Məhkəmə qərarları › İş №2(103)-8265/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8265/2021

27.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8265/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3912/2020 saylı mülki iş üzrə qəbul etdiyi 16.09.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli 2(011)- 8674/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh 03.11.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat sabit pul məbləğində müəyyən olunmuş alimentin dəyişdirilərək, alimentin Cavabdeh hər ay hər növ gəlirlərinin ¼ hissəsi məbləğində tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli 2(011)-8674/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh 03.11.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Hal-hazırda vəziyyət tamamilə fərqlidir. O, cavabdehin əmək haqqı barədə sənəd əldə etmişdir. Həmin sənədə əsasən cavabdeh "xxxx" Qeyri Bank MMC-də maliyyə meneceri işləməklə aylıq maaşı 2777,65 manatdır. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə alimentin miqdarı cavabdehin hər növ gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən olunmalıdır. Bu isə hazırki dövrdə 700 manata yaxın bir məbləğdə aliment deməkdir. Odur ki, sabit pul məbləğində müəyyən olunmuş alimentin dəyişdirilərək Ailə Məcəlləsinin 76.1-ci maddəsinə uyğun olaraq cavabehin hər növ gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən olunmasını istəyir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli 2(011)-3912/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8674/2019 nömrəli 24.12.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulma qaydasının dəyişdirilməsi, 03 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilik uşağın saxlanmasını vəzifə kimi təkcə atanın üzərində deyil, hər iki valideynin, yəni o cümlədən ananın da üzərinə vəzifə kimi qoymuşdur. Belə olan halda, iddiaçı da uşağı saxlamağa, ona maddi vəsait ayırmağa borcludur. O, 2009-cu ildə nikah münasibətlərinə daxil olmuşdur, bu nikahdan 3 övladı var. Həyat yoldaşı uşaqlara baxdığından işləmir, ailəsi bütövlükdə onun himayəsindədir və onunla birgə yaşayırlar. Qızı 4-cü, oğlu 3-cü siniflərdə təhsil alırlar. Aylıq olaraq onların ehtiyaclarını və digər bütün xərclərini də aldığı əmək haqqı həddində qarşılayır. İ.Atakişiyevin saxlanılması üçün 694 AZN aliment ödəyəcəyi halda, ilk nikahından olan, onun yanında və himayəsində yaşayan 1-i azyaşlı, 2-si yetkinlik yaşına çatmayan olmaqla 3 övladı da İsmayılla bərabər hüquqlara malik olduqlarından 4 uşağın saxlanması üçün hər ay 2776 manat vəsait tələb olunmalıdır. Əgər vergi tutulandan sonra 4 uşaq arasında bərabər aliment məbləği bölüşdürülərsə, o və həyat yoldaşına ay ərzində öz maddi eytiyaclarına, kommunal xərclərə ümumiyyətlə vəsait qalmır. Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(103)-8698/2020 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli 2(011)-3912/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(102)-3712/21 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli 2(011)-3912/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı isə apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli 2(011)-3912/2020 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Hazırki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında qeyd etmişdir ki, “Apelyasiya instansiyası məhkəməsi isə Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında göstərilən hallar üzrə araşdırma aparmamış, iş materiallarında olan sübutlar üzrə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, cavabdehin himayəsində digər 3 azyaşlı uşağının olmasına, özünün hazırda ailəli olmasına, cavabdehin həmin 3 uşaq və ailəsi qarşısında həm valideyn, həm ailə başçısı kimi öhdəlikləri olmasına, xüsusən digər 3 uşağın valideynlərindən dolanacaq təminatı almaq hüququna malik olmalarına hər hansı münasibət bildirməmiş, cavabdehin bütün uşaqlarının bərabər hüquqlu olmasını nəzərə almamış, maddi hüquq normasını tətbiq edərkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76 və 112-ci maddələrini səhv təfsir etməklə tətbiq etmiş, prosessual hüquq normalarının pozuntusuna yol vermişdir” Məhkəmə kollegiyası bildirir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İşin faktiki hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, hazırki işdən görünür ki, cavabdeh aylıq 2776 manat aylıq əmək haqqı alır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli 2(011)-8674/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh 03.11.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azyaşlı 03.11.2011-ci il təvəllüdlü X4 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqdır. Onun xüsusi qayğıya və baxıma ehtiyacı vardır. Ona görə də alimentin məbləği artırılmalıdır. Alimentin məbləğinin müəyyən edilməsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. İddiaçı öz iddia tələbində 03 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməsini xahiş etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-ci il tarixli Qərarında göstərilir ki, ailə qanunvericiliyi tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: 1) tərəflərin maddi və ailə vəziyyəti; 2) diqqətəlayiq digər hallar; 3) uşağın əvvəlki təminatının səviyyəsi. Həmçinin, Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd olunmuşdur ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Hazırki iş materiallarından görünür ki, Cavabdeh digər nikahdan 3 uşağı var- 30.07.2010-ciil təvəllüdlü X9,16.07.2012-ci il təvəllüdlü X6 və X7. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsinin tutulması cavabdehin özünün və uşaqlarının təminatının aşağı düşməsimə səbəb olur. Bundan başqa məhkəmə iclasında İddiaçı cavabdehin başqa gəlirləri olduğunu bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş və sübutetmə yükünü həyata keçirə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, 03 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsini rəhbər tutaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3912/2020 saylı mülki iş üzrə qəbul etdiyi 16.09.2020-ci il tarixli qətnaməsi hissəsində dəyişdirilsin. İddia qismən edilsin. 03 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin və alimentin yeni qaydada tutulma vaxtı hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar