Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-831/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, iddia müddəti, iddia müddətinin axımının kəsilməsi, iddianın baxılmamış saxlanılması zamanı iddia müddətinin hesablanması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı BOKT QSC-nin nümayəndəsi X2 Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" ASC-nin “Sənaye” filialı (bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01315 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh nəqliyyat vasitəsinin alınması üçün 60 ay müddətinə, illik 18% ödəməsi şərtilə 33 670 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə xx.xx.2018-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin kredit müqaviləsi üzrə Cavabdeh kredit öhdəliklərinin təminatı qismində onun mülkiyyətində olan “Hyundai Santa FE” markalı ** ST *** dövlət nömrə nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, xx.xx.2015-ci il tarixdə İddiaçı QSC-nin nizamnaməsinə “Fərmanda nəzərdə tutulmuş aktivlərin Kredit Təşkilatı tərəfindən alınması və idarə olunması ilə bağlı qərarları Nizamnaməyə uyğun olaraq Kredit Təşkilatının Səhmdarlarının Ümumi Yığıncağı, Müşahidə Şurası, Təftiş Komissiyası və İdarə Heyəti qəbul edir. Həmin aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeleyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsi ilə həyata keçirilir” məzmununda 2.5-ci bənd əlavə edilmişdir.
4. “X5 Edilməsi Agentliyi” (BAİEA) MMC-nin Nizamnaməsinə görə MMC, Fərmanla İddiaçı QSC-yə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədi ilə yaradılmışdır, onun təsisçisi İddiaçı QSC-dir, cəmiyyət müstəqil balansa, kredit təşkilatlarında cari və hesablaşma hesabına, habelə digər hesablara, möhürə, müvafiq ştamplara və blanklara malikdir, öz adından müqavilələr bağlayır, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edir və vəzifələr daşıyır, məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış edir, öz öhdəliklərinə görə bütün əmlakı ilə məsuliyyət daşıyır, tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklər istisna olmaqla, cəmiyyət dövlətin, dövlət isə cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımır.
5. "xxxx" MMC-nin Nizamnaməsinin 3-cü bəndinə əsasən, cəmiyyətin əsas məqsədi Fərmanın icrasını təmin etmək məqsədilə Fərmanın 1-ci hissəsinə uyğun olaraq İddiaçı QSC tərəfindən alınmış aktivlərin idarə edilməsindən ibarətdir və cəmiyyət aktivlərin idarə edilməsində iştirak edərkən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: … 3.2.2. ödəmə vaxtı keçmiş borcların (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görür.
6. Cavabdeh 25 971,86 ABŞ dolları əsas, 6109,27 ABŞ dolları faiz borcu olmaqla cəmi 32 081,13 ABŞ dolları borcu problemli aktivlərin satın alınması ilə bağlı xx.xx.2017-ci il tarixli akt əsasında "xxxx" ASC-dən İddiaçı QSC-nə keçmişdir.
7. “X5 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01315 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 25 971,86 ABŞ dolları əsas, 6109,27 ABŞ dolları faiz borcu olmaqla cəmi 32 081,13 ABŞ dolları borcun, habelə 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan “Hyundai Santa FE” markalı ** ST *** dövlət nömrə nişanlı avtomobilə tutma yönəldilməsi, avtomobilin açıq hərracda satılması, onun satışından əldə olunmuş məbləğin kredit borcunun ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra qalıq məbləğin Cavabdeh qaytarılması, avtomobilin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada Cavabdeh tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. İddiaçı QSC BOKT-un verdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilən məlumatlara görə, “Hyundai Santa FE” markalı ** ST *** dövlət nömrə nişanlı avtomobil qətnamənin çıxarılmasından sonra satılmış və əldə olunan 5618,96 ABŞ dolları xx.xx.2019-cu il tarixdə Cavabdeh 25 971,86 ABŞ dolları əsas kredit borcunun ödənilməsinə yönəldilmişdir.
9. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, qətnamə ləğv edilərək “X5 Edilməsi Agentliyi” MMC-nin iddia ərizəsi baxılmamış saxlanılmışdır.
10. İddiaçı QSC BOKT-un Cavabdeh mülkiyyətində olan “Hyundai Santa FE” markalı ** ST *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması məzmunlu müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə dövlət rüsumunun ödənilməməsi əsas göstərilməklə geri qaytarılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı QSC BOKT Cavabdeh qarşı 25 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən əsas borc üzrə 20 352,90 (iyirmi min üç yüz əlli iki ABŞ dolları, doxsan sent) ABŞ dolları, faiz borcu üzrə 6109,27 (altı min yüz doqquz ABŞ dolları, iyirmi yeddi sent) ABŞ dolları olmaqla cəmi 26 462,17 (iyirmi altı min dörd yüz altımış iki ABŞ dolları, on yeddi sent) ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin 224,96 (iki yüz iyirmi dörd manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun BOKT-un xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsi”nə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, İddiaçı QSC ilə “X5 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X5 Edilməsi Agentliyi” MMC həyata keçirməyə başlamışdır. Qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK 1680 saylı 13 dekabr 2017ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-nə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında nəqliyyat vasitəsinin alınması məqsədilə xx.xx.2013-cü il tarixdə 01315 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə 60 ay müddətinə 33 670,00 (otuz üç min altı yüz yetmiş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə görə, kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bənd) Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə əsas borc üzrə 20 352,90 (iyirmi min üç yüz əlli iki ABŞ dolları, doxsan sent) ABŞ dolları, faiz borcu üzrə 6109,27 (altı min yüz doqquz ABŞ dolları, iyirmi yeddi sent) ABŞ dolları olmaqla cəmi 26 462,17 (iyirmi altı min dörd yüz altımış iki ABŞ dolları, on yeddi sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh qeyd olunan öhdəliyi vaxtında icra etmədiyi üçün İddiaçı QSC-nin adından çıxış edən “X5 Edilməsi Agentliyi” MMC tərəfindən 01 fevral 2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət olunmuş, həmin məhkəmənin 11 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Yasamal Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka premetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi dövlət rüsumunun az ödənilməsi səbəbi ilə geri qaytarılmışdır. Bu baxımdan, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülməmişdir.
13. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il nəzərdə tutulduğundan iddiaçı iddia müddətini buraxmışdır.
14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
15. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 36 aydan artıq müddət keçdikdən sonra müraciət etmiş, beləliklə qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. ...İddiaçının nümayəndəsinin dəlillərini məhkəmə əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh qarşı hazırki iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə buna səlahiyyəti olan hazırki iddiaçı - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti deyil, “X5 Edilməsi Agentliyi” MMC müraciət etdiyindən həmin iş üzrə qəbul olunmuş qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra isə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsi üzrə dövlət rüsumu ödənilmədiyindən məhkəmənin 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata götürülməyərək geri qaytarılmışdır. Bu hal isə ona dəlalət edir ki, iddiaçının həmin müraciəti müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyünü təsdiq etmir və belə olan halda məhz hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəmyə müraciət edilməsi iddia müddətinin keçməsinə dəlalət edən haldır. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsin əsasən rədd edilməlidir.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 425.1-ci, 739.1-ci, 372.1-ci, 372.2-ci, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarlarına istinad etmişdir.
17. Qətnamədən iddiaçı təşkilatın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin müddəalarını düzgün tətbiq etməmiş, cavabdehə qarşı əvvəllər qaldırılmış iddianın sonradan baxılmamış saxlanıldığını və sonra yenidən məhkəməyə müraciət edildiyini, cavabdehin sonuncu ödənişinin xx.xx.2016-cı il tarixdə həyata keçirildiyini nəzərə almamışdır. Belə ki, cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki, 6.1. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr üzrə məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğu maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Buna görə də, iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “İddiaçı apellyasiya şikayətinin maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsinə dair öz mövqeyində bildirib ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il taixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli keditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd edək ki. iddiaçının əsas məqsədi həmin Fərmanın icrasını təmin etmək üçün məhkəmə qaydaydasında cavabdehdən əsas borc üzrə 20 352.90 (iyirmi min üç yüz əlli iki ABŞ dolları, doxsan sent) ABŞ dolları, faiz borcu üzrə 6109,27 (altı min yüz doqquz ABŞ dollan, iyirmi yeddi sent) ABŞ dolları olmaqla, cəmi üzrə 26 462,17 (iyirmi altı min dörd yüz altımış iki ABŞ dollan, on yeddi sent) ABŞ dolları mabləğində kredit borcunun alınaraq dövlət büdcəsinə ödəməkdir. Belə olan halda analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edilmədiyindən həmin işlər üzrə zəruri proseduralara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şaxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz malilyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Forman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Apellyatorun bu mövqeyinə etiraz olaraq bildirmək istəyirəm ki, Apellyasiya məhkəməsi tərəfindən 2021-ci ilin aprel ayının 4-ü tarixində Yasamal rayon məhkəməsinin qətnaməsi ləğv edildikdən və iddiaçının iddiası baxılmamış saxlanıldıqdan sonra o, həmin 2021-ci ilin sentyabr ayının sonu, yəni 5 aydan sonra Suraxanı rayon məhkəməsinə həmin iddia tələbi ilə müraciət etmişdir. İddia ərizəsinin məhkəməyə verildiyi gündən 13 gün sonra xx.xx.2021-ci il tarixli qərardadla dövlət rüsumunun az ödəməsi səbəbi ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Bundan sonra isə iddiaçı 13 iyul 2022-ci il tarixdə nöqsanları aradan qaldırdıqdan sonra yenidən Suraxanı rayon məhkəməsinə həmin iddia tələbi ilə müraciət etmişdir, iddiaçı ödədiyi dövlət rüsumunun çatışmayan hissəsin ödəyib yenidən məhkəməyə müraciət etməyə düz 9 ay vaxt sərf etmişdir, iddiaçı Suraxanı rayon məhkəməsinin qərardadi ilə müəyyən edilmiş nöqsanları tez və məsuliyyətlə aradan qaldırıb yenidən məhkəməyə müraciət etmiş olsaydı müddət ötürülməmiş olacaqdır. Belə ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 21 noyabr 2013-cü il tarixli 01315 №-li Kredit Müqaviləsinin 5.3 və 5.4-cü bəndlərindən görünür ki, borc alana verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır və kredit vəsaitindən istifadə müddəti xx.xx.2018-ci il tarixində 12:00 saatda bitir. İddiaçının həmin iddia tələbi ilə məhkəməyə xx.xx.2021-ci il tarixədək müraciət etmək hüququ var idi. Yəni o, birinci dəfə xx.xx.2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinə müraciət edərkən iddia müddətini ötürməmişdir və xx.xx.2021-ci il tarixli qərardadda göstərilmiş nösqsanların aradan qaldırılıb yenidən müraciət etmək üçün onun 1 ay 8 gün vaxtı olmuşdur. O isə həmin hüquqlarını həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdən və intizamlılıqdan kənar çəkildə iddia müddətinin axımına məhəl qoymadan sonuncu iddianı 9 aydan sonra məhkəməyə vermişdir. Beləliklə, apellyatorun öz şikayətində analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edilmədiyindən həmin işlər üzrə zəruri proseduralara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır və Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz kimi ifadələri tamamilə əsassızdır. İddia tələbinə gəldikdə isə onu bildirirəm ki, iddiaçının cavabdehdən pul tələb etməsi əsassızdır və həmin iddianın təmin edilməsi üçün əsas yoxdur. İddiaçı bütün öz iddia ərizələrində qeyd edib ki, cavabdeh bank qarşısında öhdəliklərini bu günəkimi lazımınca yerinə yetirməmişdir. Hal bu ki. cavabdeh kreditin götürüldüyü vaxtdan 2015-ci ilin iyun ayınadək kredit üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və bu müddət ərzində bir dəfə də olsun ödənişi gecikdirməmişdir. Sonradan maliyyə çətinlikləri ilə üzləşdiyindən 2016-cı ilin avqust ayınadək gecikdirməklə az miqdarda ödənişlər etmişdir. Cavabdeh həmin kredit üzrə "xxxx" ASC-yə cəmi 17279 ABŞ dolları məbləğində ödəniş etmişdir. Baş vermiş maliyyə çətinliyi ilə əlaqədar, artıq ödəyici qabiliyyətinin olmadığını nəzərə alıb, ipoteka saxlayanla razılaşıb ipoteka predmeti olan avtomobildən ipoteka saxlayanın xeyrinə imtina etmək qərarına gəlmişdir. Bu razılaşmadan soma cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisində "xxxx" ASC-nin problemli şöbəsinin rəisi olmuş X3 daşınar əmlakına dair sərəncam vermək hüququ ilə baş etibarnamə verməklə ipoteka predmeti olan avtomobili ona təhvil vermişdir. Bundan sonra isə cavabdeh bankla olan problemini həll etmiş kimi davranaraq bir daha banka hər hansı məbləğdə ödəniş etməmişdir. Yalnız 2020-ci ilin sonlarında Yasamal məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar icraçılar tərəfindən onunla əlaqə saxlanıldıqda problemin həll olunmamış qaldığını öyrənib. Bundan sonra xx.xx.2020-ci il tarixdə bundan əwəl verdiyi həmin baş etibarnaməni ləğv etdirib və qətnamədən apellyasiva çikayəti vermişdir. İddiaçı özünün ilk iki iddia tələbində cavabdehdən borcun tutulması ilə yanaşı tutmanın cavabdehin mülkiyyətində olan 90ST844 dövlət qeydiyyat nişanlı, “HYNDAİ SANTA FE” minik markali avtomobilinə yönəldilərək açiq hərracdan satılmasını xahiş etmişdir. Lakin sonuncu iddiasında iddiaçı həmin tələbi iddiasından çıxarmış və yalnız borcun tututlmasını məhkəmədən xahiş etmişdir, iddiaçı həmin sonuncu iddiasında ipoteka predmeti olan avtomobilin adını hallandırmadan, onun nə vaxt və hansı şəraitdə iddiaçıya təhvil verilməsindən, onun satışından əldə edilmiş məbləğdən bir kəlmə də belə yazmayıb. Beləliklə görünən odur ki. cavabdeh ilkin ödəniş kimi ödədiyi 6000 ABŞ dalları və banka kredit ödənişi kimi indiyədək ödədiyi 17279 ABŞ dolları məbləğində pul ödəməsinə baxmayaraq, maliyyə çətinliyinə düşdüyü və krediti qaytara bilmədiyi səbəbindən 39610 ABŞ dollarına aldığı yeni avtomibilini ipoteka saxlayanın xeyrinə imtina etmişdir. Tərəflər arasında bağlanmış 01315№-li xx.xx.2013-cü il tarixli Kredit Müqaviləsinin 4.1-ci bəndində qeyd edilib ki, bu Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipotekadır. Tərəflər arasında bağlanmış 1315№-li, xx.xx.2013-cü il tarixli İpoteka Müqaviləsinin 4-cü bəndində qeyd edilib ki, ipoteka ilə təmin edilmiş öhdəliyin icrası üçün ipoteka verənin ipoteka predmetindən ipoteka saxlayanın xüeyrinə imtina etmək hüququ var. Bu halda tərəflər kredit öhdəliyinin ipoteka predmeti hesabına ödənilməsinə dair razılığa gəlməli və bunu notariat qaydasında rəsmiləşdirməlidirlər. Göründüyü kimi, cavabdeh müqavilə tərəfi olan ‘'Azərbaycan Beynəlxalq Bankı” ASC-nin qarşısında üzərinə götürdüyü bütün öhdəlikləri artıqlaması ilə yerinə yetirib. Odur ki, iddiaçının öz iddia ərizəsində cavabdeh bank qarşısında öhdəliklərini bu günəkimi lazımınca yerinə yetirməmişdir kimi ifadə tamamilə əsassızdır”.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
19. Məhkəmə iclasında iştirak edən iddiaçı təşkilatın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə qarşı yazılı etirazının məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
22. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
23. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
25. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
26. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
28. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
29. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: ...379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə.
30. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
31. Maddə 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.
32. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
33. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
34. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
35. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
36. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
46. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli 01315 nömrəli kredit müqaviləsində kredit vəsaitindən istifadə müddətinin xx.xx.2018-ci il tarixdə bitəcəyi razılaşdırılmış, iddiaçı təşkilatın apellyasiya şikayətində qeyd etməsinə görə, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə həyata keçirilmişdir.
50. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, cavabdehlə bank arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2018-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
53. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir, iddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab olunmalıdır.
54. İddiaçı BOKT Cavabdeh qarşı əvvəllər irəli sürülmüş “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən baxılmamış saxlanıldığını irəli sürsə də, işin hallarından aydın olur ki, həmin tələb səlahiyyətsiz şəxs (qurum) tərəfindən verildiyi üçün baxılmamış saxlanılmışdır.
55. Hazırkı iş üzrə iddia müddətinin kəsilməsinə əsas verən hallar (§ 32) da mövcud deyildir; belə ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə banka sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə həyata keçirilmişdirsə, iddia müddətinin axımı başladıqdan sonra müddəti kəsən etirafedici hərəkət edilməmişdir. BOKT-un adından “X5 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı daha əvvəllər irəli sürdüyü iddia tələbi isə səlahiyyətsiz şəxs (qurum) tərəfindən verildiyindən “müəyyənləşdirilmiş qaydada irəli sürülən iddia” kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, "xxxx" ASC-nin problemli kreditləri üzrə tələb hüququ İddiaçı QSC-yə ötürülmüş, sonuncu da həmin problemli kreditlərin əldə edilməsindən yaranacaq aktivlərin idarə edilməsi məqsədilə "xxxx" MMC-ni təsis etmişdir. Bununla belə sonuncu, müstəqil hüquqi şəxsdir və öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır. Düzdür, "xxxx" MMC-nin nizamnaməsində aktivlərin idarə edilməsi məqsədilə kredit borclarının qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq imkanı ehtiva olunmuşdur, lakin nəzərə almaq lazımdır ki, İddiaçı QSC tərəfindən tələb hüququ "xxxx" MMC-yə ötürülmədiyindən, sonuncu müstəqil şəkildə belə bir hüquqa malik olmamışdır.
56. Kollegiya qeyd edir ki, belə bir imkan xx.xx.2018-ci il tarixədək mümkün olmuşdur; belə ki, həmin tarixədək Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə nəzərdə tutulmuşdur ki, hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. Yəni hüquqi şəxs istənilən hüquqi və ya fiziki şəxsə etibarnamə verməklə həmin şəxs vasitəsilə məhkəmədə təmsil oluna bilərdi. Lakin 31 oktyabr 2017-ci il tarixli Qanunla Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə edilmiş dəyişiklikdən sonra belə imkan aradan qalxmışdır. Qeyd olunan normaya edilmiş dəyişikliyə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
57. Göründüyü kimi, hüquqi şəxsin nümayəndəsi ya qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, ya da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir, ona görə də "xxxx" QSC-nin məhkəmədə nümayəndəsi ola, müvafiq olaraq onun adından iddia verə bilməz.
58. Digər tərəfdən qeyd olunmalıdır ki, işin hallarından adı çəkilən Agentlik tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsində xx.xx.2019-cu il tarixində müvafiq iddia tələbinin irəli sürüldüyü, həmin iddia tələbi üzrə xx.xx.2019-cu il tarixdə qətnamə çıxarıldığı, bu qətnamənin Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixində ləğv edilərək iddianın baxılmamış saxlanıldığı aydın olur; bu isə o deməkdir ki, hətta həmin iddia “müəyyənləşdirilmiş qaydada irəli sürülmüş iddia” kimi qiymətləndirilsə belə, iddia baxılmamış saxlanıldıqdan sonra iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmiş, beləliklə də hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2022-ci il tarixində iddia müddəti ötürülmüş olmuşdur.
59. Peşəkar hüquqşünaslarla təmsil olunan bir kredit təşkilatının ötürdüyü müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə iddia müddətinin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir (§ 35).
60. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
61. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3782/2022 saylı iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən İddiaçı QSC BOKT tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə