Məhkəmə qərarları › İş №2(103)-8270/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8270/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8270/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, e-2(011)-5045/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 682,77 manat əsas, 198,69 manat faiz, 799,93 manat cərimə borcu, 97,65 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 1779,04 manat borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh illik 28 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmiş və Zamin tərəfindən həmin tarixli zaminlik müqaviləsi ilə borcun ödənilməsinə təminat verilmişdir. Buna baxmayaraq, borclu öhdəliyini lazımi qaydada icra etməmiş və tələbdə qeyd olunan məbləğlərdə borcu qalmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, e-2(011)- 5045/2020 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) Cavabdeh 682.77 manat əsas, 198.69 manat faiz, 30 manat cərimə borcu və 97.65 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 1009,11 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir Cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunun hissəsində ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini, tərəfindən borcun çox hissəsinin ödənilməsinə baxmayaraq, iddiaçı tərəfindən borc məbləğlərinin şişirdilməsi, maddi vəziyyətinin ağırlaşması ilə əlaqədar bir müddət öhdəliyini icra edə bilməməsi, restrukturizasiyaya qədər borc öhdəliyinin ümumilikdə 985,07 manat təşkil etməsi, onun 302,30 manatından azad olması, qalıq borcun ödənilməsi ilə bağlı müraciətinin isə cavabsız qalması, iddiaçı tərəfindən pretenziya qaydasına riayət olunmaması ilə əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia Cavabdeh (bundan sonra, cavabdeh) münasibətdə qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini, izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən QSC “Bank Standard” KB ilə kredit alan Cavabdeh arasında bağlanmış 01.09.2015-ci il tarixli, 100/01/126846/15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən kredit alana 24 ay illik 28 % dərəcəsilə 5000 manat məbləğində kredit verilmiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Lakin, borclu öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və bank tərəfindən verilmiş 27.08.2021-ci il tarixli maliyyə arayışına əsasən 21.08.2021-ci il tarixə 682,77 manat əsas, 198,69 manat faiz, 799,93 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 97,65 manat olmaqla, cəmi 1779,04 manat borcu qalmışdır. İddiaçı tərəfindən 26.08.2020-ci il tarixli bildirişlə cavabdehə borcun 3 gün müddətinə ödənilməsi, əks halda bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-nin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Cavabdeh, apellyasiya şikayətində kredit müqaviləsi üzrə borcun düzgün hesablanmadığını göstərsə də, bunun nədə ifadə olunması, tərəfindən edilmiş ödənişlərin məbləği ilə tələb olunan borc məbləğləri arasında uyğunsuzluğun olması, müqavilənin restrukturizasiya olunması və s. bu kimi zəruri halları əsaslandırmamışdır. Həmçinin, işdə olan sübutlardan (kredit müqaviləsi, maliyyə arayışı və s.) da kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluq müəyyən olunmamışdır. Belə olan halda, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən tutulan 30 manat cərimə 682,77 manat əsas borca münasibətdə tənasübsüz deyildir (belə olan halda məhkəmə kollegiyası cərimənin azaldılmasını məqsədə müvafiq hesab etmir). Cavabdehin maddi vəziyyəti ilə əlaqədar kredit ödənişlərini vaxtında həyata keçirməməsi halı isə, sonuncunu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etməmir. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya, bu qənaətə gələrkən onu da vurğulayır ki, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən pretenziya qaydasına riayət olunmadığını bildirsə də, iddia ərizəsinə əlavə edilmiş 26.08.2020-ci il tarixli, **********521 bildirişdən və onun çatdırılması barədə 249407 nömrəli qəbzdən görünür ki, bank tərəfindən borcluya borcunun 3 gün müddətinə ödənilməsi əks halda məsələnin həlli ilə bağlı məhkəməyə müraciət oluncağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələri üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, e-2(011)-5045/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, e- 2(011)-5045/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar