Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8293/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Bankı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASC–nin xeyrinə əsas borc üzrə 6257.94 AZN, faiz borcu üzrə 768.34 AZN, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 329.41 AZN olmaqla ümumilikdə 7355.69 AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun,habelə 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi 26.04.2021-ci il tarixli məhkəmə iclasında tələbin dəyişdirilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim edərək,cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə 6257.94 AZN, müqavilə müddəti ərzində illik 23 faiz hesablanmaqla faiz borcu üzrə 774.35 AZN, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 516.28 AZN olmaqla ümumilikdə 7542.56 AZN kredit borcunun və 30.40 manat dövlət rüsumu və bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(011)- 545/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 4174.12 manat əsas borc, 9,28 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4183 (dörd min yüz səksən üç) manat 40 (qırx) qəpik borc pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və bank xidmətinə görə 40 qəpik pul məbləği alınaraq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" Bankı ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə əsas borc üzrə 6257.94 (altı min iki yüz əlli yeddi manat 94 qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 774.35 (yeddi yüz yetmiş dörd manat 35 qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 516.28 (beş yüz on altı manat 28 qəpik) manat, cəmi 7542.56 (yeddi min beş yüz qırx iki manat 56 qəpik) manat borcun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini qismən təmin edərkən yalnız 19.03.2021-ci il tarixli 9/5740 saylı ekspert rəyini və ekspertin məhkəmədə verdiyi izahatı əsas götürmüş, iddia tələbini 18.09.2020-ci il tarixinə ekpsert rəyində göstərilən məbləğ həcmində təmin etmişdir. Bildiririk ki, məhkəmə iclası zamanı tərəfimizdən kredit müqaviləsi üzrə borc məbləğinin yenidən hesablanması üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilmiş, lakin vəsatət təmin edilməmişdir. Məhkəməyə sübut qismində təqdim edilən maliyyə arayışı və hesabdan çıxarışda yuxarıda qeyd olunan müqavilə şərtlərinə uyğun olaraq, cərimə borcunun hesablanması, müvafiq tarixlərdə edilən ödənişlərin kredit müqaviləsi üzrə mövcud cərimə borcuna silinməsi öz əksini tapmışdır. Belə ki, nümunə olaraq 04.04.2018, 29.11.2018, 20.12.2018, 29.12.2018, 29.01.2019, 04.02.2019, 28.02.2019 və 05.03.2019-cu il tarixlərində kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmış cərimə borcuna edilmiş silinmələri (1447.91 manat) göstərmək olar ki, həmin silinmələr həm maliyyə arayışında, həm də hesabdan çıxarışda öz əksini tapmışdır. Lakin ekspertiza rəyində həmin ödənişlər müqaviləyə uyğun olaraq cərimə ödənişinə silinmə kimi deyil, əsas və faiz borcuna silinmələr kimi nəzərə alınmışdır. Bu isə rəydə hesablanmış borcla tərəfimizdən təqdim edilən borc məbləği arasında kəskin fərqin yaranmasına gətirib çıxarmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələblərinin tam təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş Cavabdeh2 apellyasiya baxışına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, tərəflərin izahatlarını və çıxışlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 29.08.2014-ci il tarixli 9-29.08.2014-XAT56 saylı təminatlı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 60 ay müddətinə, illik 23% olmaqla 10000 AZN məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.08.2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 9500 AZN məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 29.08.2014-ci il tarixli 9-29.08.2014-XAT56 saylı zaminlik müqaviləsi bağlanmış, zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımaq və borcun özünün malik olduğu pul vəsaitləri,daşınar və daşınmaz əmlak,banklardakı vəsaitləri,qiymətli kağızları və s. hesabına ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 29.08.2014-ci il tarixli 9-29.08.2014-XAT56 saylı zaminlik müqaviləsi bağlanmış,zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri,daşınar və daşınmaz əmlakı,banklardakı vəsaitləri,qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh3 15.05.2020-ci ildə bildiriş göndərilməklə borc məbləğinin 20 gün müddətində ödənilmədiyi halda borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1na və Cavabdeh2 01.06.2020-ci ildə bildiriş göndərilməklə borc məbləğinin 20 gün müddətində ödənilmədiyi halda borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. İş materiallarında olan 18.09.2020-ci il tarixli 1135 saylı maliyyə arayışdan görünür ki, Cavabdeh1 215CRL********** saylı 29.08.2014-ci il tarixli kredit müqaviləsi üzrə 18.09.2020-ci il tarixə 6257.94 AZN ödənilməmiş əsas borc, müqavilə müddətində illik 23% olmaqla ödənilməmiş 768.34 AZN faiz üzrə borc, müqavilə müddətindən sonra illik 5% olmaqla ödənilməmiş 329.41 AZN faiz üzrə borc,cəmi 7355.69 AZN borc məbləği hesablanmışdır. İş materiallarında olan 18.09.2020-ciil tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli, 9/5740 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 krediti üzrəbanka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 29.08.2014-cuil tarixli, 9-29.08.2014- XAT56 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh1 29.08.2019-cu il tarixə illik 23%-lə hesablanmaqla banka olan əsas və faiz borcu 5.623.14 manat məbləğində və 29.08.2019-cu il tarixdən 18.09.2020-ci il tarixə illik 5% -lə hesablanmaqla banka olan əsas və faiz borcu 4.183.40 manat məbləğindəmüəyyən edilir, o cümlədən 29.08.2019-cu il tarixə, əsas borc üzrə 5400,96 manat, faiz borcu üzrə 222,18 manat, 18.09.2020-ci il tarixə əsas borc üzrə 4174,12 manat, illki 5 faiz borcu üzrə 9,28 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən,əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyator cavabdehlərdən tutulan borcun məbləğini mübahisələndirmişdir. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi borc məbləğini müəyyən edərkən işin faktiki hallarına, eləcə də iş üzrə verilmiş ekspert rəyinə əsaslanaraq düzgün nəticəyə gəlmişdir. Həmin ekspert rəyində hər hansı ziddiyyətli məqamlar olmamaqla rəyi şübhə altına əsaslar mövcüd deyildir və iş üzrə mötəbər sübut hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı "xxxx" Bankı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(011)- 545/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8293/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8293/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver