Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8298/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-825/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun yaşayış evinə dəymiş zərərə görə 30.000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən dəymiş zərərə görə 29.346 manatın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın cavabdeh "xxxx" ASC-dən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə təkrar ekspertiza keçirilərək ekspertin müəyyən etdiyi zərər məbləğinə mənzilin müqavilə şərtinə əsasən qismən sığortalı olması şərti tətbiq edilməklə ödənilməli zərərin məbləği müəyyən edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya qaydasında işə baxılarkən iddiaçı və cavabdeh qarşılıqlı razılıq əldə etmiş və ərizələr ilə Məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ərizələrə tərəflərin bağladıqları “Barışıq sazişi” əlavə edilmişdir. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə: 1.Tərəflər hazırki tələb ilə bağlı sığorta ödənişi məbləğinin 13 802, 51 manat olması barədə razılığa gəlmişdir. 2. İddiaçı bu saziş üzrə aşağıdakıları öhdəsinə götürmüşdür: 2.1. bu saziş üzrə sığorta ödənişi məbləğinin 13 802,51 manat olması ilə razılaşır; 3. "xxxx" ASC bu saziş üzrə aşağıdakıları öhdəsinə götürmüşdür: 3.1 bu Saziş üzrə 13 802, 51 manat sığorta ödənişi məbləğinin İddiaçı ödənilməsi ilə razılaşır. 4. Bu Saziş mübahisəyə baxan məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad qəbul edildiyi andan qüvvəyə minir. Barışıq Sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edildikdən sonra tərəflər üçün məcburi xarakter daşımaqla, bu Saziş üzrə öhdəliklərin gələcəkdə icrasını tələb etmək üçün əsas hesab edilir. 5. Bu Sazişdə göstərilən məhkəmə mübahisəsinə dair işin icraatına xitam verilir. Tərəflər bəyan edirlər ki, Barışıq Sazişinin bağlanması ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52,191, 261-262-ci maddələrinin tələbləri onlara izah edilmişdir və bu tələblər onlara məlumdur. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, saziş qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bunları nəzərə alan Məhkəmə, hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: 1.Tərəflər hazırki tələb ilə bağlı sığorta ödənişi məbləğinin 13802,51 manat olması barədə razılığa gəlmişdir.
2. İddiaçı bu saziş üzrə aşağıdakıları öhdəsinə götürmüşdür: 2.1. bu saziş üzrə sığorta ödənişi məbləğinin 13802,51 manat olması ilə razılaşır;
3. "xxxx" ASC bu saziş üzrə aşağıdakıları öhdəsinə götürmüşdür: 3.1. bu Saziş üzrə 13802,51 manat sığorta ödənişi məbləğinin İddiaçı ödənilməsi ilə razılaşır.
4. Bu Saziş mübahisəyə baxan məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad qəbul edildiyi andan qüvvəyə minir. Barışıq Sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edildikdən sonra tərəflər üçün məcburi xarakter daşımaqla, bu Saziş üzrə öhdəliklərin gələcəkdə icrasını tələb etmək üçün əsas hesab edilir.
5. Bu Sazişdə göstərilən məhkəmə mübahisəsinə dair işin icraatına xitam verilir. Tərəflər bəyan edirlər ki, Barışıq Sazişinin bağlanması ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin tələbləri onlara izah edilmişdir və bu tələblər onlara məlumdur. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-825/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov