Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-830/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(007)-1352/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 02 mart 2020-ci il tarixli 01/2102/DİK nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 23 %, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmiş, sonuncu həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında, hər ayın 2-dən gec olmayaraq hər ay 785,60 manat, sonuncu ay 785,55 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 mart 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən sonuncu həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
3. Hesabdan çıxarışdan görünür ki, borclu Cavabdeh2 sonuncu dəfə 31 mart 2023cü il tarixdə 137,92 manat ödəniş etmişdir.
4. İddiaçı ASC-nin cavabdehlərə ünvanlandığı 09 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 31 yanvar 2024-cü il tarixə banka 10737,92 manat əsas, 6257,23 manat faiz, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1043 manat borcu qalmış, tələb edilən 18038,15 manat borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
5. 09 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 02 mart 2020-ci il tarixli 01/2102/DİK nömrəli kredit müqaviləsi üzrə 31 yanvar 2024- cü il tarixə banka 10737,92 manat əsas, 6257,23 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 1043 manat faiz cəmi 18038,15 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
6. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi məhkəməyə müraciət edərək, cəmi 18038,15 manat borc olmaqla – bundan 10737,92 manat əsas, 6257,23 manat faiz, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1043 manat faiz borcunun və iş üzrə ödənilmiş 144,12 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia qətnamənin 1-5-ci bəndlərində göstərilən işin halları ilə əsaslandırılmışdır.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2024-cü il tarixli, 9/5424 nömrəli ekspert rəyindən görünür ki, 09 fevral 2024-cü il tarixə 10737,92 manat əsas, 3356,42 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 1178,45 manat illik 5% borcu müəyyən edilmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(007)- 1352/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq Cavabdeh2 10737,92 manat əsas, 3356,42 manat faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1043 manat faiz, cəmi 15137,13 manat məbləğində kredit borcu və 120,94 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
10. Qətnamənin əsaslarına görə Cavabdeh2 müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 421.2, 442, 448, 470, 472, 477, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh2qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şikayətin dəlillərinə görə, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası yenidən təyin olunmalı və məbləğlərin düzgünlüyü araşdırılmalı idi, lakin bu proses aparılmayıb. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyi icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin bağlanması zamanı mövcud olan və tərəflərin əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişmişsə və müqavilədə bu barədə xüsusi bir qayda nəzərdə tutulmayıbsa, müqavilə ya dəyişdirilə, ya da ləğv edilə bilər. Cavabdeh2 kredit öhdəliklərinin yerinə yetirilməsi zamanı yaranmış şəraitdə, xüsusilə COVİD-19 pandemiyası kimi fövqəladə hallarda iqtisadi vəziyyətinin dəyişməsi müqavilə şərtlərinin ədalətli şəkildə yenidən qiymətləndirilməsi üçün əsasdır. Bankın istehlakçı kimi Cavabdeh2 müqavilə ilə nəzərdə tutulmamış əlavə ödəniş və faiz tələb etməsi istehlakçının hüquqlarını müdafiə edən hüquqi prinsipləri pozur. Mülki Məcəllənin 746-5-ci maddəsinin tələbinə əsasən, istehlakçıya müqavilədə qeyd olunmamış əlavə ödənişlərin tətbiqi yolverilməzdir. Bank müqaviləyə uyğun olmayan, ziddiyyətli və qeyri-müəyyən şərtləri tətbiq edərək istehlakçı hüquqlarını pozmuşdur. Eyni zamanda, 746-5.2-ci maddəyə əsasən, müqavilədə gecikməyə görə faizlərin maksimal həddi aşıldığı halda əlavə dəbbə pulu tələb edilə bilməz. Həmin Məcəllənin 746-5.4-cü bəndinə əsasən, müqavilədə hər hansı ziddiyyət və qeyri-müəyyənliklər olduğu halda, onlar istehlakçının xeyrinə şərh edilməlidir. Bankın ədalətli yanaşma prinsipinə əməl etməyərək yüksək faizlər və əlavə ödəmə tələbləri irəli sürməsi, müqavilənin mütənasiblik prinsipinə uyğun olmadığını göstərir. Cavabdeh2 gəlirlərindəki kəskin azalma və iş yerinin itirilməsi, ödəmə qabiliyyətinin müvəqqəti və ciddi şəkildə zəiflədiyini göstərir. Bankın borcluya qarşı iqtisadi olaraq uyğunlaşdırılmamış tələblər irəli sürməsi və əlavə faizlər tətbiq etməsi müqavilənin balanslı şəkildə icra edilməməsi anlamına gəlir. Hal-hazırda qətnamədə göstərilən borc məbləği Banka olan real borcumuzla uyğun gəlmir. Mənim tərəfimizdən hər ay ödənişlər həyata keçirilmiş və əsas borcun böyük bir hissəsi artıq ödənilmişdir. Buna baxmayaraq, Bank qanunsuz olaraq həmin ödənişləri faiz borcuna silmiş və bu səbəbdən ödənilmiş məbləğlər borc məbləğini azaltmaq əvəzinə borcun yığılmasına səbəb olmuşdur. Bu cür mübahisəli hesablamaların dəqiqləşdirilməsi üçün yenidən ekspertiza keçirilməlidir. Əlavə olaraq, məhkəmə qərarında ümumi iqtisadi vəziyyət və bankın artan faiz tələbləri nəzərə alınmamışdır. Bank ödənişləri əsassız olaraq artan faizlərə aid etməklə, borcun şişirdilmiş şəkildə hesablanmasına səbəb olmuşdur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə şərtlərinə dair müvafiq müddəalarına ziddir. Bank, ekspert rəyinin əldə edilməsindən sonra məhkəməyə əlavə tələblər irəli sürərək məhkəmənin obyektivliyinə təsir göstərməyə çalışmışdır. Hakim isə bu əsassız tələbləri qəbul edərək cavabdeh üzərinə qanunsuz faiz borcunu əlavə etmişdir. Bu faktlar göstərir ki, işdə mövcud olan əsas halların tam və obyektiv şəkildə araşdırılmaması nəticəsində qeyri-qanuni və qeyri-ədalətli qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsi, iddiaçı bank tərəfindən ödənişlərin borcun faiz hissəsinə silinməsi ilə bağlı təqdim olunan hesablamaların əsaslandırılmasını, həmçinin bu əməliyyatların qanuniliyi və müvafiqliyini düzgün qiymətləndirməmişdir. Bankın təqdim etdiyi sənədlərdəki hesablamalar mübahisəlidir və borcun şişirdilməsinə səbəb olan faiz hesablamalarının qanuni əsası tam olaraq sübut edilməmişdir. Bu kimi əsaslı şübhələrin dəqiqləşdirilməsi üçün iş üzrə yenidən və müstəqil ekspertiza keçirilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin yalnız iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. Apellyasiya şikayətinin əsas dəlilini borcun düzgün hesablanmaması və birinci instansiya məhkəməsinin yenidən ekspertiza təyin etməməsi təşkil edir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən borcun məbləği ilə bağlı ekspertiza keçirilmiş və gəlinən nəticə də ekspert rəyinə uyğun olmuşdur. Apellyator ekspert rəyi ilə razılaqmadığını ümumi sözlərlə qeyd etsə də, bu istiqamətdə heç bir əsaslandırma aparmamışdır.
22. Şikayətin COVİD-19 pandemiyası kimi fövqəladə hallarda iqtisadi vəziyyətinin dəyişməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kredit sahibkarlın məqsədi ilə deyil, şəxsi istehlak məqsədilə götürülmüşdur, müqavilənin tarixi pandemiyanın başlandığı aya – 2020-ci ilin mart ayına təsadüf edir və aparılmış ödənişlərin əksəriyyəti də məhz pandemiya müddətində aparılmışdır, yəni, müqavilə üzrə öhdəliklərin icra edilməməsinin hansı səbəbdən bu dəlillə əsaslandırılmasının mahiyyəti aydın deyildir.
23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(007)- 1352/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(007)- 1352/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev