Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-831/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(007)-1039/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC tərəfindən Cavabdeh 0064075AZN04275 saylı xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 28%, illik cərimə faizi 180% olmaqla 10.800 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Cavabdeh kredit üzrə öz öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.
2. Kart hesabından görünür ki, Cavabdeh tərəfindən 1.19 manat overdraft edilmişdir.
3. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə olan əsas borcu 4.849,37 manat, faiz borcu 1.685,48 manat, cərimə borcu 17.403,56 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0064075AZN04275 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4.849,37 manat əsas borc, 1.685,49 manat faiz borcu, 15.027,36 manat cərimə borcu olmaqla, cəmi 21.562,22 manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 1,19 manat məbləğində əsas borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 155 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh 0064075AZN04275 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4.849,37 manat əsas borc, 1.685,48 manat faiz borcu, 17.403,56 manat cərimə borcu olmaqla, cəmi 23.938,41 manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 1,19 manat məbləğində əsas borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 162 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-11612İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X7 çərçivəsində 0064075AZN04275 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 28%, illik cərimə faizi 180% olmaqla, 10.800 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 572 gün, kart hesabı üzrə texniki overdraft əməliyyatı üzrə 756 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyi 4.849,37 manat əsas borc, 1.685,49 manat faiz borcu, 15.027,36 manat cərimə borcu olmaqla, cəmi 21.562,22 manat təşkil edir. 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 1,19 manat əsas borc təşkil edir. X3 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X3 Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. X3 5-ci bölməsinin 2.11-ci bəndinə əsasən kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 1039/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən xx.xx.2023-cü il tarixinə əsas borc 7.907,07 manat, faiz borcu 4.200,25 manat müəyyən edilmişdir.
9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 1039/2023 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4.849,37 manat məbləğində əsas, 1.685,48 məbləğində manat faiz, 300 manat məbləğində cərimə, cəmi 6.834,85 manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 1,19 manat məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumu 162 manatın tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə cavabdehdən tutulmalı olan borc məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edildiyini və cavabdehin mənafeyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, tutulmalı əsas və faiz borcunun məbləğini iddia ərizəsində qeyd olunan əsas borc üzrə 4.849,37 manat, faiz borcu üzrə 1.685,48 manat məbləğində müəyyən edilməli, iddia həmin hissədə təmin edilməlidir.
11. Məhkəmə dəbbə puluna münasibətdə nəzərə almışdır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğindən əhəmiyyətli dərəcədə artıq hesablanmışdır.
12. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə 4.849,37 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 17.403,56 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 300 manat müəyyən edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 448.1, 465.1, 466, 467, 739.1, 739.2-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 103.1, 107, 119.1-ci maddələrə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin, borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq məqsədi güdmüşdür. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən 0064075AZN04275 saylı maliyyələşdirmə üçün ərizə üzrə Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı müvafiq olaraq 670 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən 300 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyəti nümayəndəsi X5 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirak olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə iddia qismən təmin olunduğundan və iddiaçı apellyasiya şikayətində qətnaməni cərimə borcu tələbinin təmin edilməyən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 300 manat tutululması, iddia tələbinin cərimə ilə bağlı qalan hissədə təmin edilməməsi barədə qənaətə gəlmişdir.
25. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb olunan cərimə borcunun əsas borca münasibətdə mütənasib olmadığından və faiz məbləğindən əhəmiyyətli dərəcədə artıq hesablandığından onun miqdarını azaltmaqda haqlı olmuşdur.
26. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kreditorun pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə məhkəməyə gec müraciət etməsi də cərimə məbləğinin artması ilə nəticələnmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissəsində ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 1039/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.