMC-yə ayrılmışdır. Həmin sahədə yerləşən yaşayış evdərdən sakinlərin köçürülməsi, həmin evlərin sökülməsi və digər zəruri tədbirlərin görülməsi Cavabdeh1 MMC-yə həvalə edilmişdir. Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi söküləcək və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməsi, Cavabdeh2 istifadə və sahibliyində olan 6 otaqlı, 174 kv.m.fərdi yaşayış evinin 107 kv.m. sahəsinin dəyəri kimi 170.000 manat pul vəsaitini Cavabdeh2 ödənilməsi, qalan 67 kv.m. sahəyə isə 20% əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m. mənzili Cavabdeh2 verməsi öhdəsinə götürmüşdür. Hazırda iddiaçılar mübahisəli evin onların razılıqları olmadan satıldığını iddia edərək, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, mübahisəli evə dair Cavabdeh1 MMC iddiaçılarla yeni müqavilənin bağlanması öhdəliyinin Cavabdeh1 MMCyə həvalə edilməsini məhkəmədən xahiş etmişlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsin əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

18. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Göstərilən Məcəllənin 339.2-ci maddəsin əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

20. Qeyd edilən Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

21. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

22. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir.

24. Məhkəmə həmçinin qeyd edir ki, müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

25. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.

26. Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Məhkəmə qeyd ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

29. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

31. Məhkəmə qeyd edir ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

32. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

33. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarını əsas tutaraq belə nəticəyə gəlir ki, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında müqavilənin bağlanması ilə bağlı tələblərə əməl olunmuşdur.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

35. Beləliklə, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir.

36. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

37. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürsədə, iddiaçıların həmin özbaşına tikiliyə aid hər hansı bir hüququnun (istifadə hüququ- əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən) olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Habelə istifadə hüququ mövcud olsaydı belə, iddiaçıların müqavilənin etibarsızlığı deyil, cavabdehə münasibətdə pul tələbinə dair iddiaları mövcud olardı ki, hazırda iddia ərizəsində belə bir tələb mövcud olmamışdır.

38. Məhkəmə həmçinin iddianın cavabdehə onlara müqavilənin bağlanması hissəsi ilə bağlı yuxarıda qeyd olunan maddi hüquq normasının mahiyyətinə əsasən qeyd edir ki, belə bir tələbin müqavilə azadlığı prinsipini nəzərə alaraq öhdəlik qoyulması mümkün deyildir.

39. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 Gunbudaq oğlu, İddiaçı3 Balaca qızı və İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-nin direktoru X3 və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması» tələbinə dair iddiası təmin edilməməlidir.

40. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri İddiaçı2 aid edilməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı2 Gunbudaq oğlu, İddiaçı3 Balaca qızı və İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-nin direktoru X3 və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı2 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar