Məhkəmə qərarları › İş №2(103)-830/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-830/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-830/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə “xxxx” KB ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” KB ASC (bank) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “xxxx” KB ASC-nin xeyrinə xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 129 102 ABŞ dolları əsas, 9855,88 ABŞ dolları faiz, 5704,79 ABŞ dolları cərimə borcu olmaqla cəmi 144 662,67 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 34 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 140 000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 34 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul olunması xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx xxxxxx 2012-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 129 098,24 ABŞ dolları əsas, 2063,22 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 131 661,46 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat pulun əvəzinin Cavabdeh1 “xxxx” X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 nömrəli evin 34 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına Cavabdeh1 “xxxx” X3 Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 140 000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən “xxxx” X3 Səhmdar Cəmiyyətinə olan borca ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda Cavabdeh1 verilməsi qət olunmuşdur. Qətnamədən “xxxx” KB ASC-nin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 34 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin olunmuş, qətnamə mübahisələndirilən qalan hissədə (iddiaçıya münasibətdə) dəyişdirilmən saxlanılmışdır. Sonradan qətnamədən Cavabdeh2 da apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, kredit müqaviləsi üzrə tutulan borcun kreditin götürüldüyü vaxt ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi və borc məbləğlərinin yenidən hesablanması ilə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, iddiaçının nümayəndəsi isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “cəmi 131 661,46 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə tutulması” və “mənzilin hərracda ilkin satış qiymətinin 140 000 manat məbləğində müəyyən edilməsi” hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh (əsas borclu) şikayət verməmiş, iddiaçı bankın əvvəllər vermiş olduğu apellyasiya şikayəti əsasında isə ondan (əsas borcludan) tutulan borcun məbləği ilə bağlı hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alınmalıdr ki, Cavabdeh2 sadəcə ipoteka predmetinə müəyyən hüququ olan şəxsdir və onun şikayətinə əsasən qətnamə əsas borcluya münasibətdə yoxlanıla bilməz. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir. İşin müəyyən olunan hallarına görə, “xxxx” KB ASC və Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə əsas kredit müqaviləsi bağlanaraq ona 60 ay müddətinə 120 000 manat kredit verilməsi razılaşdırılmış, bu müqavilə çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ilə Cavabdeh1 36 ay müddətinə, illik 18%-lə 178 000 ABŞ dolları kredit verilmiş, sonradan müqaviləyə dəyişiklik edilərək kreditin məbləği 1 000 000 manat, müddəti xx.xx.2019-cu il müəyyənləşdirilmiş, kredit öhdəliyinin təminatı olaraq Könül Qyliyevaya məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 34 saylı mənzili ipoteka ilə yüklü olunmuşdur. İşin, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, bank üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 müəyyən olunmuş cədvəl əsasında ödənişləri həyata keçirməmiş və 129 098,24 ABŞ dolları əsas, 2063,22 ABŞ dolları faiz borcu yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və apellyatorun “kredit müqaviləsi üzrə tutulan borcun kreditin götürüldüyü vaxt ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla tutulmalı olduğu” arqumenti əsaslı deyildir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlərin kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməli olduğu, müqavilədə belə şərt olmadıqda, borclunun kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. Bununla belə kollegiya, apellyatorun şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsini əsaslı hesab edir; belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən iddiaçı bankın təklifi əsasında müəyyənləşdirilən qiyməti mübahisələndirildiyindən apellyasiya baxışı zamanı qiymətləndirmə ekspertizası təyin olunmuş və qiymətləndirici rəyi ilə ipoteka predmetinin bazar qiymətinin 165 000 (yüz altmış beş min) manat olması müəyyən edilmişdir. Əmlaka 2013-cü ildə qoyulan likvid qiymətin 140 000 manat olmasını və ötən müddət ərzində əmlak qiymətlərində yüksəlmə tendensiyasının baş verdiyini nəzərə almaqla kollegiya hesab edir ki, qiymətləndiricinin hazırda müəyyənləşdirdiyi qiymətin ilkin satış kimi əsas götürülməsi daha məqsədəuyğundur. Mülki Prosessual Məcəllənin384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalı, iş üzrə keçirilmiş ekspertiza xərci isə tərəflərdən alınaraq müvafiq hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-121/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi “Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 nömrəli evin 34 nömrəli mənzilinin hərracda ilkin satış qiymətinin 140 000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 nömrəli evin 34 nömrəli mənzilinin ilkin satış qiyməti 165 000 (yüz altmış beş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (yüz) manatı ondan, 100 (yüz) manatı isə “xxxx” KB ASC-dən alınaraq “X4” MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ38ATAZ********************, “xxxx” ASC-nin Nəsimi filialı) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar